Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.01.2022 11:06
  • A-
  • A
  • A+

Folklor İnstitutunda “Əzizə Cəfərzadə-100” mövzusunda elmi sessiya keçirilib

Folklor İnstitutunda “Əzizə Cəfərzadə-100” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Folklor İnstitutunda “Əzizə Cəfərzadə-100” mövzusunda elmi sessiya keçirilib.

Onlayn formatda keçirilən sessiyanı giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar İmanov açıb. Akademik çıxışı zamanı XX əsr Azərbaycan ədəbiyyatında xüsusi çəkisi olan görkəmli yazıçı, folklorşünas alim Əzizə Cəfərzadənin ədəbi irsinə diqqət çəkib, milli ruhlu yazıçı və ədəbiyyatşünasın  pedaqoqluq fəaliyyətinə toxunub, eləcə də onu incəsənətə bağlı yaradıcı insan kimi xarakterizə edib. Akademik Ə.Cəfərzadənin folklorşünaslığımızla bağlı qiymətli məqalələrinin olduğunu  xatırladaraq, onun elmi və bədii yaradıcılığında ana və qadın mövzusunun başlıca yer tutduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra söz məruzəçilərə verilib. İlk məruzəçi f.ü.f.d. Gülsümxanım Hasilova “Əzizə Cəfərzadə və folklor” mövzusunda çıxış edib. O, Əzizə Cəfərzadənin tanınmış yazıçı, alim, gözəl pedaqoq, istedadlı nasir, yüksək intellekt sahibi, səmimi və mehriban xüsusiyyətlərə malik insan olmaqla yanaşı doğma elini-obasını, bölünməz Azərbaycanını sevən bir fədakar şəxs olduğunu vurğulayıb. Məruzəçi bildirib ki,  Ə.Cəfərzadə bütün ruhu ilə folklora bağlı idi. G.Hasilova çıxışı zamanı onun folklorun bağrından qopmuş, mənəvi mayası folklorla tutulmuş bir insan olduğunu xatırladıb və bildirib ki, alimin folklorşünaslıqla bağlı tədqiqatları olduqca müxtəlif və rəngarəngdir. Bayatlılar, lətifələr, laylalar, nəğmələr, nağıllar, dastanlar, aşıq ədəbiyyatı və s. haqqında məqalələri xüsusilə qeyd olunmalıdır. Müəllifin folklorşünaslıqla bağlı axtarışları, adət və ənənələrimiz, Novruz, Qurban kimi milli və dini bayramlarımız, geyim və mətbəx mədəniyyətimiz, etnoqrafik yaddaşımız haqqında məlumat vermək baxımından mühüm əhəmiyyətə malikdir.

Elmi sessiyada “Türk qadınlarında saç düzümünün mifoloji anlamı (“Hun dağı” pyesi əsasında)” adlı məruzə ilə çıxış edən f.e.d., professor Almaz Həsənqızı isə bildirib ki, görkəmli filoloq alim, professor, xalq yazıçısı Əzizə Cəfərzadə Azərbaycan xalqının ən qədim inanc sistemini, mərasim və rituallarını, geyim, süfrə mədəniyyətini, özünəməxsus övlad-valideyn, ailə münasibətlərini, bütövlükdə folklor ənənələrini əsərlərində təbii boyalarla ən çox canlandıranlardandır. Məruzəçi Ə.Cəfərzadəni Azərbaycan tarixini, mədəniyyətini dərindən bilən, yeri gəldikcə, həm söyləyici, həm toplayıcı, həm də tədqiqatçı təpədən dırnağa qədər əsl folklorşünas, həqiqi alim və sağlığında “el anası” adı qazanmış olan yeganə qadın yazıçımız hesab edib. Alimin fikirlərinə görə, Ə.Cəfərzadə elini ürəyinin ən böyük dərdinə çevrilmiş parçalanmış vətəninin hər iki parasını, eləcə də bütün türk dünyasını ürəkdən sevirdi. Bu böyük sevgi bütün əsərlərinin hər bir səhifəsində açıq-aşkar görünməkdədir. Alim çıxışı zamanı yazıçının folklorizmlərin zənginliyi ilə diqqəti çəkən “Hun dağı” povestinə nəzər salıb. O, əsərin sovet hakimiyyəti illərində qələmə alındığını və o dövrdə belə bir mövzuya müraciət etməyin böyük cəsarət tələb etdiyini qeyd edərək, Əzizə Cəfərzadənin, mümkün olduğu qədər, türk etnik mədəniyyətinin unudulmaqda olan məqamlarını əsərində canlandıraraq, onları yenidən həyata qaytarmağa çalışdığını diqqətə çatdırıb.

