Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2021 15:08
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin müəssisələri hesabat verib

Humanitar Elmlər Bölməsinin müəssisələri hesabat verib

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Ümumi yığıncağının humanitar yönümlü elmi tədqiqat müəssisələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Azərbaycan Respublikasında 2021-ci ilin“Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bununla bağlı AMEA-da həyata keçirilən tədbirlər, nəşr olunan kitablar ətrafında ətraflı məlumat verib. Qeyd edib ki, 2021-ci ildə AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri tərəfindən 45 monoqrafiya, 10 jurnal nəşr edilib. Akademikin sözlərinə görə, Nizami Gəncəvinin dünya ədəbiyyatı və ictimai fikrinin inkişafındakı rolunu və Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərini, sənət ideallarını beynəlxalq miqyasda və ölkəmizdə təbliğ etmək üçün ən müasir mövzularda 11 beynəlxalq və 20 respublika elmi konfransı keçirilib, həmçinin mühazirə və seminarlar, dəyirmi masalar və kitab təqdimatları təşkil olunub. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA alimlərinin Azərbaycandan başqa, Türkiyə, Rusiya, Çin Xalq Respublikası, Argentina, Polşa, Bolqarıstan, İordaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstan daxil olmaqla 15 ölkədə 18 dildə kitabları və məqalələri çap olunub. 2021-ci il ərzində Nizami Gəncəvinin həyatı və yaradıcılığı AMEA alimlərinin təqdimatında yerli və xarici KİV-də geniş şəkildə işıqlandırılıb.

Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Sənətkarın elmi pasportu” seriyasından hazırlanıb nəşr edilmiş geniş həcmli “Nizami Gəncəvi: Həyatı və yaradıcılığı” monoqrafiyasını “Nizami Gəncəvi İli”nin ən uğurlu nəşrlərindən biri adlandırıb. O, həmçinin dekabrın 22-də AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli”nin yekunlarına həsr olunmuş ““Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” mövzusunda keçirilmiş Xüsusi iclasını xatırladıb. Bundan əlavə, “Nizami Gəncəvi İli”nin Azərbaycan nizamişünaslığı” kitabının nəşrini dahi şairin 880 illiyinə əhəmiyyətli bir töhfə kimi yüksək qiymətləndirib.

Daha sonra Humanitar Elmlər Bölməsinin Nizami Gəncəvi adına Ədəbiyyat (akademik İsa Həbibbəyli), Nəsimi adına Dilçilik (filologiya elmləri doktoru Nadir Məmmədli), Məhəmməd Füzuli adına Əlyazmalar (akademik Teymur Kərimli), Folklor (akademik Muxtar İmanov), Memarlıq və İncəsənət (AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə) institutlarının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (akademik Rafael Hüseynov) və Hüseyn Cavidin Ev Muzeyinin (filologiya elmləri doktoru Gülbəniz Babaxanlı) hesabatları dinlənilib.

Elmi tədqiqat müəssisələrinin hesabatlarına əsasən, 2020-ci ilin ikinci yarısı və 2021-ci il ərzində Vətən Müharibəsinə və Zəfər bayramına həsr olunmuş 20 kitab və monoqrafiyanın nəşr olunduğu, 20-dən çox tədbirin keçirildiyi bildirilib. Humanitar Elmlər Bölməsinin müəssisələrindən 15 mühüm nəticənin əldə olunduğu, həmçinin aMea-nın tabeçiliyində olmayan 11 elm və təhsil müəssisəsi tərəfindən mühüm nəticələrin təqdim edildiyi vurğulanıb.

İclasda, o cümlədən Əlyazmalar İnstitutunda yeni yaradılmış Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin fəaliyyəti ilə əlaqədar müəssisənin strukturunda dəyişiklik edilməsinə və filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevanın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Sonda Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin hesabatları ilə bağlı müzakirələr aparılıb, elmi müəssisələrə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: