Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
02.05.2025 11:10
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin may ayında ilk sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” yer alıb.

Bugünkü sayın ilk səhifələrində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva işığında: Qadın və dövlətçilik” mövzusunda dəyirmi masa, AMEA-nın Rəyasət Heyətinin və Akademiyanın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Böyük ana-alim-qadın” mövzusunda elmi konfransa dair geniş yazılar, eləcə də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi açılış mərasimi,  görkəmli cərrah, türkoloq Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli varlığa  və mənəviyyata həsr edilən ömür - Cavad Heyət fenomeni” mövzusunda respublika elmi konfransı və AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tanınmış rəssam, professor Məmməd Şirzadla görüşü ilə bağlı informasiyalar dərc edilib.

Qəzetin bu buraxılışında elmi ictimaiyyətin nümayəndələri akademik Zərifə xanım Əliyevanın doğum günü ilə bağlı Fəxri xiyabanda məzarını ziyarət və Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirlə bağlı məlumat və digər xəbərlər  yer alır.

Bundan əlavə, qəzetdə informatika sahəsində görkəmli alim Əməkdar elm xadimi “Şöhrət” ordenli AMEA-nın müşaviri, akademik Telman Əliyevin 90 yaşı münasibətilə qələmə alınan “Elmlə yaşanan ömür” başlıqlı məqalə, “XX əsrdə zərurətdən yaranan Elmlər Akademiyasının gələcəyə ünvanlanan fəaliyyəti” mövzusunda məqalə və ümumilikdə həftə ərzində Akademiyanın bölmə, elmi müəssisə və təşkilatlarında keçirilən digər tədbirlər barədə yazılar işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da həftə ərzində keçirilən aktual mövzuda tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: