Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Xalqın və dövlətin mənafeyi naminə imzalanan müttəfiqlik bəyannaməsi
24.02.2022 15:50
  • A-
  • A
  • A+

Xalqın və dövlətin mənafeyi naminə imzalanan müttəfiqlik bəyannaməsi

İllərdir ki, Prezident İlham Əliyev dövlət başçısı olaraq Azərbaycanda və ölkədən xaricdə sıra-sıra sənədlərə imzalar atır. Həmin imzalanan sənədlərin hansılarısa dövlət həyatının gündəlik gedişi ilə bağlıdırsa da, bir qismi xüsusi məna və siqlət daşıyır, ölkənin, xalqın, dövlətin bugünü və sabahı, müqəddəratı ilə əlaqədardır. Fevralın 22-də Moskvada Azərbaycan dövlət başçısının Rusiya Federasiyasının Prezidenti ilə birgə imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə” müasir tariximizdə məxsusi çəkisi və əhəmiyyəti ilə seçilən sənədlərdəndir.

Azərbaycan Respublikasına başçılıq etdiyi illər boyunca Prezident İlham Əliyev dövlət sükanının arxasına keçərkən etdiyi ilk vədinə daim sadiq olub və həmin sədaqətin bəhrələrini millətimiz də, dünya da görür. Prezident İlham Əliyev öz xalqına yaxşı Prezident olacağını söyləmişdi və arxada qalan illərdə görülən nəhəng miqyaslı işlər, 2003-cü ildəki ilə tutuşdurmada müqayisəedilməz qədər qüdrətlənmiş və yüksəlmiş Azərbaycan bunun əyani sübutudur.

Bizim Türkiyə kimi sadiq, etibarlı, vaxt imtahanların­dan ləyaqətlə keçmiş qardaş dövlətimiz və müttəfiqimiz var. İndi Rusiya ilə də qarşılıqlı müttəfiqlik münasibətlərimizin ayrıca bəyannamə ilə təsdiqlənməsi fəlsəfəsi etibarı ilə çağdaş gərgin siyasi mühitdə daha əmin, daha güvənli olmağımıza əlavə bir dayaqdır.

40 bəndlik qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməni imzalamazdan öncə Rusiya dövlət başçısı ilə 5 saat boyunca Prezident İlham Əliyevin apardığı söhbət, təbii ki, həmin gələcək birgə fəaliyyət anlaşmasının dövlətimiz və xalqımız üçün faydalı olması üçün bütün nöqtələri əhatə edib.

Elə günlərin axarında yaşayırıq ki, hamının qulağı siyasi xəbərlərdədir. Aramsız dəyişən hadisələr kaleydoskopu hər kəsin yadına hər an o vacib həqiqəti salır ki, artıq öz içimizə qapılmaq, ailəmizdən, məhəlləmizdən, kəndimizdən, şəhərimizdən, ölkəmizdən qıraqda nələr baş verdiyinin fərqində olmamaq mümkünsüzdür. Çünki bunu da dərk edirsən ki, sanki buralardan çox uzaq məsafələrdə cərəyan edirmiş təəssüratı oyadan başverənlərin elə bizə də aidiyyəti olmamış deyil. İndi Azərbaycan insanı Ukraynada və Ukrayna ətrafında gedən prosesləri də mütəmadi olaraq həssaslıqla izləyir, Moldovada, Dnestryanı bölgədəki duruma da biganə deyil, Gürcüstanın ən yaxın tarix içərisində məruz qaldığı itkilər dolayısınca da düşünür. Qazaxıstan da, Qırğızıstan da, Belarus da, bir sözlə, sovet məkanından çıxaraq müstəqil həyatını yaşayan respublikaların hər biri diqqətimizdədir. Həm də aydındır ki, bu, sadəcə humanizm naminə, qonşumuz, yaxud yaxşı münasibətimiz olan ölkələrdəki vəziyyətə ürəyimizin yanması səbəbindən deyil. Gedişatı təhlil edərək, ya elə sövq-təbii gəlinən nəticə budur ki, o dalğaların hər birinin az, ya çox dərəcədə bizə aidiyyəti var. Həm də oralarda gedən prosesləri seyr edərək, onların ətrafında düşünərək nəticələr çıxarmalıyıq, ibrətlər almalıyıq, gördüklərimizə əsasən addımlar atmalıyıq ki, büdrəmişlərin daddığı acılarla yenidən rastlaşmaq bizə nəsib olmasın.

Bunlar elə məsələlərdir ki, haçandır yalnız peşəkar siyasətçilərin, rəsmi dairələrin mövzusu olmaq çərçivəsindən kənara çıxıb. Artıq bu məsələlərin mütəmadi müzakirəsi kütlə içərisində elə havadan, idmandan bəhs edib fikir söyləmək qədər gündəlikləşib. Çox vaxt da məhz ən düzgün baxışın səninki olduğunu iddia edərək höcətləşmək də adiləşib, sosial şəbəkələri açınca hər kəsin elə siyasət çoxbilmişi kimi qənaət bölüşdüyünə, yol göstərdiyinə şahid olursan.

Bütün bunlar təbii qəbul olunmalıdır, çünki hər kəs cərəyan edənlərin həm də ona, onun xalqına, yurduna da birbaşa, ya dolayısı ilə aidliyini anlayır, müəyyən cavabdehlik məsuliyyəti də hiss edir.

Danışmaq, müzakirələr aparmaq, mövqeyini sosial şəbəkələrdə paylaşmaq nə qədər təbii görünsə də, belə qəliz məsələlərə heç vəchlə hava və idman barədə danışmaq və deyişmək kimi bəsit yanaşmaq qətiyyən düz sayılmaz.

Bizim hamımızın, bütün Azərbaycan vətəndaşlarının istisnasız olaraq hamısının ortaq və ali bir sərvətimiz var. Vətənimiz, müstəqil dövlətimiz. Bu ali sərvətin sahibi olaq deyə Azərbaycan arxada qalan zaman içərisində çox məşəqqətli sınaqlardan keçib.

Müstəqilliyimiz hamımıza əzizdir, dövlətimizin yüksəlişləri, istiqlalımızın yenilməz və əbədi olması hər birimizin arzusudur.

Heç kəs də digərinə bu Vətəni mən səndən artıq sevirəm söyləyə, ondan sevgisinin hesabatını tələb edə bilməz.

Sevgimizin hesabatı əməlimizdir, bu yurdu, bu xalqı, bu dövləti daha qüdrətli edə bilməkçün imkanımız çərçivəsində gördüyümüz işlərdir.

XX yüzilin əvvəlində qazandığımız, 2 ilə yaxın bir müddətdə məsudluğunu yaşadıqdan sonra itirərək 70 il həsrətiylə çırpındığımız müstəqilliyimizi yenidən bərpa etdikdən sonra onun qədrini, hər ilinin, ayının, gününün qiymətini əvvəlki zamanlardan qat-qat artıq bilirik.

Unudulmaz Heydər Əliyevin illər öncə xarici nümayəndə heyətlərindən biri ilə görüşündə müşahidə etdiyim və rəsmi xəbərlərdə əksini tapmayan bir təfərrüat heç xatirimdən silinmir.

Ulu öndər əcnəbi qonaqlara üz tutaraq söylədi ki, bizim dini əsatirdə Sirat körpüsü deyilən bir anlayış var. Cənnətlə Cəhənnəm arasındakı tükdən nazik, qılıncdan iti körpü.

Bizim, Azərbaycanın, elə Azərbaycan kimi bərpa edilmiş müstəqilliyin ilk illərindən keçənlərin vəziyyəti elə həmin Sirat körpüsünü adlamaq kimidir. Sağa, ya sola bircə yanlış addım böyük uğursuzluqlara, fəlakətlərə, ağır itkilərə gətirib çıxara bilər.

Azərbaycan artıq 1991-ci ilin oktyabrında tarixin və taleyin hökmü ilə yenidən qovuşduğu dövlət müstəqilliyinin 30-cu ilini tamamladı, dördüncü onilinə qədəm basdı.

1918-ci ilin 28 mayında Azərbaycanın istiqlal bayrağını ucaldan, cümhuriyyətimizi yaradan fədakar qurucular, nə acı ki, o müstəqilliyi 23 ay yaşada bildilər. Ona görə də indi müstəqilliyimizin üstünə gələn hər ilin xüsusi mənası var, artan yaş həmin müstəqilliyin daha dönməz və yenilməz olmasına zəmanətdir.

Prezident İlham Əliyevin atdığı hər bir addım, qəbul etdiyi hər bir qərar ən başda məhz müstəqilliyimizi daha artıq qorumaq, möhkəmləndirmək naminədir.

Rusiya ən yaxındakı böyük qonşumuzdur. Son 2 əsr içində biz də, bizim kimi bir zamanlar Çar imperiyasının tabeçiliyində, daha sonra SSRİ-nin tərkibində olmuş, indi müstəqil dövlətlər kimi ömrünü sürənlər də Rusiya ilə təbii olaraq bir çox münasibətlər və əlaqələrlə sıx bağlıyıq. Bu, gerçəklikdir və biz siyasətimizi müəyyənləşdirərkən, xəttimizi apararkən daim həmin amili diqqətdə saxlamalıyıq.

Aşağı-yuxarı bizimlə təqribən eyni vaxtda müstəqilliyini bərpa etmiş digər respublikalarla, indiki yeni müstəqil dövlətlərlə müqayisədə biz hansı məqamdayıq, kim nə qazanıb, nə qədər itirib?

İtirmək baxımından 1990-cı illərin əvvəllərindən bəlkə də biz hamısından daha ağır vəziyyətdəydik. Ərazilərimizin 20 faizi işğal altındaydı və yüz minlərlə insanımız qaçqın, köçkün həyatı yaşayırdı.

Bizə nəsib oldu ki, o təcavüzü yenək, işğalçını zəbt etdiyi ərazilərimizdən çıxaraq, o yaralı torpaqlarımızda da bayrağımızı dalğalandıraq.

Bu isə yalnız arzulamaqla, şüarlar bağırmaqla çatıla bilən nailiyyət deyil.

Bu müstəsna uğurlar ilk növbədə Prezident İlham Əliyevin adı, zərgər səliqəsi ilə apardığı siyasətlə bağlıdır.

Bu misilsiz zəfərə ən əvvəl məhz ağıllı siyasətin sayəsində yetişdik. Əgər siyasət doğru aparılmasaydı, bütün münasibətlər dəqiqliklə nizamlanmasaydı, bu mürəkkəbdən-mürəkkəb gedişatı fövqəladə məharət və bəsirətliliklə idarə edən, özü də möhtəşəm bir orduya çevrilən Prezident İlham Əliyev olmasaydı, nə qədər mübariz olsaq da, nə qədər güclü ordu yaratsaq da, qələbəyə çatmağımız müşkül olardı.

Ukraynada cərəyan edənlər göz qabağındadır. Müstəqil olmağına müstəqil qalır, ancaq Krımı itirib, Luqansk, Donetsk vilayətləri əlindən çıxıb, onların müstəqilliyi tanınmağa başlanır. Gürcüstan Osetiyanı, Abxaziyanı itirdi. Moldovada Dnestryanı bölgədə yaşananlar da məlum. Müstəqil dövlət siyasəti olmayan, kənar diktəyə tabe, ərazisində xarici dövlətin hərbi bazaları yerləşən Ermənistanı, ya bolluca problemi olan digərlərini yada salaq.

Azərbaycan qəsb edilmiş ərazilərini geri aldı, digərləri nəinki itirdikləri torpaqların bir qarışını qaytarmağı bacardılar, əksinə, həmin qopmuş ərazilərin ayrıca dövlətlər kimi müstəqilliyi tanınmağa başladı.

Gələcək zamanlar içərisində, vaxtın sabahkı hündürlüyündən baxaraq bizim dövrdə baş vermişləri qiymətləndirmək, əlbəttə ki, asan olacaq. Amma indi vaxtın sürətli axarında, hadisələrin bir-birini ildırım sürəti ilə əvəz etdiyi məqamda təmkinini qeyb etmədən, hisslərə qapılmadan, dövlətin və millətin maraqlarını düşünərək mümkün olan ən zəruri və ən dürüst addımları atmaq qətiyyən sadə iş deyil. Bu, bir neçə gedişi irəlicədən hesablayan qrossmeysterin fəhmindən daha incə öncəgörümlük, səriştə, uzaqgörənlik tələb edən məsələdir. Siyasət şətrəncinin meydanındakı hərəkət şahmat taxtası ilə hərdən müqayisə edilsə də, gerçəklikdə ondan qat-qat mürəkkəbdir.

Müttəfiqlik Bəyannaməsinin guya müstəqilliyimizdən ötrü hansısa hürkülər törədə biləcəyindən hürkən, və ya bu fikri nabələd insanlara aşılamaq istəyənlərə ən sərrast cavab elə sənəd imzalanan gün prezidentlərin görüşündə dilə gətirilib. Rusiya dövlətinin başçısı Vladimir Putin Prezident İlham Əliyevə bəyan edib ki, Rusiya Sovet İttifaqı dağıldıqdan sonrakı bütün yeni geosiyasi reallıqları etriaf edib və onun sabiq imperiya sərhədləri daxilində imperiyanı bərpa etmək hazırlıqları haqda danışılanlar möhtəkirlikdir və əsla həqiqətə uyğun deyildir!

Prezident İlham Əliyevin fevralın 22-də Kremldə imzaladığı növbəti sənəd – Rusiya Federasiyası ilə Azərbaycan arasındakı qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə bütün siyasi gedişatı incəliklərinə qədər bilən, bugünün sabahını hadisələrin tən mərkəzində dayanaraq hər kəsdən daha öncə görən, millətini daha firavan və xoşbəxt, dövlətini daha güclü və uğurlu, müstəqilliyimizi daha təhlükəsiz və möhkəm etməyi bütün varlığı ilə arzulayan və bu yolda usanmadan çalışan bir vətənpərvərin atdığı imzadır. Bu gün bu bağlaşmanın vacibliyi və dəyərini siyasi cərəyanların nəbzindən tutmağı bacaranlar yaxşı anlayır. Zaman ötdükcə isə bu imzanın necə vaxtında atıldığını, nə qədər dərin düşünülmüş olduğunu, xalqımız və dövlətimiz, müstəqilliyimiz üçün nə həddə gərəkliliyi və əhəmiyyətini hər kəs duyacaq, yüksək qiymətini də verəcək.

Rafael HÜSEYNOV, Milli Məclisin deputatı, akademik

“Xalq qəzeti”

  • Paylaş: