Bakı Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsi, AMEA-nın Folklor İnstitutu və BDU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli folklorşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə Folklor İnstitutu və BDU-nun Filologiya fakültəsinin əməkdaşları, tələbələr və digər elm-təhsil müəssisələrindən dəvət edilmiş ziyalılar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər Orucova bildirib ki, Azərbaycan folklorşünaslığında xüsusi xidmətləri olan Azad Nəbiyev müəllim, elmi rəhbər, çalışdığı kafedranın müdiri, eləcə də atası - Azərbaycan dövlət xadimi, şair-dramaturq Hidayət Orucovun yaxın dostu kimi onun həyatında böyük rol oynayıb. S.Orucova qeyd edib ki, hazırda rəhbərlik etdiyi, A.Nəbiyev tərəfindən yaradılmış kafedra mərhum alimin elmi-təşkilatçılıq bacarığının bariz nümunəsidir və bu kafedra A.Nəbiyevin əsasını qoyduğu ənənələri davam etdirir.
Sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının şədr müavini akademik Teymur Kərimli vurğulayıb ki, hələ aspirantura təhsili aldığı illərdən A.Nəbiyevi təcrübəli pedaqoq, elmi məsələlərə ciddi yanaşması ilə seçilən alim kimi tanıyıb. Onun elmi irsi bu gün də öz aktuallılğını qoruyub saxlayır. Akademik vurğulayıb ki, Azad Nəbiyevin yetişdirdiyi kadrlar bu gün respublikanın müxtəlif qurumlarında uğurla fəaliyyət göstərir.
AMEA-nın Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev bildirib ki, A.Nəbiyev həm bakalavriat, həm də magistratura dövründə onun diplom və dissertasiya işinə rəhbərlik edib və ümumən onun folklora elmi marağının artmasında, bu elm sahəsinə gəlməsində mühüm rol oynayıb: “Azad Nəbiyev Azərbaycan folklorşünaslığına şəhər folkloru, balıqçı folkloru, ipəkçi nəğmələri, hanaçı nəğmələri, qaçaq folkloru və b. yeni anlayışlar gətirib. Bəzi janrların etnopsixoloji düşüncə ilə bağlı tərəflərinə ilk dəfə onun əsərlərində toxunulub. Alim özünün 2 cildlik “Azərbaycan xalq ədəbiyyatı” dərsliyində şifahi yaradıcılıq örnəklərinin “lirik, epik, dramatik növlər” kimi bölgüsündən imtina edib, bunu lirik, epik, dramatik üslub kimi verməklə, folklorun filoloji baxış bucağı ilə məhdudlaşan təsnifatından ilk dəfə kənara çıxıb. Əslində, bu yanaşma filoloji folklorşünaslıqdan sosial-antropoloji folklorşünaslığa keçidin ilkin əlamətləri kimi də qəbul oluna bilər. Azad Nəbiyev öz tədqiqatlarında o zamanadək folklorşünaslığımızda diqqət yetirilməyən bir çox məsələləri tədqiqat müstəvisinə gətirib”.
Filologiya elmləri doktoru, professor Ramil Əliyev “Azad Nəbiyev və folklor mədəni irsi” mövzusunda məruzə edərək yubilyarın müxtəlif elmi əsərlərində qaldırılan problemləri şərh edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Etibar Talıblı “Azərbaycan folklorunun görkəmli tədqiqatçısı və təbliğatçısı” adlı məruzəsində bildirib ki, A.Nəbiyev BDU-da çalışdığı illərdə folkloru təkcə tədris etməyib, o həm də folklorun toplayıcısı, tədqiqatçısı və aktiv təbliğatçısı olub. Məruzədə, həmçinin A.Nəbiyevin bədnam qonşularımız tərəfindən folklor nümunələrimizin mənimsənildiyini ifşa edən yazılarından bəhs edilib.
Filologiya elmləri doktoru, dosent Qalib Sayılov “Milli folklorşünaslığımızda Azad Nəbiyev assosiasiyası” mövzusunda məruzəsində alimin folklorun müxtəlif janrları, Novruz mərasimi, adət-ənənələr və mifologiya ilə bağlı tədqiqatlarından söhbət açıb.
“Etnopsixoloji düşüncə ilə bağlı yaranan janrlar” mövzusunda məruzə edən filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə İslamzadə A.Nəbiyevin yuxu, qarabasma, göstərmə, eymənmə, ürəyədamma kimi janrları ilk dəfə elmi dövriyyəyə daxil etdiyini vurğulayıb. Alimin yuxu və yuxuyozmalar barədə tədqiqatları üzərində dayanan K.İslamzadə A.Nəbiyevin öz tədqiqatlarında psixoanaliz və etnopsixologiyanın nailiyyətlərindən, Lütfü Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin bəhrələndiyindən və irəli sürdüyü fasiləsiz transfer nəzəriyyəsindən bəhs edib.
Daha sonra prof. A.Nəbiyevlə uzun illər çiyin-çiyinə çalışmış həmkarlarından prof. Cəlil Nağıyev, Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, dos. Məhərrəm Vəliyev alimlə bağlı xatirələrini və ürək sözlərini iştirakçılarla bölüşüblər.
Elmi sessiyada A.Nəbiyevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib.
Alimin ailəsi adından çıxış edən qızı və davamçısı Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimi filologiya elmləri doktoru Ülkər Nəbiyeva elmi sessiyanın təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.