Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət proqramı”nın həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib və təsdiq edilməsi istiqamətində işlər davam etdirilir.
Bu məqsədlə Biləsuvar rayonu ərazisində yerləşən mövcud və yeni qeydə alınmış abidələrin saxlanılma vəziyyəti, dövrləri və əhəmiyyətlilik dərəcələrini müəyyən etmək üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Azərbaycanın arxeoloji abidələrinin toplusu sektorunun müdiri, t.ü.e.d., dosent Mikayıl Mustafayev, Türk xaqlarının etnoqrafiyası şöbəsinin müdiri, t.e.d. Güllü Yoloğlu, A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsinin müdiri, t.e.d. Tofiq Nəcəfli, əməkdaşlar Məryəm Qafarlı və Ülkər Camalova bölgəyə ezam olunublar.
Alimləri Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul edərək rayonda abidələrin vəziyyəti, görülən işlər və yeni planlar barədə danışıb.
Qonaqlar ilk orta əsrlərə aid Çöl Ağdam şəhərciyinə, Bulqar çayına, orta əsrlər Şəhriyar qalasına, Şəhriyartəpə yaşayış yerinə, orta əsrlərə aid Ağdam qalasına, Yeddi təpə kurqanlarına baxış keçirib, abidələrin qeydə alınmasında olan problemləri müzakirə edib, rayonda yeni müəyyən edilmiş arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, həmçinin A.A.Bakıxanov adına Tarix İnstitutunun alimlərinin digər bölgələrə mərhələli şəkildə səfərləri planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.