AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “İlham Əliyev: Qurucu liderlik kursu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri institutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə giriş sözü ilə açaraq Azərbaycanda yeni dövrün liderlik nümunələrini və qələbənin yeni düzənini təhlil edib. Bu məqsədlə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlərini ümumiləşdirərək, onlara müasir fəlsəfi-elmi idrak kontekstində yanaşıb.
İ.Məmmədzadə Azərbaycanda gedən islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb, yeni mərhələnin reallıqlarında alimlərin roluna diqqət çəkib. İlham Məmmədzadə Prezident cənab İlham Əliyevin hazırkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, liderlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri olduğunu, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını bildirib. Onun siyasi iradəsi ilə türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırıb.
İnstitutun İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh edib. Füzuli Qurbanov “Dəmir yumruq” formulda, onun məntiqi çərçivəsində fəlsəfi-siyasi məsələləri təhlil edərək, Azərbaycanın milli, demokratik, müstəqil dövlətçiliyinin liderlik xarakteristikasını, şüurun təcrübəsini müqayisəli şərh edib. F.Qurbanov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin yeni liderliyində azərbaycançılıq və multikulturalizmin ölkədaxili mühitdə birliyi və qlobal miqyasda azərbaycanlıların həmrəyliyinə nail olmaq istiqamətlərində atdığı addımlar xüsusi yer tutur. Azərbaycançılıqla multikulturalizmi real ortaq sahəyə gətirən başlıca faktor Azərbaycanın güclü dövlət olmasıdır. Güclü dövlət də güclü və monolit toplumun formalaşmasında həlledici rol oynayır. Bu mənada daxili birlik güclü dövlət olmaqdan birbaşa asılıdır. Güclü dövlət həm nüfuz imkanlarına malik olur, həm də bu imkanları reallaşdırmanın praktiki təşkilini həyata keçirə bilir.
Tədbirdə, həmçinin YAP institut üzrə Ərazi partiya təşkilatının sədri, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, professor Əbülhəsən Abbasov, institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, Kamran Məmmədov çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.