Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.12.2021 17:12
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Koreya beynəlxalq konfransında iştirak ediblər

Azərbaycanlı alimlər Koreya beynəlxalq konfransında iştirak ediblər

Koreyanın Beynəlxalq Dil və Ədəbiyyat İnstitutu “Mədəni irslərin araşdırılması” mövzusunda beynəlxalq konfrans keçirib.

Konfransda Azərbaycanın və Koreyanın tanınmış alimləri iştirak edib və məruzələr oxuyublar. Koreya tərəfdən beş, Azərbaycanda isə iki məruzə oxunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Sovet rejiminin Azərbaycan ədəbiyyatına təsiri və bədii düşüncənin repressiyası” mövzusunda məruzə edib. Çıxış ətrafında geniş fikir mübadiləsi aparılıb, rejim tərəfindən nəzarət mexanizminin ədəbiyyatdakı fəsadlarının yolverilməz olduğu vurğulanıb. Məruzələr ətrafında Sunq Kyunqvan Universitetinin professoru Nam Qunq Conq və Sinhan Universitetinin professoru Nam Yonq Ho və başqaları müzakirələr aparıb.

Konfransda Koreya Kyunqi Universitetinin professoru Kim Cunq Qi “Poçon şəhərinə köçün sosial və mədəni aspektlərinin inkişafı”, Qanqvon Universitetinin professoru Çve Myonq Hvan “Kənd yerlərindəki folklor yazıları və istifadələri”, Azərbaycandan olan Seul İnha Universitetinin doktorantı Leyla Məsimlinin “Müstəqillik dövründə ümumi təhsil və müəllim hazırlığı”, Koreya Yonseyi Universitetinin doktorantı Bac Cun Yonqun “Koreya dili kurrikulumunda dialektlərin nəzərə alınması ilə bağlı təhsilin məzmunu” və başqaları məruzələr ediblər.

Beynəlxalq konfransda oxunan məruzələrin materialları 2022-ci ilin aprelində nəşr ediləcəkdir. Onu da qeyd etmək lazımdır ki, Beynəlxalq Dil və Ədəbiyyat İnstitutunun ildə üç dəfə nəşr edilən “Elmi məqalələr” toplusunun növbəti sayı Azərbaycana həsr olunacaq və burada Azərbaycandan 5 məqalə yer alacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: