Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.12.2021 17:14
  • A-
  • A
  • A+

FRTEB-in Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib

FRTEB-in Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, FRTEB-in elmi müəssisələrinin baş direktorları və icraçı direktorları, elmi katibləri, Təhsil, İctimaiyyətlə əlaqələr və Beynəlxalq əlaqələr şöbələrinin müdirləri, eyni zamanda mühüm elmi nəticə müəllifləri iştirak ediblər.

Öncə AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə FRTEB-in alim və mütəxəssislərinin təbriklərini səsləndirib. “Əsası Ümummili Lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkəmizin həm regional, həm də qlobal səviyyədə inkişafına zəmin yaradan mühüm nailiyyətlər onun siyasi məktəbinin layiqli davamçısı, beynəlxalq miqyasda böyük nüfuza malik Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir”, - deyə akademik diqqətə çatdırıb. Möhtərəm Prezidentin ölkəmizin ərazi bütövlüyünün bərpası, xalqımıza şanlı qələbə sevincinin bəxş edilməsi, regionda və dünyada dövlətimizin mövqeyinin və nüfuzunun gücləndirilməsi istiqamətində apardığı çoxşaxəli, ardıcıl və taleyüklü siyasətdən danışıb. Akademik Rasim Əliquliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritetlərindən birini milli sərvətimizin ayrılmaz tərkib hissəsi olan elmi potensialın gücləndirilməsi, ölkəmizdə yüksək texnologiyalara əsaslanan biliklər cəmiyyətinin qurulması təşkil edir. FRTEB-in alim və mütəxəssislərinin xoş arzu və diləklərini izhar edən Rasim Əliquliyev “Cənab Prezidenti yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, Azərbaycanımızın çiçəklənməsi naminə taleyüklü fəaliyyətində uğurlar arzu edirik”, - deyə vurğulayıb.

Onlayn iclasda AMEA-nın Fizika, Radiasiya Problemləri (RPİ) institutlarının və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2021-ci  ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatları müzakirə olunub.

Fizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verən AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov bildirib ki, institutda tədqiqatlar, əsasən üç istiqamət üzrə aparılıb və cari ildə 29 mühüm nəticə əldə olunub. Həmçinin institut əməkdaşlarının yüksək impakt faktorlu məcmuələrdə 132 məqaləsi işıq üzü görüb. Hesabat ili ərzində alimlərimizin məqalələrinə, ümumilikdə 6909 istinad olub. Bu da 2020-ci illə müqayisədə 1242 istinad çoxdur. Alim Azərbaycan Respublikasının Prezidentinin Fərman və sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin icra vəziyyətindən danışıb.

Sonra ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə “yaşıl” cəmiyyətin formalaşdırılması, innovativ ekosistemin yaradılması, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, həmin ərazilərin “yaşıl” enerji zonasına çevrilməsi istiqamətində qarşıda duran prioritet vəzifələrin icrası barədə də məlumat verib. Fizik alimlərimizin hesabat ili ərzində qazandıqları respublika və beynəlxalq qrantlardan söz açan baş direktor bildirib ki, müəssisənin alimləri Azərbaycan Respublikasının 4 patentini alıblar. O, son 21 il (2000-2021) ərzində institut əməkdaşlarının işıq üzü görən məqalə, monoqrafiya, dərslik, dərs vəsaiti və digər çap əsərlərinin kəmiyyət və keyfiyyətində müşahidə edilən artım dinamikasını diqqətə çatdırıb. Arif Həşimov, həmçinin rəhbərlik etdiyi elmi müəssisənin Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər xarici ölkələrin elmi tədqiqat mərkəzləri ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq, magistratura və doktorantura pilləsi üzrə aparılan kadr hazırlığı məsələlərinə, institutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətinə toxunub.

Daha sonra AMEA-nın Radiasiya Problemləri İnstitutunun 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatı dinlənilib. İnstitutun əldə etdiyi mühüm elmi nəticələr barədə baş direktor, AMEA-nın müxbir üzvü İslam Mustafayev hesabat verib. Bildirib ki, aparılan elmi tədqiqatlar radiasiya materialşünaslığı, radioekologiya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi, ekoloji təmiz energetika istiqamətlərini əhatə edir. 2021-ci ildə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşlarının yaddaqalan nailiyyətlərindən danışan baş direktor İslam Mustafayev qeyd edib ki, hesabat ilində institutun üç nəfər gənc alimi fizika elmləri doktorları, dosent Sakin Cabarov və dosent Elçin Hüseynovun, eləcə də fizika üzrə fəlsəfə doktoru, dosent Mətləb Mirzəyevin adı ABŞ-ın Stenford Universiteti tərəfindən təqdim edilən dünyanın ən nüfuzlu alimlərinin (ilk 2 %) reytinq qiymətləndirmə siyahısına daxil edilib. Dosent Elçin Hüseynov, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA və ICESCO-nun Zəfər Günü və Dünya Elm Günü münasibətilə keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsində I yerin qalibi olub. İnstitutun mühəndisi və fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Ramin Qəribov 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun sözlərinə görə, institut əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan radiasiya fonu ölçmələrindən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin mütəxəssisləri ilə birgə təşkil olunan ekspedisiyaların əldə etdiyi nəticələrdən bəhs edib. Bildirib ki, adıçəkilən nəticələri İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsində yaradılan Məlumat bazasına daxil etmək üçün hazırlıq işləri aparılır. Hesabat ilində institut əməkdaşları 4 problem üzrə 20 elmi tədqiqat işi yerinə yetiriblər. Eyni zamanda, yüksək impakt faktorlu jurnallarda 53 məqalə dərc edilib. Alimlərimizin əsərlərinə, ümumilikdə 3503 istinad olub. Məruzəçi vurğulayıb ki, Radiasiya Problemləri İnstitutu hesabat ilində beynəlxalq əməkdaşlıq fəaliyyətində də mühüm uğurlar qazanıb. Alimlərimiz BMT-nin Avropa İqtisadi Komissiyası, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İsveçrə Əməkdaşlıq Təşkilatı ilə səmərəli görüşlər keçiriblər. Bundan başqa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA, Vyana şəhəri) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu kimi aparıcı elmi mərkəzlərlə, kanadalı, çexiyalı və türkiyəli həmkarları ilə beynəlxalq səviyyəli tədqiqatlar aparıblar. Bir neçə gənc alim Avropanın nüfuzlu elm və təhsil mərkəzlərində doktorantura təhsilini davam etdiriblər. Baş direktor qrantlara əsasən görülən işlər, elektron elmin vəziyyəti, fundamental elmlə təhsilin əlaqəsi, innovasiya və nəşriyyat fəaliyyəti, kadr hazırlığı istiqamətində əldə edilmiş nəticələrdən də bəhs edib.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov təqdim edib. O bildirib ki, rəhbərlik etdiyi müəssisədə 8 mövzu üzrə aparılan tədqiqatlar yekunlaşdırılıb. 2021-ci ildə astrofizik alimlərimizin “Web of Science” və “Scopus” beynəlxalq elmi bazasında indeksləşən jurnallarda 6 məqaləsi işıq üzü görüb. Eyni zamanda ŞAR-ın əməkdaşlarının məqalələrinə 100-dən çox istinad olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Fərman və sərəncamlarının, eləcə də Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyətinin və FRTEB-in Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin icra vəziyyətindən danışıb. Onun sözlərinə görə, ŞAR-da görkəmli elm xadimi, AMEA-nın Fəxri üzvü, dünya şöhrətli alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş konfrans, həmçinin akademik Hacıbəy Sultanovun 100 illik yubileyinə həsr olunmuş “Günəş sistemi cisimlərinin fizika və dinamikasının tədqiqində müasir istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirilib. “Nizami Gəncəvi ili” çərçivəsində ŞAR-da FRTEB-in, Humanitar və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığında riyazi-astronomik baxış” mövzusunda VIII “Fizika və lirika” konfransı, eləcə də Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialı ilə birlikdə “Nizami Gəncəvi yaradıcılığında kosmopoloji modellər“ mövzusunda elmi-praktiki konfrans keçirilib. Bundan başqa, 9-11-ci sinif şagirdləri üçün keçirilən Respublika Astronomiya olimpiadasının 5 nəfər qalibi bu ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilmiş XIV Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil ediblər. “ƏMANƏT” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və ŞAR ilə əməkdaşlığı çərçivəsində Vətən müharibəsinin şəhid və qazi ailələrinin övladları üçün yay düşərgəsi təşkil edilib. Namiq Cəlilov beynəlxalq əməkdaşlıq istiqamətində Avropa Birliyinin “HORİZON-2020” meqaqrantı çərçivəsində, eləcə də GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə GRANDMA beynəlxalq layihəsi əsasında görülən işlərdən, Beynəlxalq Astronomiya İttifaqı, İsrail, Bolqarıstan, Almaniya, Belçika, Rusiya və Ukraynanın aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən tədqiqatlardan danışıb. Baş direktor diqqətə çatdırıb ki, ŞAR-ın elmi işçisi Famil Mustafa NASA - ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi tərəfindən hər il keçirilən ənənəvi “Bu günün alimi” müsabiqəsinin regional, Beynəlxalq Astronomiya İttifaqının astronomiya təhsili üzrə ölkə koordinatoru, eləcə də Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edən milli komandanın həmrəhbəridir.

Onlayn iclasda ŞAR-da elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr hazırlığının cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən “Vikipediya” elektron ensiklopediyasında fəaliyyət istiqamətində əldə edilmiş nailiyyətlər haqqında da məlumat verilib. ŞAR əməkdaşlarının hesabat ilində layiq görüldükləri təltif və mükafatlara gəlincə, 44 günlük Vətən müharibəsində ön cəbhədə döyüşlərdə iştirak etmiş Rəsədxana əməkdaşı Fuad Cəlilov Prezidentin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov qələbənin əldə edilməsi naminə arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərdə xüsusi fəallığına görə AMEA-nın Fəxri fərmanları ilə təltif olunub. İcraçı direktor professor Nəriman İsmayılov, şöbə müdiri dosent Canməmməd Rüstəmov, şöbə müdiri vəzifəsini icra edən astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adıgözəlzadə və elmi işçi Əminə Hümbətova FRTEB-in Fəxri fərmanlarına, Həmkarlar təşkilatının sədri Famil Mustafa “Azərbaycan Həmkarlar İttifaqları – 115 il” yubiley döş nişanına layiq görülüblər.

Onlayn iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev ölkəmizdə aparılan innovativ islahatları, “yaşıl cəmiyyət”in formalaşdırılmasını, innovativ ekosistemin yaradılmasını, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsini, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrasını, IV Sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən kiberfiziki sistemlərin intellektuallaşması, mikroelektronika, bərpa olunan enerji mənbələri, radiasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də astrofiziki tədqiqatlarda süni intellekt texnologiyalarından istifadə olunması ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Hesabat məruzələrinin ətrafında aparılan müzakirələrdə akademiklər Fikrət Əliyev, Cavad Abdinov, Adil Qəribov, Yusif Məmmədov, AMEA-nın müxbir üzvləri Afiq Həsənov, Vəli Hüseynov, Vaqif Quliyev, Oktay Qasımov, Oqtay Səmədov, Ramiz Alıquliyev, professor Elimxan Cəfərov yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı Fizika və Radiasiya Problemləri institutlarının, Şamaxı Astrofizika Rəsədxanasının 2021-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatları qəbul olunub, AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: