Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2022 14:05
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin iclası keçirilib

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

Sonra iclasda AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli bildirib ki, hesabat dövründə bölmədə 8 istiqamətin 38 problemi üzrə 95 (9-u tamamlanıb) mövzu, 531 iş (330-u tamamlanıb), 308 mərhələ (301-i tamamlanıb) üzərində tədqiqat işləri yerinə yetirilib. Qeyd edib ki, Humanitar Elmlər Bölməsinin üzvləri 2021-ci ildə elmi, elmi-təşkilati, ictimai işlərdə xeyli yaradıcılıq uğurları əldə ediblər. Akademikin sözlərinə görə, bölmə üzvləri tərəfindən 36 kitab, 250-dən çox məqalə çap olunub. Hesabat ilində HEB-in əməkdaşları tərəfindən isə 127 kitab (8-i xaricdə), 76 monoqrafiya (7-si xaricdə), 2253 məqalə (344-ü xaricdə, impakt faktorlu jurnallarda 20 məqalə), 185 tezis (86-sı xaricdə) çap edilib.

Natiq vurğulayıb ki, işğaldan azad olunmuş torpaqlarımızın ədəbiyyat, mədəniyyət, folklor və mədəni irsinin öyrənilməsi ilə bağlı Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 32 kitab, 1 təqvim, 20 elmi və elmi-praktik tədbir keçirilib. Həmçinin 2021-ci ildə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri tərəfindən beynəlxalq miqyaslı 15 konfransın, 1 konqresin, 1 forumun, 2 tədbirin, 1 seminarın və 1 dəyirmi masanın keçirildiyini söyləyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dünya ədəbiyyatı xəzinəsində layiqli yer tutan dahi şair Nizami Gəncəvinin yaradıcılığının müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında yenidən tədqiqi və təbliği məqsədilə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri ilə birgə fəaliyyət proqramı hazırlanıb və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər həyata keçirilib. Akademik “Nizami Gəncəvi İli” çərçivəsində çap edilən kitabları, keçirilən konfransları, eləcə də AMEA Rəyasət Heyətinin Xüsusi iclasını xatırladıb, həmin tədbirdə akademik Ramiz Mehdiyevin və Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edildiklərini bildirib.

Alim, həmçinin Aşıq Ələsgərin 200 illik yubileyi, Anım Günü və Zəfər Günü ilə bağlı keçirilən tədbirlər, bölmənin beynəlxalq əlaqələri, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltiflər və mükafatlar haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Akademik İsa Həbibbəyli daha sonra İctimai Elmlər Bölməsinin (İEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. O, 2021-ci ildə bölmənin elmi-tədqiqat müəssisələri tərəfindən beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlərin görüldüyünü, elmin inkişafı üçün mühüm tədbirlərin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, hesabat ilində bölmənin elmi tədqiqat müəssisələrində 37 problem, 112 mövzu, 361 iş, 174 mərhələ üzərində elmi tədqiqatlar aparılıb, bunlardan il ərzində 58 mövzu, 298 iş, 172 mərhələ tamamlanıb. Həmçinin bölmənin elmi tədqiqat müəssisələrində 21, kənar təşkilatlarda isə 19 mühüm nəticə əldə olunub.

Akademik vurğulayıb ki, son bir il ərzində bölmə üzvlərinin 9  kitabı (5-i xaricdə), 119 məqaləsi (13-ü xaricdə) işıq üzü görüb. Bölmə əməkdaşları tərəfindən isə 2279 əsər nəşr olunub ki, bunlardan 68-i kitab (8-i xaricdə), 83-ü monoqrafiya (9-u xaricdə), 1746-sı məqalə (329-u xaricdə, 55-i “Web of Scinece”, “Scopus” bazalarında), 383-ü tezis (137-si xaricdə), 6-sı dərslik, dərs vəsaiti və metodik vəsaitidir. Məruzəçi, o cümlədən bölmə əməkdaşlarının əsərlərinə 2209 istinadın edildiyini diqqətə çatdırıb.

Bundan əlavə, hesabat ilində İctimai Elmlər Bölməsinin elmi tədqiqat müəssisələri tərəfindən 16  beynəlxalq konfransın, 2 beynəlxalq simpoziumun, 1 beynəlxalq seminarın, 1 beynəlxalq forumun, 21 respublika konfransının, 56 elmi seminarın, 4 elmi sessiyanın, 3 kitab  təqdimatının, 10 görüşün,  28 dəyirmi masa və  Elmi şuranın 82 iclasının keçirildiyi bildirilib.

Ölkə başçısının “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamından irəli gələrək İctimai Elmlər Bölməsində görülən işləri diqqətə çatdıran akademik İsa Həbibbəyli keçirilən konfranslar, seminarlar, tədbirlər, nəşr olunan kitablar, monoqrafiyalar, jurnallar, təşkil edilən sərgilər haqqında məlumat verib, bu səpkidə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində”, akademik Gövhər Baxşəliyevanın “Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında” və s. kitabların adlarını sadalayıb.

Həmçinin bölmədə Qarabağın və Zəngəzurun tarixi, arxeologiyası, iqtisadiyyatı, mədəniyyəti və s. istiqamətlərdə aparılan və nəzərdə tutulan tədqiqatlar, İEB-in beynəlxalq əlaqələri, elektron elmin vəziyyəti, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, təltiflər və mükafatlar haqqında məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA Rəyasət Heyətinin üzvləri çıxış edərək Humanitar və İctimai Elmlər bölmələrinin 2021-ci ildəki fəaliyyətinə dair fikir və təkliflərini səsləndiriblər.

Daha sonra AMEA Rəyasət Heyəti tərəfindən hesabatlar yekdilliklə qəbul olunub və müvafiq tapşırıqlar verilib.

İclasda, o cümlədən AMEA-nın Naxçıvan Bölməsinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Bununla bağlı çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, bölmədə əsasən Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi, o cümlədən təbii sərvətlərinin, ekocoğrafi şəraitinin, pоtensial enerji mənbələrinin, səma cisimlərinin, flоra, fauna, tоrpaq örtüyünün, iqtisadi inkişafının öyrənilməsi istiqamətində araşdırmalar aparılır.

Alimin sözlərinə görə, hesabat dövründə Naxçıvan Bölməsində plana uyğun olaraq 6 elmi istiqamətdə 6 problemi əhatə edən, 7 mövzuya daxil olan 37 işin 100 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub, 88 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 6 mühüm elmi nəticə əldə olunub, 4 iş isə tətbiq edilib. Eyni zamanda Biləv alüminium süxurundan kalium alüminium zəyi alınıb, hazırda Qabıllı və Duzdağ gilindən yuyucu vasitələrin istehsalı üçün hazırlıq işləri aparılır, eləcə də “ZK-4 tipli seolitin alınma üsulu”, üzüm sortu “Bayanşirə süfrə” adlı 2 patent və “At fiqurlu səki daşı” adlı 1 sənaye nümunəsi təsdiq olunub.

Akademik bölmədə “Günəş çeviricilərində, çaylarda və külək qurğularında hasil olunan enerjinin toplanması (akkumulyasiya) növlərinin yerli şəraitə uyğun olaraq araşdırılması”, “Tranzit çayların qidalanma rejimi və onlara təsir edən parametrlər (iqlim şəraiti)”, o cümlədən Azərbaycanın ədəbi, tarixi, mədəni irsinin tədqiqi, Azərbaycan həqiqətlərinin təhrif olunmasına yönəlmiş saxta iddialara qarşı elmi əsaslandırılmış arqumentlərin işlənilməsi ilə bağlı tədqiqatların aparıldığını deyib.

Natiq bildirib ki, 2021-ci ildə bölmə əməkdaşlarının 15 monoqrafiyası, 11 kitabı, 1 kitabçası, 2 metodik vəsaiti, 457 elmi məqaləsi, 182 konfrans materialı, 5 tezisi olmaqla 673 elmi əsəri çap olunub. Üç buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiqlənib. Əsərlərdən 3 monoqrafiya, 75 məqalə, 77 konfrans materialı, 4 tezis olmaqla, cəmi 159 əsər xaricdə nəşr edilib. Məqalələrin 17-si “Clarivate Analytics” olmaqla, 46-sı impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 70-i xaricdə olmaqla 337-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda işıq üzü görüb. Həmçinin bölmədə 1 beynəlxalq, 2 respublika, 5 muxtar respublika, 13 bölmə səviyyəli konfransın, 10 tədbirin, oxunması zəruri olan 5 kitabın müzakirəsinin və 9 təqdimatın keçirildiyi bildirilib.

Daha sonra hesabat ətrafında müzakirələr aparılıb, Naxçıvan Bölməsinin 2021-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib, Rəyasət Heyətinin qərarı ilə bölməyə müvafiq tapşırıqlar verilib.

Təqdim olunmuş hesabatlar ətrafında AMEA Rəyasət Heyətinin üzvləri – akademiklər Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev və Adil Qəribov çıxış edərək fikir və mülahizələrini bildiriblər.

Sonra AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul edilib. Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

AMEA Rəyasət Heyətinin növbəti qərarı ilə akademik Gövhər Baxşəliyeva AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən təyin edilib.

İclasda, həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin və İctimai Elmlər Bölməsinin Elmi şuralarının yeni tərkibləri də təsdiq olunub.

Daha sonra Rəyasət Heyətinin iclasında AMEA-nın müxbir üzvü Elmar Qasımovun 60 illik yubileyi haqqında qərar qəbul edilib.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın elmi tədqiqat institutlarında nəşr edilən və internet vasitəsilə yayımlanan elmi jurnalların fəaliyyətinin təkmilləşdirilməsi barədə elmi bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: