İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak və Bağdadın Əl-Mustansiriya Universitetinin professoru, tarix elmləri doktoru Əli Naşmi Həmidi Abbas Əl-Maliki AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
Görüşdə MEK-in direktoru Leyla İmanova iraqlı qonaqların kitabxanaya səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Professor Əli Naşmi Həmidi Abbas Əl-Maliki “İraqla Azərbaycan arasındakı milli tarixi əlaqələr” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, ölkələrimiz arasında tarixi köklərə əsaslanan iqtisadi, mədəni, dini əlaqələr vardır. Azərbaycan ilə İraqı möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir.
Bağdadlı alim müxtəlif xarici ölkələrin universitetlərində keçirdiyi görüşlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı fikirlərini hər zaman qeyd etdiyini vurğulayıb.
Alim orta əsr Azərbaycan şair və mütəfəkkirləri Məhəmməd Füzuli, İmadəddin Nəsimi, filosof, astronom Nəsirəddin Tusi və digər şəxsiyyətlər barədə maraqlı tarixi faktları da diqqətə çatdırıb. Vurğulanıb ki, bu şəxsiyyətlər təkcə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin deyil, bütövlükdə Şərq mədəniyyətinin inkişafı üçün istər özlərinin yaşadığı, istərsə də sonrakı tarixi mərhələlərdə dəyərli məktəb qoyublar.
Professor Əli Naşmi Həmidi Abbas Əl-Maliki Azərbaycan ilə İraq arasında iqtisadi, siyasi və mədəni sahədə əlaqələrin müasir inkişaf mərhələsindən söhbət açıb. Qeyd olunub ki, bu inkişaf gündən-günə artmaqdadır və getdikcə daha geniş sahələri əhatə edəcəkdir. İstərdik ki, İraq mədəniyyəti Azərbaycanda daha yaxşı tanınsın, eləcə də İraq cəmiyyəti Azərbaycan mədəniyyəti, incəsənəti ilə yaxından tanış olsun. İraqlı alim bu məqsədlə Azərbaycan haqqında kitab yazacağını da bildirib.
Mühazirənin sonunda bağdadlı alim iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış edərək Azərbaycan ilə İraqın bağlılığından söz açıb.
Səfir Heydər Şiyə Qubeyşi Əl-Barrak iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu gün Azərbaycan ilə İraq arasında münasibətlər yüksək səviyyədədir, xalqlarımızın dərin mədəni və tarixi əlaqələri münasibətlərimizin hərtərəfli inkişafına töhfəsini verir.
Digər çıxış edənlər də əlaqələrimizin xalqlarımızın mənafeyi naminə bundan sonra da dostluq və əməkdaşlıq müstəvisində inkişaf edəcəyinə əminliklərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir