Bakı şəhəri İlqar Əliyev adına 96 saylı tam orta məktəbdə “Şuşa ili” çərçivəsində “Ölümü ömür seçənlər” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının müəllifi olduğu “Ölümü ömür seçənlər” kitabının təqdimatı baş tutub.
Kitabda 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş 39 Vətən fədaisinin qısa, lakin şərəfli həyat və döyüş yolunu əks etdirən oçerklər toplanılıb.
Öncə bu kitabda adı əbədiləşdirilmiş Vətən şəhidlərinin ailə üzvlərinin iştirakı ilə məktəbin 8 sinif otağında qəhrəman igidlərə həsr edilən xatirə guşələrinin açılışı olub.
Daha sonra adları siniflərdə əbədiləşdirilmiş 8 şəhidin – Ramil Nuralı oğlu Quliyev, Ramil Taqət oğlu Babayev, Tural Yadulla oğlu Eyyubov, Zaur Saleh oğlu Kərimov, Elnur Vəfadar oğlu İmamverdiyev, Qoşqar Səxavət oğlu Ömərov, Fərrux Baxış oğlu Hüseynov, Şiralı Vüqar oğlu Səlimovun doğmaları və yaxınları məktəbin akt zalında təşkil edilmiş tədbirə qatılıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətinin 200 ildən artıq bir zaman kəsiyində davam etdiyini bildirib. Vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz artıq rəşadətli ordumuzun işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbəmizin sevincini yaşayırıq. Düşmən üzərində qazandığımız tarixi qələbə Azərbaycan tarixinə yeni bir səhifə yazdı. Bu şanlı zəfər ölkəmizi bütövləşdirdi, Ermənistanın 30 illik işğalına birdəfəlik son qoyuldu. Bu qələbə ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi.
“Sizin borcunuz ödənilməz. Sizin övladlarınız tarix yazıb. Onlar bizim zəfər müjdəçilərimiz, azadlıq carçılarımızdır”, - deyə M.Hacıyeva şəhid valideynlərinə müraciət edərək bildirib.
Tədbirdə 96 saylı tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olunub.
Daha sonra kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək nəşrin ərsəyə gəldiyi 10 ay müddətində şəhid ailələri ilə keçirdiyi qürurverici vaxtların təəssüratlarını iştirakçılarla bölüşüb.
Həmçinin şəhid anaları çıxış edərək övladlarının qanının yerdə qalmadığını, 30 ildən bəri işğal altında olan torpaqlarımızın azad edilməsi kimi tarixi bir qələbənin qazanıldığını, bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini söyləyiblər.
Tədbir Vətən yolunda sağlamlıqlarını itirmiş qazilərimiz - kapitan İlqar Hüseynov, mayor Rəşad Məlikov və gizir Eldar Qurbanovun çıxışları ilə davam etdirilib.
Sonda məktəbin 10-cu sinif şagirdi Aysel Məmmədova şəhid müəllim, 26 yaşında canını Vətən yolunda fəda etmiş Qoşqar Ömərova ünvanladığı qürur və məğrurluq ifadə edən məktubunu səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.