Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

1990-cı ilin 20 Yanvar hadisələri nəyi dəyişdirdi?
19.01.2022 12:40
  • A-
  • A
  • A+

1990-cı ilin 20 Yanvar hadisələri nəyi dəyişdirdi?

Adətən dünyanın əksər ölkələrində yanvar ayı ağ rənglə simvolizə edilir. Qərənfil isə sevgi rəmzi sayılır. Azərbaycanda bu, belə deyil. Azərbaycanlıların yaddaşında yanvar ayı qırmızı və qara rənglərlə xatırlanır, qərənfil isə matəm rəmzi hesab edilir. Bunun səbəbi 1990-cı il yanvar ayının 20-də əsasən erməni əsgərlərindən komplektləşdirilmiş Sovet İttifaqı hərbi hissələrinin Azərbaycanda dinc əhaliyə, sivil insanlara qarşı törətdikləri qanlı qırğınlardır. Bakıdan başlanan qırğınlar sonradan ölkənin digər şəhərlərində Lənkəran və Neftçalada da davam etmişdi. Sovet ordusu tərəfindən təkcə paytaxt Bakıda azərbaycanlı, rus, yəhudi, tatar və digər millətlərdən olan 131 mülki şəxs öldürülmüş, 744 nəfər xəsarət almış, 841 nəfər sovet təhlükəsizlik orqanları tərəfindən həbs olunmuş, 200 ev, təcili tibbi yardım maşını da daxil olmaqla 80 avtomaşın yandırılmış və dağıdılmışdır.

20 Yanvar hadisələrini törətməklə SSRİ rəhbərliyi Azərbaycanda XX əsrin 70-80-ci illərində başlayan milli azadlıq hərəkatını boğmaq məqsədi güdürdü. Bu dövrdə ittifaqın digər respublikası olan Ermənistan SSR-in Azərbaycana qarşı təcavüzkar hərəkətləri, Azərbaycan ərazilərini qanunsuz və beynəlxalq hüquqa zidd olaraq ələ keçirmək cəhdləri təbii olaraq azərbaycanlıları hiddətləndirirdi. Xalq  SSRİ rəhbərliyindən bunun qarşısının alınmasını gözləyirdi. Lakin sovet rəhbərliyi nəinki bu istiqamətdə addım atmır, gizli şəkildə ermənilərə dəstək verirdi.

Əvvəlcədən planlaşdırılan hadisələrin qanlı ssenari üzrə inkişaf etməsində müxtəlif ölkələrin səssizliyi və müxtəlif qüvvələrinin hər birinin özünəməxsus məqsədlərinin olması da xüsusi rol oynamışdı. Bir sıra Qərb ölkələri baş verən bu cür hadisələrə daha çox SSRİ-ni zəiflətmək və dağıtmaq planının tərkib hissəsi kimi baxırdılar. Hadisələrin guya dini zəmində baş verdiyi barədə məlumatlar yayan sovet rəhbərliyinin məqsədi isə azərbaycanlıların milli azadlıq hərəkatını Avropa və Amerika ölkələrində nüfuzdan salmaq, təhlükəli tendensiya kimi təqdim etmək, beləliklə də milli azadlıq hərəkatını boğmaqdan ibarət idi. Bəzi tədqiqatçıların fikrincə, SSRİ-ni dağıtmaq üçün onun rəhbərliyinə gətirilmiş M.Qorbaçovun niyyətləri daha çirkin və məkrli idi.

1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyi önündə izdiham toplanarkən Heydər Əliyev fövqəladə cəsarət nümunəsi göstərmiş, nümayəndəliyə yola düşmüş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu anti-humanist faciəni qınamışdı.

Təbii ki, tarixin belə böhranlı – kritik məqamlarında xalqın gerçək və yalançı liderləri arasında fərq ortaya çıxır. Həmin ağrılı, acılı günlərdə təkcə ümummilli lider Heydər Əliyev deyil, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fövqəladə cəsarət nümunəsi nümayiş etdirmişdi.

O zaman Bakıda baş verən hadisələrin miqyasını başa düşmək üçün xalqa qarşı əməliyyata cəlb edilmiş hərbi qüvvələrin sayına və tərkibinə diqqət yetirmək kifayətdir. Arxiv sənədlərində bu barədə müxtəlif məlumatlara rast gəlinir. Göstərilir ki, Azərbaycana yeridilən sovet əsgərlərinin sayı artıq yanvarın 19-da 24 min nəfərə çatmışdı. O zaman Kommunist Partiyasi Mərkəzi Komitəsi Siyasi Büro üzvlüyünə namizəd olmuş və hadisələr ərəfəsində Bakıya gəlmiş Yevgeni Primakov müsahibələrindən birində M.Qorbaçovla, hətta Bakıya 35-40 min hərbçinin girəcəyi barədə telefon danışığından bəhs etmişdi. Başqa bir mənbədə göstərilir ki, 1988-ci ildən etibarən vəziyyəti sabitləşdirmək adı ilə faktiki olaraq Bakıda 110 min sovet hərbi kontingenti olduğu halda, əlavə 66 min əsgər və zabit heyəti də Azərbaycana göndərilmişdi.

Başqa bir mənbədə isə qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qırğınların törədilməsinə Pskov, Ryazan və Tula hava desant qüvvələri, o cümlədən 76-cı hava desant diviziyası, 56-cı hava hücum briqadası və 106-cı hərbi desant diviziyası cəlb olunmuşdu. Bakı ətrafında Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi bölgələrin, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hissələrinin 50 mindən çox əsgəri cəmləşmişdi. Bakı buxtası və ona yaxın ərazilər Xəzər Hərbi Donanmasının gəmiləri və katerləri tərəfindən bağlanmışdı.

Bakıda qırğınlar törətməklə Qorbaçov hakimiyyəti SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobud şəkildə pozmuşdu. Bütün baş verən prosesləri, arxiv sənədlərində əksini tapmış məlumatları təhlil edərkən, 20 Yanvar hadisələrini Azərbaycan tarixində qanlı olmaqla yanaşı, həm də şanlı gün hesab etmək mümkündür. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zamana qədər baş verən böhranlı proseslərin ittifaq çərçivəsində həllinə inamı az da olsa qalan xalq azadlıq və müstəqillik yolunu qətiləşdirdi. Məlum olduğu kimi, Sovet İttifaqının mövcudluğu üç əsas təməl prinsipə əsaslanırdı: planlı iqtisadiyyat, kommunizm ideologiyası və xalqlar dostluğu. 20 Yanvar hadisəsi bu prinsiplərə səmimi qəlbdən inanmış azərbaycanlıların belə SSRİ-yə olan inamını sarsıtdı. İlk növbədə xalq ilə SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi arasında uçurum dərinləşdi. Qırğınlardan sonra başlanan 40 günlük elan olunmamış  tətil – fabrik və zavodların işləməməsi vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi.

20 Yanvar hadisələrinə ilk rəsmi hüquqi-siyasi qiymət 1990-cı ilin noyabr ayının 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında verildi. Heydər Əliyev tərəfindən hazırlanan və muxtar respublika  parlamenti tərəfindən qəbul edilən “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” adlı qərarda törədilən qırğınlar Azərbaycan SSR-in suveren hüquqlarına, demokratik proseslərə qəsd, dinc əhaliyə qarşı zorakılıq və təcavüz kimi qiymətləndirilmişdi. Qərarda SSRİ rəhbərliyinin hadisənin törədilməsində böyük günahı olduğu vurğulanmış, günahkarların cinayət məsuliyyətinə cəlb olunması tələb olunmuşdu. 20 yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilməsi qərara alınmış və bu gününü respublika səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikası Ali Sovetindən xahiş edilmişdi.

Beləliklə, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi.

Elnur KƏLBİZADƏ, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: