Dekabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirildi.
Əvvəlcə AMEA FRTEB-in əhatə etdiyi elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış oldu.
Tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri və digər aidiyyəti şəxslər iştirak etdilər.
İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin qəbul etdiyi müvafiq qərarlara əsasən, cari ilin noyabr ayından etibarən Bölmənin əhatə etdiyi müəssisələrdə illik hesabatların müzakirəsinə başlanıldığını vurğuladı. Akademik Rasim Əliquliyev Bölmənin Ümumi yığıncağında prioritet elmi istiqamətlər üzrə aparılmış tədqiqatlar, 2024-cü il üzrə əldə olunmuş mühüm elmi nəticələr, onların nüfuzlu beynəlxalq elmi bazalarda nəşri kimi məsələlərin müzakirə olunacağını diqqətə çatdırdı.
Sonra AMEA-nın akademik-katibi, ETN Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov bu qurumda hesabat ilində aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair məlumat verdi. Qeyd etdi ki, elmi müəssisənin əməkdaşları 2024-cü ildə də fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərini davam etdirərək səmərəli fəaliyyət göstəriblər, əhəmiyyətli elmi nəticələr əldə ediblər. Cari ildə Fizika İnstitutunda elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib. İnstitutda il ərzində 258-i xaricdə olmaqla 352 məqalə, 103-ü xaricdə olmaqla, 170 tezis çap olunub. Alim qeyd etdi ki, 2024-cü il üzrə institutun əməkdaşlarının əsərlərinə 7800-dən çox istinad olunmuşdur.
Daha sonra akademik A.Həşimov 2024-cü ildə Fizika İnstitutunda əldə olunan bir sıra mühüm elmi nəticələri, tətbiq olunmuş işləri, istinadların sayını, eləcə də qrantlar üzrə görülmüş işləri iclas iştirakçılarının diqqətinə təqdim etdi.
ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi müəssisənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim etdi. İnstitutda cari il üzrə müəyyənləşdirilmiş idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə tədqiqatların aparıldığını bildirən akademik Ə.Abbasov ümumilikdə 23 mühüm elmi nəticənin alındığını qeyd etdi. Baş direktor institut əməkdaşları tərəfindən 2024-cü ildə 370 elmi əsərin, o cümlədən 201 məqalə (onlardan 29-u “Web of Science” və 50-si “Scopus” bazalarında), 1 kitab (xaricdə), 4 dərs vəsaiti və 4 monoqrafiyanın çap olunduğunu, 2 avrasiya patentinin və 1 şəhadətnamənin alındığını, tədqiqatçıların əsərlərinə 2945 dəfə istinad edildiyini dedi.
Akademik Əli Abbasov institutun imzaladığı əməkdaşlıq müqavilələri, bu qurumun innovasiya, nəşriyyat və patent fəaliyyəti, ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak, kadr hazırlığı, elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işləri də iclas iştirakçılarının nəzərinə çatdırdı.
Daha sonra ETN Riyaziyyat və Mexanika İnstitutunda 2024-cü ildə aparılan elmi-tədqiqat işlərinin yekunları ilə bağlı hesabat dinlənildi. Hesabatı institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov təqdim edərək bildirdi ki, 2024-cü ildə institut əməkdaşları tərəfindən 6 elmi istiqamət üzrə 128 məqalə (72-si xaricdə), 149 tezis (34-ü xaricdə), 1 monoqrafiya, 1 dərs vəsaiti, 15 elmi populyar məqalə nəşr edilib. “Clarivate Analytics” və “Scopus” bazalarına daxil olan nəşrlərdəki məqalələrin sayı 90-dır. İl ərzində institut əməkdaşlarının əsərlərinə 2200-dən çox istinad qeydə alınıb.
Professor Misir Mərdanov cari ildə alınmış mühüm nəticələr, qrantlar, təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla və alimlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, keçirilmiş konfranslar və elmi sessiyalar, kadr hazırlığı, institutda nəşr olunan jurnallar, elm və təhsilin qarşılıqlı əlaqəsi, tətbiq olunmuş elmi nəticələr və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən də bəhs etdi.
ETN Radiasiya Problemləri İnstitutunun 2024-cü ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev təqdim etdi. Alim institutda radiasiya təhlükəsizliyi, radiasiya texnologiyaları, radiasiya materialşünaslığı və ekoloji təmiz energetika elmi istiqamətlərində aparılan tədqiqatların nəticələrindən bəhs edərək 4 problem, 10 mövzu üzrə 27 elmi işin yerinə yetirildiyini diqqətə çatdırdı. İl ərzində çap olunan 175 məqalədən 147-sinin, 103 tezisdən 52-sinin xarici jurnallarda və konfrans materiallarında dərc olunduğunu dedi, 5 kitabın və 3 monoqrafiyanın işıq üzü gördüyünü vurğuladı. Alim 2024-cü il üzrə elmi işçilərin əsərlərinə 4000-dən artıq istinad olduğunu qeyd etdi. O, həmçinin il ərzində institutda elmi kadrların hazırlanması, ölkədaxili və beynəlxalq əməkdaşlıq əlaqələri, innovativ fəaliyyət, qrant layihələri, elm və təhsilin inteqrasiyası, eləcə də COP29-la bağlı tədbirlərdə iştirak haqqında ətraflı məlumat verdi.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2024-cü il üzrə illik hesabatını təqdim etdi. Elmi-nəzəri fəaliyyət haqqında məlumat verən akademik cari ildə institutda qabaqcıl informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi, eləcə də rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətlərində tədqiqatların aparıldığını nəzərə çatdırdı.
Akademik Rasim Əliquliyev elmi əsərlər və elmmetrik göstəricilərlə bağlı statistikanı təqdim edərək cari ildə institut əməkdaşlarının məqalələrinə 2671 dəfə istinad edildiyini, bu rəqəmin son 5 ildə 10976-ya bərabər olduğunu dedi. 2024-cü ildə institut əməkdaşları tərəfindən 71 məqalənin, 117 tezisin və 3 kitabın dərc edildiyini vurğuladı. Əlavə etdi ki, son 5 ildə institut əməkdaşlarının 289 məqaləsi Web of Science və Scopus bazalarına daxil olan jurnallarda öz əskini tapmışdır. Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmiş, son 5 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilmişdir.
Alim, həmçinin elmi-innovasiya və praktiki, elmi-təşkilati və kadr hazırlığı, dövlət tapşırıqlarının icrası, institutun həmtəşkilatçılığı ilə keçirilmiş konfranslar, elm və təhsilin inteqrasiyası, multidissiplinar araşdırmalar, elmi və texnoloji dəstək qrantları, elmi biliklərin populyarlaşdırılması, AzScienceNet şəbəkəsinin fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq, eləcə də digər istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verdi.
Milli Aviasiya Akademiyasında (MAA) 2024-cü ildə alınmış mühüm elmi nəticələr haqqında MAA-nın elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Afiq Həsənov məlumat verdi. O, cari ildə Akademiyada 12 elmi istiqaməti əhatə edən 25 adda elmi-tədqiqat işinin aparıldığını bildirdi. Elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanan 323 məqalə və tezisin nəşr olunduğunu, bunlardan 210-nun ölkəmizdə, 113-ünün isə xaricdə (24-ü nüfuzlu jurnallarda olmaqla) işıq üzü gördüyünü nəzərə çatdırdı. Professor A.Həsənov, həmçinin MAA-nın ixtiralarına 2 patentin alındığını vurğuladı.
ETN Biofizika İnstitutunun 2024-cü il üzrə illik hesabatı ilə bağlı bu qurumun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məruzə etdi. O, bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində “Bioloji sistemlərdə struktur-dinamika-funksiya əlaqələri” problemi üzrə tədqiqatların aparıldığını, mühüm nailiyyətlərin əldə olunduğunu söylədi. Hesabat ilində Biofizika İnstitutunda AR Prezidentinin fərman və sərəncamları, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin qərarları və digər əhəmiyyətli sənədlərin icrasından irəli gələn vəzifələrin yerinə yetirildiyini nəzərə çatdırdı.
O.Qasımov 2024-cü ildə institutun əməkdaşları tərəfindən 18 elmi məqalənin (onlardan 9-u WoS və Scopus bazalarına daxil olan jurnallarda), 16 tezisin (onlardan 6-sı xaricdə) çap edildiyini bildirdi. Alim həmçinin institutun beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, elmi nəticələrin tətbiqi, innovasiya fəaliyyətinin genişləndirilməsi və s. istiqamətlərdə həyata keçirilən və perspektivdə nəzərdə tutulan tədbirlər barədə danışdı.
Daha sonra ETN Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nəriman İsmayılov Rəsədxananın 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabatı təqdim etdi. O, hesabat ilində səma cisimlərinin fizika və dinamikası istiqamətində ulduz və qalaktikaların kompleks tədqiqi, eləcə də Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası problemləri üzrə tədqiqatların yerinə yetirildiyini, mühüm elmi nəticələrin əldə edildiyini diqqətə çatdırdı. İl ərzində rəsədxana əməkdaşları tərəfindən 38 məqalənin çap edildiyini, onlardan 9-nun WoS və Scopus elmi bazalarına daxil olan jurnallarda öz əksini tapdığını qeyd etdi. Eyni zamanda 1 kitabın hazırlandığını, 57 tezisin ölkə və beynəlxalq səviyyəli konfranslarda məruzə edildiyini əlavə etdi.
Müvafiq elmi müəssisələrdə aparılmış elmi tədqiqatların nəticələrinə dair fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olundu.
Sonda akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan elminin əsas lokomotivlərindən biri olan və fundamental elmlərin bir araya gəldiyi FRTEB-in 2024-cü il üzrə fəaliyyətini dəyərləndirdi. Alim qeyd etdi ki, “Bölmənin əhatə etdiyi elmi müəssisə və təşkilatlar bu il də dünya elminin çağırışları və dövlət başçısının Azərbaycan elminin qarşısına qoyduğu vəzifələri rəhbər tutaraq öz fəaliyyətlərində aktual problemlərə diqqət ayırmış, prioritet istiqamətlərdə tədqiqatlar aparmışlar”.
AMEA-nın vitse-prezidenti il ərzində Bölmədə Azərbaycan elminin dünyaya tanıdılmasına, nüfuzunun yüksəlməsinə xidmət edən mühüm elmi nəticələrin əldə olunduğunu, çoxlu sayda məqalənin Web of Science və Scopus kimi nüfuzlu beynəlxalq bazalarda nəşr edildiyini vurğuladı. Akademik R.Əliquliyev Bölmənin əhatə etdiyi elmi müəssisələr tərəfindən mühüm dövlət proqramlarının icrası, o cümlədən yerli və beynəlxalq səviyyəli müxtəlif elmi layihələrdə də uğurla iştirak edildiyini diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti intellektual dialoq platforması olan FRTEB-in iclaslarında fundamental elmlərin inkişafına mühüm töhfələrin verildiyini, nəzəri araşdırmalarla yanaşı, Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarına xidmət edən tətbiqi tədqiqatlar və yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı əhəmiyyətli müzakirələrin aparıldığını, mühüm təkliflərin hazırlandığını qeyd etdi.
Sonra akademik R.Əliquliyev 2025-ci ildə AMEA-nın 80 illik yubileyi ilə bağlı qarşıda duran vəzifələrdən danışdı. Elmi müəssisə və təşkilatların bugünkü inkişaf səviyyəsinə çatmasında, intellektual potensialın formalaşmasında, müxtəlif elm sahələri, o cümlədən, fizika, riyaziyyat, kibernetika, informasiya texnologiyaları və s. elm sahələri üzrə elmi məktəblərin yaranmasında mühüm rola malik olan AMEA-nın 80 illik yubileyinin keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirdi. Akademik R.Əliquliyev əlavə etdi ki, Azərbaycan elminin bu şərəfli tarixini, 80 il ərzində formalaşmış elmi məktəbləri qoruyub saxlamaq hər bir alimin dövlətimiz və cəmiyyətimiz qarşısında müqəddəs vəzifəsidir. Alim AMEA-nın 80 illik yubileyi tədbirləri çərçivəsində Bölmənin əhatə etdiyi elmi müəssisə və təşkilatlarda da müvafiq elm sahələrinin tarixinin, inkişafının, onun ayrı-ayrı aspektlərinin və problemlərinin işıqlandırılması məqsədilə müzakirələrin təşkil olunmasının, seminarların keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etdi.
Süni intellekt və rəqəmsal texnologiyaların yüksək sürətlə inkişaf etdiyi müasir dövrdə ölkəmizdə yaşıl cəmiyyətin formalaşdırılmasında, iqtisadiyyatımızın IV Sənaye İnqilabının tələblərinə uyğunlaşdırılmasında elmin xüsusi çəkiyə malik olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti, dövlət başçısının bu istiqamətdə tapşırıqlarının gələcək tədqiqatlarda da rəhbər tutulmasının önəmini vurğuladı.
Akademik R.Əliquliyev çıxışının sonunda Bölmə üzvlərini, institut və təşkilatların əməkdaşlarını AMEA rəhbərliyi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, hər kəsə cansağlığı, gələcək fəaliyyətlərində yeni elmi nailiyyətlər arzuladı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.