Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrinin 2024-cü ilin yekunlarına həsr olunmuş Ümumi yığıncağı keçirilib.
Tədbirdə Humanitar Elmlər Bölməsinin (HEB) üzvləri, elmi müəssisələrin direktorları, direktor müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları iştirak edib.
İclasdan öncə HEB-in elmi müəssisələri tərəfindən 2024-cü ildə nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə hazırlanmış “Akademiyanın füzulinaməsi” adlı sərgi iştirakçıların xüsusi marağına səbəb olub.
Ümumi yığıncağı giriş sözü ilə HEB-in Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib. İclasda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisələrində 2024-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması” haqqında 21 oktyabr 2024-cü il tarixli qərarının icrası ilə əlaqədar HEB-in elmi tədqiqat müəssisələrinin hesabatı dinlənilib.
Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli, Folklor İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov çıxış edərək elmi tədqiqat müəssisələrinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti, əldə olunan mühüm nəticələri, statistik göstəriciləri barədə geniş məlumat təqdim ediblər.
Qeyd olunub ki, 2024-cü ildə AMEA-nın Rəyasət Heyətinin qərarları ilə Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Nəsimi adına Dilçilik İnstitutunda Monitorinq və linqvistik təhlil şöbələri yaradılıb. AMEA tərəfindən Folklor İnstitutunda struktur islahatlarının aparılması haqqında müvafiq qərar qəbul edilib.
2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik: COP29-un çağırışları və humanitar elmin vəzifələri” (4 noyabr) mövzusunda tədbir keçirilib. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi hazırlanıb (29 aprel), “Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda elmi konfrans keçirilib (30 aprel). Həmçinin, Folklor İnstitutunda “Azərbaycan folklorunda təbiət kultu” adlı tədbir (1 oktyabr), Memarlıq və İncəsənət İnstitutunda “Memarlıq və incəsənətdə yaşıl dünya” mövzusunda beynəlxalq konfrans keçirilib (19 dekabr). Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Elnurə Hüseynovanın “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” kitabları çap olunub.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar AMEA-nın Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” (15 aprel) mövzusunda beynəlxalq konfrans, “Füzulinin sənət dünyası və Akademiyanın füzulinaməsi” adlı tədbir keçirilib, Məhəmməd Füzulinin əlyazmalarından ibarət sərgi təşkil edilib (29 noyabr). Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr” (29 mart), “Məhəmməd Füzuli və Türk dünyası” (16 aprel) mövzusunda konfranslar keçirilib, III Türk dünyası Ədəbiyyat və Kitab Festivalında “Məhəmməd Füzuli – 530” paneli təşkil edilib. X Bakı Beynəlxalq Kitab Sərgisində AMEA əməkdaşlarının Məhəmməd Füzuliyə həsr olunmuş kitablardan ibarət sərgisi təşkil edilib (2-8 oktyabr), Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Fəridə Əzizovanın “Məhəmməd Füzuli: mütəfəkir şairin fəlsəfi irsi” kitabının təqdimatı keçirilib (4 oktyabr). Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzuli kitabxanası” seriyası “Ən yaxşı kitab” nominasiyası üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən sertifikata layiq görülüb (8 oktyabr). Ədəbiyyatşünas alimlərin “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” (kollektiv), “Füzuli sənətkarlığı” (Mir Cəlal Paşayev), “Böyük Azərbaycan şairi Füzuli” (Həmid Araslı), “Məhəmməd Süleyman oğlu Füzuli (həyatı və yaradıcılığının tədqiqi)” (Stanislava Plyaskovitska-Rımkeviç), “Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli obrazı” (Mehriban Mövlamova), “Füzulinin “Tərcümeyi-Hədisi-ənbəin” əsəri” (Ataəmi Mirzəyev), “Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər” (Sevinc Ağayeva), “Məhəmməd Füzuli: mütəfəkir şairin fəlsəfi irsi” (Fəridə Əzizova, rus dilində) kitabları, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Məhəmməd Füzuliyə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub.
Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” (24 oktyabr), Folklor İnstitutunda “Məhəmməd Füzuli və Şərq folkloru” (10 aprel), Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan incəsənətində Füzuli dünyası” (24 may) mövzusunda respublika elmi konfransları keçirilib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məhəmməd Füzuli – sələflər və xələflər: orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi konfransı keçirilib (15 fevral), “Məhəmməd Füzulinin əsərlərinin Bakı nüsxələri” adlı sərgi təşkil edilib. “Füzulinin anadilli “Divan”ı: Bakı nüsxəsi” (Teymur Kərimli), “Görünməyən Füzuli” (Teymur Kərimli), monoqrafiyası, “Məhəmməd Füzuli kolleksiyasının kataloqu: Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun materialları əsasında” (tərtib edəni Nigar Babaxanova), “Məhəmməd Füzuli – 530. Biblioqrafik göstərici” (tərtib edəni Sona Xəyal) nəşr olunub.
Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Naxçıvanda ədəbiyyatşünaslıq: mərhələləri və istiqamətləri” (Tahirə Məmməd), “Naxçıvan ədəbi mühiti” (kollektiv) adlı fundamental monoqrafiyalar nəşrə hazırlanıb. III Türk dünyası Ədəbiyyat və Kitab festivalının Azərbaycan günündə “Naxçıvan -100” paneli təşkil edilib (28 may).
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Naxçıvan qədim mədəniyyət ocağıdır” mövzusunda elmi nəzəri konfrans və Naxçıvana dair və naxçıvanlı müəlliflərin əlyazmalarından ibarət sərgi təşkil edilib (20 iyun). Folklor İnstitutunda “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” (10 oktyabr), Memarlıq və İncəsənət İnstitutunda “Azərbaycan memarlığında Naxçıvan abidələri” (15 mart) mövzusunda respublika elmi konfransları keçirilib. Memarlıq və İncəsənət İnstitutunda “Keçmişdən bu günə Naxçıvan Muxtar Respublikası” monoqrafiyası nəşr edilib (Rahibə Əliyeva).
Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyət paytaxtı elan edilməsi ilə əlaqədar Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şuşa şəhərinin tarixi və mədəniyyəti qədim əlyazmalarda və əski çap kitablarında” mövzusunda elmi sessiya keçirilib (7 noyabr). “Xurşidbanu Natəvan. Gül dəftəri. Foto-albom” (layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova), “Qarabağ tarixi əski çap kitablarında. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun materialları əsasında” (tərtib edəni Tahirə Həsənzadə), “XIX əsr Qarabağ şairlərinin şeir antologiyası” (Raqub Kərimov), “Qarabağ şairlərini şeir antologiyası” (Nailə Səmədova) kitabları nəşr edilib.
Memarlıq və İncəsənət İnstitutunda “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” mövzusunda respublika elmi konfransı keçirilib (2 iyul). “Şuşa – Azərbaycanın musiqi qalasıdır” kitabı Türkiyədə türk dilində (Zemfira Səfərova), Əlcəzairdə ərəb dilində nəşr edilmişdir (Zemfira Səfərova). “Mir Möhsün Nəvvab” (Zemfira Səfərova), Azərbaycan və ingilis dillərində “Qarabağ – mədəniyyət beşiyi” (Şəmsi Gülməmmədova) kitabları nəşr olunub.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə AMEA-da Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” (29 yanvar) mövzusunda elmi konfrans təşkil edilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin ədəbi-fəlsəfi irsi və müasirlik” (24 yanvar) mövzusunda konfrans keçirilib, “M.Ə.Rəsulzadə. Azərbaycan şairi Nizami” (kollektiv), “Məhəmməd Əmin Rəsulzadə və Polşa ədəbi əlaqələri” (Gülər Abdullabəyova) kitabları nəşr olunub. Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Əmin Rədsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçirilib (16 fevral). Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məhəmməd Əmin Rəsulzadə və “Azərbaycan” qəzeti” adlı elmi sessiya keçirilib (24 may 2024). “Azərbaycan” qəzeti: 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatı. 20 cilddə (kollektiv), “Məhəmməd Əmin Rəsulzadə. “Azərbaycan” yazıları” (kollektiv) kitabları nəşr olunub.
Bununla belə, HEB-in təşkilatçılığı ilə keçirilən “Mahmud Kaşğari. Divanü lüğat-it türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfransı (28 iyun), İraq-türkman ədəbiyyatı və folklorunun görkəmli tədqiqatçısı Əta Tərzibaşının 100 illiyinə həsr olunmuş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda respublika elmi konfransını (22-23 may), Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə həsr olunmuş III Beynəlxalq Türkoloji Konqresi (2-4 dekabr), ədəbiyyatşünas alimlər tərəfindən təşkil edilmiş “Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” (15 aprel) və “Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan” (30 may) mövzusundakı beynəlxalq elmi konfransları, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illiyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” (4 mart) adlı yubiley tədbirini ilin mühüm və yaddaqalan nailiyyətləri kimi xüsusi qeyd etmək lazımdır.
2024-cü hesabat ilin HEB-in elmi müəssisələri tərəfindən 9 beynəlxalq, 12 respublika əhəmiyyətli elmi konfrans, 100-ə yaxın tədbir keçirilib. HEB-in nəzdində fəaliyyət göstərən elmi müəssisələr tərəfindən 13 mühüm əhəmiyyətli elmi nəticə əldə edilib.
HEB-in elmi müəssisələrində 6 istiqamət üzrə 34 problem, 71 mövzu, 438 iş üzrə elmi tədqiqat işləri aparılıb. 11 problem üzrə 314 iş tam icra olunub.
Humanitar yönümlü elmi tədqiqat müəssisələrinin alimləri 136 kitab (7-si xaricdə), 58 monoqrafiya (8-i xaricdə), 1784 məqalə (431-i xaricdə) və 253 tezis (154-ü xaricdə) nəşr etdiriblər. Web of Science və Scopus bazalarında əməkdaşların 20 məqaləsi (Ədəbiyyat İnstitutu 18, Əlyazmalar İnstitutu – 1, Memarlıq və İncəsənət İnstitutu – 1) işıq üzü görüb.
HEB-in elmi müəssisələrində 68 fəlsəfə doktoru və 20 elmlər doktoru hazırlığı üzrə təhsil həyata keçirilib. 36 fəlsəfə, 11 elmlər doktoru hazırlığı üzrə dissertasiya işi müdafiə edilib.
Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin 2024-cü ildəki elmi fəaliyyəti yüksək səviyyədə qiymətləndirilərək bölmə üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
Elmi şuranın iclasında Azərbaycan folklorşünaslıq elminin inkişafındakı xidmətləri və anadan olmasının 80 illiyi münasibətilə Folklor İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru dosent Rza Xəlilova HEB-in Fəxri fərmanı ilə təltif edilib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.