Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2022 11:10
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, 1990-cı il yanvarın 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini bir daha sübut edib. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc və əliyalın əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi qeyd edən İ.Mustafayev vurğulayıb ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa və humanizmə qarşı törədilən cinayətdir.

Daha sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu bildirib. R.Mehdiyeva qeyd edib ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 32 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsindən danışan R.Mehdiyeva vurğulayıb ki, xalqımıza qarşı törədilən bu cinayəti ilk dəfə Ümummilli Lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək dinc əhaliyə qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd atılmış addım kimi pisləmiş, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyərək Sovet hakimiyyətinin qanlı siyasətini ifşa etmişdir. Ümummilli Lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə “Qanlı Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, eyni zamanda, Heydər Əliyev öz quruculuq siyasəti ilə şəhidlərimizin canları uğrunda fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirdi. Bu gün də bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Tədbirdə çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyeva 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələrin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib. Ü.Quliyeva çıxışında qeyd edib ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi və azadlıq uğrunda mübarizə aparan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.

Sonda institutun gənc alimləri Şəhidlər xiyabanını ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: