Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2022 09:09
  • A-
  • A
  • A+

“Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans keçirilib

“Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi prosesi-2021” mövzusunda elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq tədbirin əsas məqsədinin Naxçıvanda ədəbi mühit, ədəbi proses məsələləri, 2021-ci ildə qələmə alınan lirik, epik, dram əsərlərinin mövzu, ideya və sənətkarlıq xüsusiyyətləri, bu istiqamətdə yazılmış elmi, publisistik məqalələrin, kitab və monoqrafiyaların bütövlükdə elmə qazandırdığı yeniliklərin təhlilinə, bu sahənin zənginləşdirilməsinə xidmət etdiyini bildirib.

Qeyd edib ki, əvvəlki illərdə də Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan ədəbi mühiti və ədəbi proses məsələləri əhatəli tədqiq olunub, bu ənənə institut əməkdaşları tərəfindən hazırda da davam etdirilir. Naxçıvan ədəbi prosesinin tədqiqi və təbliği məqsədi daşıyan konfransın davamlı keçirilməsi, aparılan araşdırma və müzakirələr, konfrans materiallarının nəzərdə tutulan nəşri gələcəkdə bu sahənin tədqiqatçıları üçün dəyərli mənbə ola bilər.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar konfransda “Naxçıvanda ədəbi proses-2021” mövzusunda məruzə edib. Məruzəçi Naxçıvan ədəbi mühitinin yetirmələrinin ötən il ərzində 52 kitabının nəşr olunduğunu diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin fəaliyyəti haqqında məlumat verib, muxtar respublikada fəaliyyət göstərən təşkilatlarla birlikdə əlamətdar tarixi günlər, eləcə də ədəbiyyatımızın təbliği məqsədilə müxtəlif tədbir, elmi konfrans, müsabiqə və poeziya gecələrinin keçirildiyini bildirib. 2021-ci ildə ərsəyə gələn lirik, nəsr və dram əsərlərinin ideya istiqamətləri, bədii xüsusiyyətləri, həyata keçirilməsi nəzərdə tutulan bəzi məsələlər barədə konfrans iştirakçılarını məlumatlandırıb.

“2021-ci il Naxçıvanda ədəbiyyatşünaslıq, ədəbiyyatşünaslıqda Naxçıvan” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov ötən ilin sentyabr ayının 21-də AMEA-nın Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran məsələlər barədə keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu qarşısında qoyduğu bəzi vəzifələri konfrans iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edib ki, ədəbi prosesin inkişafı sahəsində fəaliyyətin gücləndirilməsi, ədəbiyyatşünaslığın əsas istiqamətləri üzrə tədqiqatların aparılması ilə yanaşı, Naxçıvan ədəbi mühitinin mövcud vəziyyətinin və yaradıcılıq istiqamətinin obyektiv təhlil olunması da həmin vəzifələr sırasındadır.

Tədqiqatçı həmin vəzifələrin icrası istiqamətində müəssisədə yerinə yetirilən işlər barədə yığcam məlumat verib. Ötən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu, aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirildiyini, aparılan araşdırmaların elmi və publisistik məqalələrdə əksini tapdığını söyləyib.

O, bəzi ümumiləşdirmələr aparıb, ərsəyə gələn əsərlər və ədəbi mühitin tədqiqi ilə bağlı ədəbiyyatşünasların, tənqidçilərin nəşr olunan məqalələrində,  monoqrafik tədqiqatlarında əksini tapan düşüncələrindən söz açıb. Naxçıvan ədəbi mühitinin istər muxtar respublika, istər ölkə səviyyəsində təbliği və tədqiqi məsələlərinin inkişafı məqsədilə fikirlərini bölüşüb.

Sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “2021-ci  ildə Naxçıvan ədəbi mühitində poeziyanın inkişafı”, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “2021-ci ildə Naxçıvan ədəbi mühitində nəsr: axtarışlar, tapıntılar” və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova “2021-ci il Naxçıvan ədəbi mühitinin publisistik mənzərəsi” mövzularında məruzə ediblər. Məruzələrdə poeziya, bədii nəsr, publisistika sahəsində ideya-mövzu və janr müxtəlifliyi baxımından diqqəti cəlb edən nümunələr təhlil olunub. 2021-ci ildə qələmə alınan əsərlərin əsas mövzusunun Vətən müharibəsi, şəhidlərə ehtiram, zəfər sevinci, xeyirxahlıq olduğu nəzərə çatdırılıb. S.Alışarlı, F.Fərəcov, N.Nəvai, T.Atəş, R.Allahverdiyev, S.Abdulla, Ş.Qafar, N.Əlisoy,  Nargis, S.Teymurbəyli, A.Nehrəmli, T.Arifqızı, N.Məmmədli, S.Tahirli, M.Sultan və başqalarının hekayə, povest və roman janrlarında qələmə aldıqları əsərlərin əsas məziyyətləri barədə məlumat verilib.

Məruzələr ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: