Yanvarın 7-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının 2022-ci ildə ilk iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərinə gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda AMEA Rəyasət Heyətinin 1 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planı”na uyğun olaraq 2022-ci ildə müəssisədə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb və sənəd yekdilliklə qəbul olunub.
Həmçinin institutun “Biotexnologiya” ixtisası üzrə əyani doktorantı Günay Zəkiyevanın Türkiyənin Antalya şəhərində yerləşən Akdeniz Universitetinə, Populyasiya genomiksi laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayevin isə Türkiyənin İstanbul Cərrahpaşa Universitetinə ezam edilməsi və digər təşkilati məsələlər müzakirə edilərək müvafiq qərarlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.