Tədbirdə f.ü.f.d., dos. Elçin Abbasov isə “Anamın nağılları”ında folklor obrazları” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışı zamanı “Anamın nağılları”nın daha çox tarix, keçmiş, konkret tarixi hadisələr olduğunu qeyd edib və topludakı hekayələrin istər tematik, istərsə də forma müxtəlifliyinə görə bir-birindən fərqləndiyini diqqətə çatdırıb. Alim çıxışının sonunda Ə.Cəfərzadənin folklor sahəsində apardığı araşdırmalar nəticəsində bu nağılların meydana çıxdığını vurğulayıb.

Sonra “Əzizə Cəfərzadə araşdırmalarında qadın aşıqları” mövzusunda çıxış edən f.ü.f.d., dosent Ağaverdi Xəlil  bildirib ki, xalq yazıçısı bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib ki, bunlara “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın şair və aşıq qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kimi kitabları aid etmək olar.

“Əzizə Cəfərzadənin “Bakı-1501” əsərində türk dövlətçiliyi qavramı” mövzusunda məruzə edən f.ü.f.d., dosent Atif İslamzadə çıxışı zamanı Əzizə Cəfərzadənin görkəmli alim, şöhrətli yazıçı, böyük müəllim olduğunu və bütün fəaliyyətini vətəninə və millətinə fəda etdiyini xatırladıb. Məruzəçi bildirib ki,  Ə.Cəfərzadə hərəkatın ən ağrılı illərində, 90-cı ilin yanvar faciəsində millətin danışan dili olduğunu göstərən vətənsevər ziyalılardan olub.

Yığıncaqda çıxış edən f.ü.f.d., dosent Şakir Albalıyev isə “Üslubunda janr sinkretizmi, təhkiyəsində nağıl şirinliyi olan yazıçımız” mövzusunda çıxış edərək yazıçının əsərlərinin dilinin folklor çaları ilə olduqca zəngin olduğunu diqqətə çatdırıb.

Tədbirdə f.ü.f.d., dosent Səkinə Qaybalıyeva “Əzizə Cəfərzadə folklor toplayıcısı kimi” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, professor Əzizə Cəfərzadə folklorumuzu bütün fəaliyyət tipləri üzrə tədqiqata cəlb etmiş görkəmli alimlərimizdən biridir. Onun xüsusilə, Azərbaycan aşıq sənəti, ayrı-ayrı aşıq məktəblərində söyləyici spesifikası, repertuar zənginliyi, xalq mədəniyyətinin daşıyıcısı olan aşıq-söyləyicinin sosial funksiyası, mühiti, dövrü və s. mövzularında yazdığı “Şairnamə və vücudnamələr”, “Şirvan aşıqları və onların yaradıcılığında bəzi məqamlar”, “Avtobioqrafik məhəbbət dastanları” və b. məqalələri diqqəti cəlb edir.

Elmi sessiyanın sonunda Xalq yazıçısı Əzizə Cəfərzadənin varisi Turan İbrahimov söz alaraq Xalq yazıçısının evindəki əşyalarını, kitabxanasını, onun yaradıcılığına dair yeni nəşrləri nümayiş etdirib. T.İbrahimov Ə.Cəfərzadəni yad etdiklərinə görə tədbir təşkilatçılarına və bütün məruzəçilərə dərin təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: