Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.02.2022 17:34
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Fevralın 10-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq gündəlikdə duran elmi-təşkilati məsələlər haqqında məlumat verib.

Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov işğaldan azad olunmuş ərazilərimizdəki arxeoloji abidələr, xüsusən Ağdam şəhərinin yaxınlığında yerləşən Üzərliktəpə yaşayış yerində arxeoloq alimlər tərəfindən görülmüş işlər haqqında məruzə edib. O, Üzərliktəpə yaşayış yerində Qarabağ arxeoloji ekspedisiyası tərəfindən arxeoloji qazıntı işlərinin davam etdirildiyini bildirib. Alim yaşayış yerinin daha dərindən və sistemli formada tədqiq olunması üçün arxeoloji qazıntıların alt təbəqəyə qədər davam etdirilməsi və sahənin genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

İclasda, həmçinin İctimai Elmlər Bölməsinə daxil olan müəssisələrin - Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Hüquq və İnsan Haqları institutlarının və Milli Azərbaycan Tarixi Muzeyinin strukturlarında daxili imkanlar hesabına mövcud ştat vahidi əsasında edilmiş bir sıra dəyişikliklər geniş müzakirə olunub.

Daha sonra bir sıra kadr məsələlərinə baxılıb.

Bundan əlavə, mərhum akademik Əfrand Daşdəmirovun 80, akademik Şahin Mustafayevin 60, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun isə 70  illik yubileylərinin qeyd olunması ilə bağlı AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonda akademik Gövhər Baxşəliyeva cari məsələlərlə əlaqədar bölmənin müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: