Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Seminarın məruzəçisi Bakı Dövlət Universitetinin Maddə Quruluşu kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Eldar Məsimov olub.
Tədbirə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və Molekulyar Fizika kafedrasının professoru Niftalı Qocayev, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin əməkdaşları və Bakı Dövlət Universitetinin magistrantları da qatılıblar.
Seminarı giriş sözü ilə açan Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbir iştirakçılarını səmimi şəkildə salamlayıb, seminarın mövzusunun elm və təhsil sahəsindəki əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O, bu mövzunun həm nəzəri, həm də praktiki tərəflərinin dərin araşdırılmasının vacibliyini qeyd edib, professor Eldar Məsimovdan mövzunun nəzəriyyəsinin və funksional aspektlərinin geniş şəkildə izahını rica edib. Oktay Qasımov, həmçinin gələcəkdə seminarın elmi və texnoloji tətbiqlərinə dair maraqlı və faydalı düşüncələrin ortaya çıxacağına ümid etdiyini bildirib. Bu çıxışda həmçinin, professor Məsimovun bu sahədəki zəngin təcrübəsi və elmi işlərinə olan dərin hörmətini də diqqətə çatdırıb.
AR ETN Biofizika İnstitutunun elmi tədbirində çıxış edən professor Eldar Məsimov, suyun canlı orqanizmlərdəki mühüm rolunu və bu kontekstdə ikifazalı sistemlərin əhəmiyyətini diqqətə çatdırıb. O, suyun yalnız həlledici funksiyası daşımadığını, həm də bioloji və biokimyəvi proseslərin gedişinə birbaşa təsir göstərdiyini vurğulayıb. Su molekulları arasında yaranan hidrogen rabitələri və onların nəticəsində formalaşan dinamik strukturların bu təsirləri yaratdığını bildirib.
Məsimov, suyun unikal xassələrini qeyd edib və onun bu xassələrinin suyun fiziki və fiziki-kimyəvi anomallıqları ilə izah olunduğunu vurğulayıb. O, sıxlıq, səthi gərginlik və dielektrik sabitliyi kimi göstəricilərdəki ekstremumların suyun digər mayelərdən fərqliliyini ortaya qoyduğunu vurğulayıb. Bu xassələrin əsasında yaranan iki strukturlu maye modeli Bernal və Fauler tərəfindən təklif edilmiş və bir çox alimlər tərəfindən inkişaf etdirilmişdir.
Məruzəçi, ikifazalı sistemlərin maddələrin qeyri-bərabər paylanması prinsipinə əsaslandığını bildirib və bu yanaşmanın xüsusilə bioloji mühitlərdə komponentlərin effektiv ayrılması və təhlili üçün yeni imkanlar açdığını qeyd edib. İkifazalı sistemlərin analitik, preparativ və diaqnostik məqsədlərlə istifadəsinin tibbi və biotexnoloji sahələrdə innovativ tətbiqlərə yol açdığını vurğulamışdır. Bu metodun əsas üstünlüklərindən biri də canlı sistemlərin təbii şəraitə yaxın modellərlə tədqiqinə imkan verməsidir.
Professor Məsimov çıxışında “hidrofob effekt” anlayışına da xüsusi yer ayırıb. O, qeyri-polyar və ya belə qruplar daşıyan maddələrin su ilə qarşılıqlı təsiri zamanı müşahidə olunan bu effekti sərbəst Gibbs enerjisi ilə izah edib. Molekulyar səviyyədə hidrofil və hidrofob qrupların nisbətinin bioloji molekulların suda həllolma qabiliyyətini və funksional xüsusiyyətlərini müəyyən etdiyini əlavə edib.
Alim, polimer və elektrolit ikifazalı sistemlərin xüsusiyyətlərindən də bəhs edib. Bu sistemlərdə su fazası hidrofil, qeyri-polyar faza isə hidrofob olur. Maddələrin paylanması, fazalar arasındakı hidrofobluqların fərqi ilə əlaqəlidir. O, bu sistemlərin bioloji və farmakoloji sahələrdə maddələrin hidrofobluğunun qiymətləndirilməsi və su mühitlərində strukturlarını dəyişən maddələrin təsirini ölçmək üçün vacib olduğunu qeyd edib.
Məsimov, bioloji hissəciklərin ayrılmasında da ikifazalı sistemlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O həmçinin bu sistemlərin çox "yumşaq" və kontaktsız şəkildə işlədiyini vurğulayıb. Eyni zamanda, bu metodların patoloji dəyişikliklərin göstəricisi olaraq istifadə oluna biləcəyini də qeyd edib.
Məruzənin dinlənilməsindən sonra Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, professor Niftalı Qocayev, Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov, b.ü.f.d. dosent Taleh Yusifov, f.ü.e.d. Gülnarə Haqverdiyeva və f.ü.f.d. Xavər Həsənova çıxış edərək seminarın mövzusuna dair suallarını və fikirlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.