XX əsrin 80-ci illərinin sonlarından başlanan milli azadlıq hərəkatının müstəqilliyə aparan yolu tariximizin qan yaddaşına əbədi həkk olmuş Qanlı Yanvar faciəsindən keçmişdir.
Yanvar faciəsinə hazırlıq sovet rəhbərliyi tərəfindən planlı şəkildə hazırlanmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da xəbərdarlıq edilmədən Bakı şəhərinə və digər rayonlarımıza yeridilən keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tutmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Mərkəzin güc strukturunun bütün rəhbərləri Bakıya toplaşaraq bu faciənin törədilməsinə rəhbərlik etmişlər. Gözüdönmüş sovet qoşunu yaşlıya, qocaya, uşağa aman vermədən hər kəsi, o cümlədən kömək məqsədilə gələn təcili yardım maşınlarını, yaşayış binalarını da güllə yağışına tutmuşdur. Əliyalın insanların üzərinə tanklarla, müxtəlif texnika və silahlarla gedən sovet qoşunlarının məqsədi Azərbaycan xalqının azadlıq istəyini boğmaq idi.
Bakıda baş verən bu qanlı hadisəyə biganə qala bilməyən ümummilli lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvada SSRİ tərəfindən insanlığa qarşı törədilmiş cinayəti ittiham edərək kəskin etirazını bildirmişdir. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar faciəsi hüquqi müstəvidə öz həllini tapmışdır.
Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. Bu gün müasir Azərbaycan gəncliyinin and yerinə, ziyarətgahına çevrilən Şəhidlər Xiyabanı vətənpərvərlik və milli-mənəvi şüurun formalaşmasında müstəsna rol oynayır.
Müstəqillik dövrünün yetirməsi olan, milli ruhda böyüyən gənclər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizin yeni səhifəsini yazdılar. Ölkə Prezidentinin Şuşaya səfəri zamanı Cıdır düzündə səsləndirdiyi bu fikir Azərbaycan gəncliyinə olan etimadın, inamın bariz nümunəsidir: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.
Tariximizin müxtəlif dövrlərində də öz müstəqil dövlətini qurmaq istəyən xalqımızın azadlıq istəyi qan içində boğulmuşdur. Qanlı Yanvar hadisələri də Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan, azadlıq uğrunda mübarizəsi idi.
Doğrudur, bu insanlığa qarşı törədilən cinayət, qətliam, ümumxalq hüzn günü olsa da, milli iradəmizin, azadlıq istəyimizin oyanışı, müstəqilliyə gedən yolun şərəfli bir mərhələsi idi!
Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır!
Qafil DƏMİROV, AMEA-nın Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, fizika üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.