Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

21.02.2022 17:11
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda BDU-nun tələbələri ilə görüş keçirilib

Aşqarlar Kimyası İnstitutunda BDU-nun tələbələri ilə görüş keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) müvafiq laboratoriyalarda 3 ay müddətinə istehsalat təcrübəsi keçəcəklər.

Bununla əlaqədar fevralın 21-də institutun akt zalında təcrübəçi tələbələrlə görüş keçirilib.

Görüşdə çıxış edən müəssisənin baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, rəhbərlik etdiyi qurum elmlə təhsilin inteqrasiyası istiqamətində ölkəmizdə olan mövcud ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. Belə ki, qarşılıqlı təcrübə mübadiləsi olaraq, birgə rəhbərlik əsasında həm magistr, fəlsəfə doktoru hazırlığı yerinə yetirilir, həm də bakalavr tələbələrin təcrübə keçməsi təmin olunur.

Baş direktor AKİ-nin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verib.

Akademik bildirib ki, institutda Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrası fəaliyyət göstərir: “Baza kafedrasında BDU-nun Kimya fakültəsində “Kimya” və “Kimya müəllimliyi” ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün hər cür şərait yaradılıb”.

Görüşdə iştirak edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, k.e.d., professor İbrahim Məmmədov BDU-nun Kimya fakültəsinin AKİ ilə əməkdaşlığının səviyyəsinin qənaətbəxş olduğunu, institutun bir çox əməkdaşlarının bakalavr tələbə və magistrantların tədris prosesinə müəllim kimi cəlb olunduğunu vurğulayıb. O, növbəti tədris illərində baza kafedrasının gələcək perspektiv fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkilində bir sıra yeniliklərin tətbiq edilməsinin zəruriliyini bildirib. İ.Məmmədov qeyd edib ki, builki istehsalat təcrübəsinə “Kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə olmaqla  2 qrup üzrə  ümumilikdə 51 bakalavr tələbə cəlb edilib. Onların may ayının 25-dək təcrübə keçməsi planlaşdırılıb.

Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev isə vurğulayıb ki, bu il pandemiya ilə əlaqədar ölkəmizdə, o cümlədən institutda tətbiq olunan karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində müəssisənin laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

O qeyd edib ki, bu il təcrübə müddətində çalışqanlığı, elmi bilikləri ilə fərqlənən 3 ən yaxşı tələbə seçilərək təşəkkürnamə ilə təltif olunacaq və universitet rəhbərliyinə bu haqda rəsmi məlumat göndəriləcək.

Görüşdə fikir mübadiləsi aparılıb və tələbələrin sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: