Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2022 09:49
  • A-
  • A
  • A+

“I Beynəlxalq Rəsulzadə Qiraətləri” konfransının məqalələr toplusunun təqdimat mərasimi keçirilib

“I Beynəlxalq Rəsulzadə Qiraətləri” konfransının məqalələr toplusunun təqdimat mərasimi keçirilib

Yanvarın 31-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümü münasibətilə “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və  dövlətçilik dəyərləri  sistemində” kitabının təqdimat mərasimi keçirilib.

Milli Azərbaycan Tarixi Muzeyi və “Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov kitabın ərsəyə gəlməsinə görə “Rəsulzadə ev-muzeyi” İctimai Qrupuna minnətdarlığını bildirib və qeyd edib ki, M.Ə.Rəsulzadə mühacirətdə yaşayarkən xeyriyyəçi H.Z.Tağıyevin vəfatı ilə əlaqədar məqalə yazmışdı: “Rəsulzadə həmin məqalədə Tağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətini çox yüksək qiymətləndirmişdir. Bizim üçün çox böyük fərəhdir ki, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə dair dərc olunmuş kitabın təqdimatı məhz H.Z.Tağıyevin ev-muzeyində qeyd olunur”.

Mərasimdə çıxış edən muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, yanvarın 31-i tarixi XX əsrin əvvəllərində xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümüdür. Akademik Nailə Vəlixanlı qeyd edib ki, tədqiqatçılar üçün bu kitabın Rəsulzadə irsini, onun “döyüş yolunu” dərk etmək baxımından böyük rolu olacaq. Həmçinin N.Vəlixanlı vurğulayıb ki, müxtəlif dövrlərdə muzeydə M.Ə.Rəsulzadəyə həsr olunmuş sərgi və tədbirlər, o cümlədən onun 130 illiyi münasibətilə elmi-praktik konfrans da keçirilib.

Sonra “Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun təşkilat komitəsinin rəhbəri, professor Solmaz Rüstəmova-Tohidi Rəsulzadənin ev-muzeyinin yaradılması, irsinin qorunması, təbliği, mütəmadi olaraq beynəlxalq Rəsulzadə qiraətləri və s. tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə çıxış edib, kitabın hazırlanmasında məqalə təqdim edən Rəsulzadə araşdırmaçılarına da öz minnətdarlığını bildirib.

Tədbirdə, o cümlədən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru Vilayət Quliyev, professor Hamlet İsaxanlı, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov və digər tədbir iştirakçıları mərasimin əhəmiyyəti və M.Ə.Rəsulzadənin həyatı barədə çıxış edərək kitabın tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını qeyd ediblər.

Qeyd edək ki, sözügedən kitabda Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, Fransa, İran, İsveç, Polşa, Rusiya və Ukraynanın alim və tədqiqatçılarının elmi və publisistik məqalələri təqdim edilir. Kitab tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin redaktorluğu ilə nəşrə hazırlanıb və “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu tərəfindən nəşr olunub. Beş bölümdən ibarət olan kitabda “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” adı ilə iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən “I Beynəlxalq Rəsulzadə Qiraətləri”nin materialları toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: