Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.04.2025 17:40
  • A-
  • A
  • A+

AMEA-da “Zərifə Əliyeva işığında: Qadın və dövlətçilik” mövzusunda dəyirmi masa keçirilib

AMEA-da “Zərifə Əliyeva işığında: Qadın və dövlətçilik” mövzusunda dəyirmi masa keçirilib

Aprelin 24-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun YAP Təşkilatı, Qadınlar Şurası, “Türk dünyası əlyazmalarının tədqiqi” və “Türkdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş “Zərifə Əliyeva işığında: Qadın və dövlətçilik” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, eləcə də Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Rəyasət Heyətinin və Əlyazmalar İnstitutunun əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Əlyazmalar İnstitutu tərəfindən hazırlanmış və akademik Zərifə xanım Əliyevaya həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan elminin, səhiyyəsinin və ictimai-fikrinin inkişafında mühüm xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünün Akademiyanın elmi müəssisə və təşkilatlarında keçirilən silsilə tədbirlərlə qeyd olunduğunu və zəngin fəaliyyətinin yenidən cəmiyyətimizə və yeni nəslə təqdim edildiyini bildirib. Qeyd edib ki, bugünkü tədbir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təşəbbüsü ilə fərqli formatda keçirilir, akademik Zərifə Əliyevanın həyatını həsr etdiyi tibb elminə dair Əlyazmalar İnstitutunda saxlanılan XII-XVII əsrlərə aid əlyazmalar sərgilənir.

Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsindəki tarixi xidmətlərinin nəinki ölkəmizdə, bütün keçmiş Sovet İttifaqında və dünyada qəbul olunduğunu və yüksək qiymətləndirildiyini deyən AMEA rəhbəri görkəmli alimin SSRİ-də oftalmologiya elminin yaradıcılarından biri, Azərbaycanda isə oftalmologiya elminin banisi kimi qəbul edildiyini söyləyib.

Akademik İsa Həbibbəyli bir neçə elmi istiqamətin və yeniliklərin görkəmli alimin adı ilə bağlı olduğunu, hər kəs tərəfindən xüsusi rəğbətlə qarşılanan praktik yeniliklər tətbiq etdiyini diqqətə çatdırıb.

“Azərbaycanda traxoma xəstəliyinin qarşısının alınması və müalicə üsullarının müəyyənləşdirilməsi akademik Zərifə Əliyevanın adı ilə bağlıdır. Bu məqsədlə akademik Zərifə Əliyevanın təşəbbüsü əsasında həkim briqadaları təşkil edilmiş, Bakıda və rayonlarda traxoma xəstəliyinə qarşı mübarizə aparılmışdır. Həmçinin Zərifə xanım Əliyeva istehsal müəssisələrində və sənayedə yaranmış göz xəstəliklərinə qarşı da ciddi mübarizə aparmış, bir sıra müəssisələrdə onun tərəfindən laboratoriyalar yaradılaraq peşə xəstəlikləri yerindəcə müayinə və müalicə olunmuşdur. Akademik Zərifə Əliyeva bu istiqamətdə praktik və elmi fəaliyyəti ilə sənaye oftalmologiyasının əsasını qoymuşdur”, - deyə AMEA prezidenti diqqətə çatdırıb.

Akademik Zərifə Əliyevanın tibb sahəsindəki zəngin fəaliyyətini elmi tədqiqatları ilə genişləndirdiyini deyən natiq alimin təşəbbüsü ilə Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə laboratoriyanın yaradıldığını, geniş elmi tədqiqatların aparıldığını, həmçinin ixtisaslaşmış oftalmoloq kadrlar yetişdirildiyini vurğulayıb. AMEA rəhbəri görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu sahədə həyata keçirdiyi elmi fəaliyyətinə görə, SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldüyünü və Azərbaycan qadınının gücünü, zəkasını bütün dünyaya göstərdiyini söyləyib.

Akademik İsa Həbibbəyli görkəmli alimin xatirəsinin ölkəmizdə əbədiləşdirildiyini, Milli Oftalmologiya Mərkəzinin, Liseyin, bir sıra küçələrin onun adını daşıdığını bildirib.

“Zərifə xanımın zərifliyi, insanlığı, şəxsiyyəti, həyatı və fəaliyyəti hər kəs üçün bir nümunədir və onun ideyaları, elmdə qoyduğu ənənələr bu gün də yaşayır və Azərbaycan elminin inkişafına öz töhfəsini verir”, - deyə AMEA prezidenti qeyd edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu deyib. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır.

Görkəmli alimin həyatı və fəaliyyəti barədə məlumat verən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova milli oftalmologiya elmi məktəbinin əsasını qoymuş, 1968-ci ildən görmə orqanının peşəkar patologiyaları ilə məqsədyönlü məşğul olmuş və bu istiqamətdə bir çox yeni elmi ideyaların müəllifi kimi bütün dünyada tanınmış Zərifə xanım Əliyevanın “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını 1976-cı ildə Moskvada, nüfuzlu elmi mərkəz kimi tanınan M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyini, 1977-ci ildə SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona tibb elmləri doktoru elmi dərəcəsi, 1979-cu ildə isə Göz xəstəlikləri kafedrası üzrə professor elmi adı verildiyini söyləyib.

Həmçinin bildirib ki, akademik Zərifə Əliyevanın çoxşaxəli tədqiqatlarının əsas istiqamətlərini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, herpetik göz xəstəlikləri, görmə orqanının virusla zədələnməsi, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahi müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, göz zədələnmələri, terapevtik oftalmologiya, iridodiaqnostika, göz vərəmi, görmə orqanının onkoloji və qlaukoma problemləri və s. təşkil etmişdir. Bütün bu məsələlərin əhatə edildiyi “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual problemləri”, “Herpetik göz xəstəliyi”, “Kəskin virus konyunktivitləri”, “Göz yaşı drenajının fiziologiyası”, “İridodiaqnostika” və s. kimi monoqrafiyaları dünya oftalmologiya elminə mühüm töhfələrdir.

Tədbirdə həmçinin AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva çıxış edərək akademik Zərifə xanım Əliyevanın vəfalı ömür-gün yoldaşı, bir ana, həkim, alim və ictimai xadim olaraq Azərbaycan qadınını ləyaqətlə təmsil etdiyini, yüksək mədəniyyəti, alicənablığı, zərifliyi, insanlığı və parlaq zəkası ilə hər kəsin sevgisini qazandığını söyləyiblər.

Sonda xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: