Fevralın 23-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva fevralın 26-sı tarixinin Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edib. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin sağlamlığını itirdiyini, 1275 dinc sakinin girov götürüldüyünü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin isə tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini qeyd edib.
Tədbirdə müəssisənin Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı və başqaları çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.