Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

01.02.2022 12:54
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Şuşa İli” çərçivəsində seminar keçirilib

Tarix Muzeyində “Şuşa İli” çərçivəsində seminar keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə ilboyu keçirilməsi nəzərdə tutulan seminarlar silsiləsinin ilk onlayn seminarı baş tutub.

Tədbir 5 yanvar 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” əsasında keçirilib.

Seminar Respublika Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının, Qarabağ məktəblərinin direktor və müəllim heyətinin iştirakı ilə Vətən müharibəsi mövzusunda məktəblilərlə görülən işlər mövzusuna həsr olunub.

Tarix Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d. Nərgiz Əliyeva seminar iştirakçılarını muzeyin baş direktoru, akademik Nailə Vəlixanlının adından salamlayaraq yeni yaranmış bu şöbənin ilk uğurlarından qısa məlumat verib.  

Daha sonra şöbənin elmi işçisi Ləman Musayeva Vətən müharibəsinə şahid olan uşaqların xatirələrinin əhəmiyyətindən və muzeyin bu sahədə gördüyü işlər barədə çıxış edib. L.Musayeva muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgisi, yeni yaradılmış Vətən Müharibəsi fondu, Qarabağla bağlı dərc olunmuş muzeyin nəşrləri haqqında ətraflı məlumat verib.

Tədbirdə Tarix Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov fondun yaranma tarixindən, fəaliyyətindən bəhs edib. Gənc tədqiqatçı Ş.Mövsümov qeyd edib ki, şəhidlərimizin hərbi formaları, fəxri fərmanları, təşəkkürnamələri, orden və medalları, eləcə də şəxsi əşyaları onların yaxınları tərəfindən muzeyə təhvil verilib. İndiyədək 250 şəhidə aid materialların fonda daxil edildiyini qeyd edən Ş.Mövsümov ümumilikdə 2 mindən çox materialın inventarlaşdırıldığını vurğulayıb. Həmçinin Ş.Mövsümlü bildirdi ki, fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkün olacaq.

Mövzu ətrafında müzakirələrdə Mingəçevir Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev, Füzuli şəhər 1 saylı tam orta məktəbin direktoru Rafiq Səfərov və Beyləqan, Bərdə, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Xaçmaz, Daşkəsən, Quba Tarix-Diyarşünaslıq muzeylərinin direktorlarının Vətən müharibəsi mövzusunda muzey-məktəb əlaqələri haqqında məlumatları böyük maraqla qarşılanıb.

Vətən müharibəsi şəhidi Rəvan Əliyevin anası Mehriban Yusifqızı çalışdığı muzeydə görülən işlər haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: