Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.12.2021 17:09
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyi hesabat verib

Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyi hesabat verib

AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurası ilə birgə iclası keçirilib.

Tədbir Geologiya və Geofizika İnstitutunun və Təbiət Tarixi Muzeyinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr olunub.

İclas Geologiya və Geofizika İnstitutunun il ərzində dünyasını dəyişmiş əməkdaşları - akademik Hətəm Quliyevin, professor Fərid Dadaşovun, fizika-riyaziyyat elmləri doktoru Oqtay Babazadənin, geologiya-mineralogiya üzrə fəlsəfə doktorları Aliyə Babazadənin, Elza Əfəndiyevanın, Solmaz Ağayevanın, Aliyə Əzizbəyovanın və Tamilla Saracalinskayanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayib.

Tədbiri bölmənin Elmi şurasının sədrinin müavini, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb və məruzə üçün sözü Geologiya və Geofizika İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Dadaş Hüseynova verib.

D.Hüseynov məruzədə bildirib ki, ölkə başçısının 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın icrası çərçivəsində müəssisənin əməkdaşları tərəfindən “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət proqramı”nın layihəsi hazırlanıb. Onun sözlərinə görə, sənədin layihəsi AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müəssisələri, həmçinin Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə razılaşdırılıb və yeni təkliflər əlavə edilib. Sözügedən Dövlət Proqramının layihəsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə edilərək 20 noyabr 2020-ci il tarixli Qərarı ilə qəbul edilib. Proqramın layihəsinin təsdiq olunması ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılıb. Natiq, həmçinin bir sıra digər Dövlət proqramlarının icrası ilə bağlı məlumatları da səsləndirib.

D.Hüseynov GGİ-də 2021-ci ildə elmi-tematik plan üzrə tədqiqatların 11 mövzunu və 14 elmi-tədqiqat işini əhatə etməklə 5 problem üzrə aparıldığını diqqətə çatdırıb. Fundamental elmi-tədqiqat işlərindən danışan D.Hüseynov qeyd edib ki, AMEA-nın Geologiya və Geofizika, Coğrafiya, Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Tarix institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin alim və mütəxəssislərinin cəlb olunduğu bir qrup kollektiv tərəfindən “Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770 000) hazırlanaraq çapa təqdim edilib.

Qarabağ ərazisinin geologiyası və geofiziki sahələri (yeni məlumatlar əsasında)” mövzusu üzrə elmi-tədqiqat işlərindən bəhs edən natiq işğaldan azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətinin təftiş edilməsi, təbii ehtiyatlarının qiymətləndirilməsi, müasir texnologiyadan istifadə etməklə geologiya və geofizika istiqamətlərində tədqiqatların 3 elmi-tədqiqat işinin proqramı çərçivəsində aparılmasını vurğulayıb. Eləcə də nəzərə çatdırıb ki, Qarabağın azad edilmiş ərazilərində bu il elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 2 mühüm nəticə alınıb. Belə ki, Cənubi Xəzər hövzəsində akkresiya prizmasının süxur-flüid sisteminin fiziki və izotop-geokimyəvi xassələrinin və termobarik şəraitinin kompleks tədqiqatları əsasında onun məkanca heterogenliyi müəyyən edilib. İkinci isə yeni metodiki yanaşmanın tətbiqi ilə regionun tarixi-təbii irsinin müasir vəziyyətini və inkişaf qanunauyğunluğunu əks etdirən, təbiət elmlərinin müxtəlif sahələri (geologiya, coğrafiya, botanika, zoologiya və s.) üzrə əlavə mətn yüklü tematik xəritələr toplusu şəklində “Qarabağın təbii ehtiyatları Atlası” ilk dəfə hazırlanaraq nəşr edilib.

İnstitutun Beynəlxalq elmi əlaqələri barədə məlumatlar, Geologiya və Geofizika İnstitutu və Massaçusets Texnologiyalar İnstitutunun (ABŞ) birgə səyi nəticəsində yaranan “Yer səthinin müasir geodinamikası və geoloji təhlükələr” beynəlxalq laboratoriyasında (akademik F.Qədirov, prof. R.Reilinger) tədqiqat işlərinin davam etdirilməsi və digər faktlar, imzalanmış memorandum və müqavilələr, qrant layihələrinin icrası, innovasiya xarakterli tədqiqatlar, təsərrüfat müqaviləsi əsasında atılmış addımlar, reallaşmış çöl-tədqiqat işləri iclas iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Hesabat məruzəsində elm və təhsilin inteqrasiyası məsələsinə də xüsusi yer ayrılıb. Bildirilib ki, hazırda institutun doktoranturasında 12 nəfər əyani təhsil alır, onlardan 11-i Geologiya və Geofizika İnstitutunun əməkdaşlarıdır. Gələn il üçün müəssisənin doktoranturasına fəlsəfə doktoru proqramı üzrə 4 əyani yer planlaşdırılıb.

Məruzəçi dissertantura, magistratura, baza kafedrası, kadr hazırlığı, qurumun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti, elektron elmin vəziyyəti, nəşriyyat, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə və geologiya elminin kütləvi təbliği sahəsində görülmüş işlərlə bağlı maraqlı məlumatlar da səsləndirib.

Hesabatda “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc edilmiş məqalələrin siyahısı da iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, sözügedən bazalarda referatlaşan jurnallarda qurumun 20-dən çox aliminin məqaləsi işıq üzü görüb.

Daha sonra Təbiət Tarixi Muzeyinin baş direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariel Eybatov muzeyin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

Hər iki məruzədən sonra suallar cavablandırılıb və hesabatlar ətrafında çıxışlar olub. Akademiklər İbrahim Quliyev, Akif Əlizadə, Əkpər Feyzullayev, Vasif Babazadə, professor Musa Məmmədov və başqaları çıxış edərək hesabatları yüksək qimətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: