Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nardaran” dövlət tarix-mədəniyyət qoruğu adlı monoqrafiya dərc edilib
27.12.2024 13:34
  • A-
  • A
  • A+

“Nardaran” dövlət tarix-mədəniyyət qoruğu adlı monoqrafiya dərc edilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu” monoqrafiyası nəşr edilib.

Tarix və mədəniyyət üçün böyük əhəmiyyət kəsb edən xüsusi ərazilər, mədəniyyət abidələri gələcək nəsillərə ötürülməsi məqsədilə mühafizə olunur. Qoruqlar funksionallıq baxımından tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəniyyət, tarixi-etnoqrafik qoruqlar kimi təsniflənir. Qoruqların memarlıq məktəbinə xas ümumi memarlıq-şəhərsalma prinsiplərinə baxmayaraq, coğrafi mövqe, hərbi-müdafiə, dini, mülki tikililərin özünəməxsusluğu onları bir-birindən fərqləndirir. Abşeron rayonunda qeydə alınan altı tarixi-mədəniyyət qoruqlarından biri də Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Abşeronun tarixi kəndlərindən olan Nardaran, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 26 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonunda “Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu” elan edilmişdir.

Tarixi-memarlıq irsinə malik Nardaran qoruğu turizm mədəniyyətinin inkişafında da əhəmiyyətli rola malikdir.

Memarlıq doktoru Rahibə Əliyeva institutun bir neçə elmi əməkdaşıyla birgə ərazidə tədqiqatlar aparmışdır. “Nardaran Dövlət Tarix-Mədəniyyət Qoruğu” monoqrafiyası bu tədqiqatların nəticəsində ərsəyə gəlmişdir. Sözügedən Qoruğun tədqiqi göstərdi ki, Abşeron memarlığının nadir tikililəri kimi Nardaran abidələri maraqlı və qiymətli memarlıq xüsusiyyətləri və inşaat üsullarının üzə çıxarılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Kitabda Nardaran kəndinin hərbi, dini, mülki tikililərinin təsnifatı işlənmiş, onların bərpa təklifləri hazırlanmışdır. Yeni abidələr siyahıya alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: