Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2022 14:10
  • A-
  • A
  • A+

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Abdulla Şaiq adına 54 nömrəli məktəbin 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbiri keçirilib.

Məktəbdə keçirilən tədbiri Abdulla Şaiq adına 54 nömrəli məktəbin direktoru Sahibə Abbasova açaraq Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylini və institutun digər əməkdaşlarını salamlayıb.

Sonra AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxış edib: “Hamınızı akademiyanın və Ədəbiyyat İnstitutunun adından salamlayır, təhsildə və elmdə uğurlar arzulayıram. Mənim atam 51 il müəllim vəzifəsində çalışıb. Mən 40 il müəllimlik kimi müqəddəs bir işlə məşğul olmuşam. Mənim üçün məktəbə gəlməkdən, məktəbin inkişaf etdiyini görməkdən böyük şey yoxdur. Bu gün bura gələrkən öyrəndim ki, 54 nömrəli məktəb Naxçıvan Dövlət Universitetinin məzununun rəhbərliyi ilə fəaliyyət göstərir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə, təhsilinə və elminə çox yüksək qiymət verirdi, bu fikirdə idi ki, “təhsil millətin gələcəyidir”.

Azərbaycan dili türk dilləri ailəsində özünəməxsus yeri, dərin kökləri, böyük ənənəsi olan çox zəngin və möhtəşəm dildir. Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə mükəmməl dil siyasəti həyata keçirilir. Parlamentdə dil haqqında qanun qəbul edilib. Dövlət Dil Komissiyası fəaliyyət göstərir ki, ona Prezident İlham Əliyev rəhbərlik edir. Dövlət Dil Komissiyasına ölkənin Prezidentinin sədrlik etməyi müstəqil Azərbaycan dövlətinin ana dilinə dövlət səviyyəsində bəslədiyi münasibəti aydın şəkildə ifadə edir. Dil müstəqil dövlətin bayrağı, himni, gerbi kimi əsas atributlarından biridir.

Bu gün Nəsimi rayonundakı 54 nömrəli məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə iştirak edərək, gənclərin, məktəblilərin, yeni nəslin dilə olan sevgisini əyani şəkildə görmək, bu işdə sizə kömək etmək üçün sizinlə birlikdəyik.

Azərbaycan dili xalqın dili olduğu kimi, ədəbiyyatımızın da dilidir. Ədəbiyyatımız dilimizi yaşadan, zənginləşdirən, inkişaf etdirən əsas mənbələrdən və hərəkətverici qüvvələrdən biridir. Ona görə də, biz bu gün sizə ədəbiyyat tarixinə aid kitablar gətirmişik. Ədəbiyyat İnstitutunda on cilddə ədəbiyyat tarixi çap olunur. Çap olunmuş dörd cildi və digər kitablarımızı sizə hədiyyə edirik”.

Sonra Ədəbiyyat İnstitutunun əməkdaşlarından Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova da çıxış edib. Digər əməkdaşlardan Fəridə Hicran, İbrahim Yusifoğlu, Mərziyyə Nəcəfova, Zəkulla Bayramlı məktəb və dil haqqında şeirlərini səsləndiriblər.

Tədbirdə Abdulla Şaiq adına 54 nömrəli məktəbin nəzdindəki kiçik akademiyanın nümayəndələrinin təqdimatında səhnəciklər, bədii qiraət və musiqi nümunələri də təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: