Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun  70 yaşı  tamam olur
22.02.2022 11:10
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun 70 yaşı tamam olur

Bu gün görkəmli filosof alim, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun  anadan olmasının 70 yaşı  tamam olur. 

Səlahəddin Sədrəddin oğlu Xəlilov 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsini bitirib. 1976-cı ildə “Elmi-texniki tərəqqi: sistem-struktur təhlil” mövzusunda namizədlik, 1990-cı ildə isə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq işini müdafiə edib. 1991-ci ildə professor elmi adını alıb, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

O,1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəlsəfə kafedrasının müdiri vəzifəsinə seçilib. S.Xəlilov 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoyub, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və Azərbaycan Universitetini təsis edib. 1991-2006-cı illərdə Azərbaycan Universitetinin rektoru vəzifəsində çalışıb.

Görkəmli alim fəlsəfədə yeni istiqamətlərdən biri olan həyat fenomenologiyasının, “canlı ideya” təliminin yaradıcısı olub, eləcə də əsərlərində sosial təfəkkür üçün xüsusi toplanma qaydasını, dünyanın alternativ riyazi modellərini və vektorial zaman konsepsiyasını irəli sürüb. Səlahəddin Xəlilovun Azərbaycanda və xarici ölkələrdə 51 kitabı və 500-dən çox elmi məqaləsi nəşr olunub.

1994-cü ildə “Şərq-Qərb Tədqiqat Mərkəzi”ni, 1997-ci ildə “İpək Yolu” elmi və ictimai-siyasi jurnalını təsis edib. 1988-ci ildə Ümumdünya Elmşünaslıq və Elm tarixi Konqresində, 2003, 2008, 2013, 2018-ci illərdə Ümumdünya Fəlsəfə Konqreslərində Azərbaycanı təmsil edib. 2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2006-2015-ci illərdə Ali Attestasiya Komissiyası İdarə Heyətinin üzvü, 2009-2012-ci illərdə AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem şurasının sədri olub. O, 1995-ci ildə Beynəlxalq Rektorlar Şurasının (IAUP), 1997-ci ildə Rusiya Ekologiya Akademiyasının, 1999-cu ildə Avropa Ali Təhsil Cəmiyyətinin (EAIR), 2000-ci ildə Amerika Fəlsəfə Assosiasiyasının (APA), 2004-cü ildə Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin, 2009-cu ildə Beynəlxalq İbn Ərəbi Cəmiyyətinin, Amerika Siyasi Elmlər Assosiasiyasının (APSA) və Avropa Elm Fəlsəfəsi Assosiasiyasının,  2010-cu ildə Elm, Mühəndislik və Texnologiya Beynəlxalq Akademiyasının, İnnovasiya Sosial Texnologiyalar Beynəlxalq Akademiyasının və bir sıra digər xarici ölkə akademiyalarının üzvü seçilib, 1999-cu ildən Beynəlxalq “Who is who?” ensiklopediyasına daxil edilib.

Səlahəddin Xəlilov, həmçinin  ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəlsəfələr arasında körpü” beynəlxalq təşkilatının həmsədridir. Ümumdünya Fenomenologiya İnstitutunun, “Analecta Husserliana” məcmuəsinin, habelə “Philosophy Study” jurnalının Redaksiya şurasının üzvüdür. O, 1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektivlər” adlı kitabına görə Ümumittifaq “Bilik” Cəmiyyətinin mükafatına, 1992-ci ildə Yusif Məmmədəliyev adına mükafata, 2002-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri fərmanına layiq görülüb. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Azərbaycan elminə mühüm töhfələr bəxş etmiş Səlahəddin Xəlilovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: