Müstəqil Azərbaycan Respublikasının müasir inkişafı həm ölkəmizin iqtisadi-hərbi qüdrətinin dönmədən artırılması və həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə şərtlənir. Bu baxımdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünyanın və ölkəmizin ən çətin zamanlarında atdığı qətiyyətli addımlar, yaratdığı möhkəm təməllər yenicə müstəqillik qazanmış Azərbaycanın dünya birliyində özünəməxsus yeri və əhəmiyyəti olan bir dövlət kimi qəbul edilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxaspektli və məqsədyönlü siyasət 18 il ərzində xalqımızın və ölkəmizin inkişafında yeni tarixi mərhələnin yaranması ilə nəticələnmişdir. Möhtəşəm Qarabağ Zəfəri, bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözü olan güclü Azərbaycanın tarixində xüsusi bir İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. Müstəqil Azərbaycan dövlətinin Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, Ümumdünya Səhiyyə Təşkilatı və sair mötəbər beynəlxalq qurumlar səviyyəsində qazandığı böyük nüfuz, dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş mühüm nailiyyətlər Prezident İlham Əliyevin müstəqil dövlətçilik istedadının parlaq reallıqlarıdır. Böyük qürur hissi ilə demək olar ki, bu gün dünyada Azərbaycan Respublikası qədər hərtərəfli şəkildə inkişaf edən və yüksək beynəlxalq imicə malik olan ölkələr çox deyildir.
Son vaxtlarda həyata keçirilmiş bir sıra beynəlxalq səviyyəli məqsədyönlü tədbirlər müstəqil Azərbaycan Respublikasının dünya birliyində və regiondakı yerini və mövqeyini, gücünü və imkanlarını daha da qüvvətləndirmişdir. Bu cəhətdən qardaş Türkiyə Cümhuriyyəti ilə strateji müttəfiqlik haqqında imzalanmış 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi “Tək millət – iki dövlət” olan bu ölkə ilə dövlətimizin həm çoxəsrlik ikitərəfli münasibətlərin, həm də regional problemlərin qarşılıqlı surətdə uğurlu həll edilməsinə, habelə beynəlxalq müstəvidə vahid mövqedən çıxış etməyə tam təminat verən mühüm tarixi hadisədir. Eyni zamanda, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 23 fevral 2022-ci il tarixdə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da müstəqil dövlətimizin əlaqələrinin və imkanlarının daha da inkişaf etdirilməsinə, çox zəruri olan sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edən məqsədyönlü və əhəmiyyətli siyasi addımdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Rusiya Federasiyası ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycan və Rusiya xalqlarının milli maraqlarına və müstəqil dövlətçilik mənafelərinə cavab verən çox əhəmiyyətli beynəlxalq müqavilədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzalandıqları müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bu ölkələrin təhlükəsizliyinə, sabit, davamlı və dayanıqlı inkişafına təminat verən rəsmi dövlət sənədidir. Rusiya Federasiyası ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ölkəmizin suverenliyinin toxunulmazlığına, ərazi bütövlüyümüzün qorunub saxlanılmasına və möhkəmləndirilməsinə, çoxcəhətli Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf etdirilməsinə dair etibarlı bir öhdəlikdir. Qarşılıqlı fəaliyyət haqqındakı müttəfiqlik Bəyannaməsi Rusiya ilə iqtisadi, diplomatik, hərbi, elmi, mədəni əməkdaşlığın daha da inkişaf etdirilərək yeni mərhələyə çatdırılmasına yol açır. Və ən önəmlisi isə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiyanın dövlət başçılarının imzaladıqları Sazişin müddəalarının yerinə yetirilməsi zərurətini bir daha rəsmiləşdirir. Ona görə də ümumən regionda, xüsusən Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində 23 fevral 2022-ci il tarixli Azərbaycan-Rusiya Bəyannaməsinin böyük əhəmiyyəti vardır. Yeni Bəyannamə Ermənistanın Azərbaycanla Sülh Sazişi bağlamağa doğru addımlar atmaqdan başqa yol olmadığını başa düşməyə çağırış baxımdan da əhəmiyyətlidir.
Qəbul olunmuş Bəyannamə nəinki region dövlətləri üçün, hətta beynəlxalq miqyasda böyük maraq doğuran və xüsusi əhəmiyyətə malik olan Zəngəzur nəqliyyat dəhlizinin açılmasının reallığa çevrilməsi baxımından da ciddi bir addımdır. Bundan başqa, yeni müttəfiqlik Bəyannaməsi Azərbaycan Respublikasına beynəlxalq təşkilatlarda daha bir etibarlı səs və dəstək qazandırmağa xidmət edir. Ortaq maraqlar baxımdan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə həm regionda və həm də beynəlxalq aləmdə sarsılmaz müttəfiqlər olan Azərbaycan-Türkiyə birliyinə əlavə bir güc və qüvvət verir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ölkələrarası münasibətlərin digər sahələri ilə birlikdə humanitar sahədə və elmi-texniki əməkdaşlıq istiqamətində də yeni üfüqlərə meydan açır. Bu Bəyannamədə öz əksini tapmış müddəalar Azərbaycan-Rusiya elmi-texniki, ədəbi-mədəni əlaqələrini və əməkdaşlığını daha da inkişaf etdirməyə geniş imkan yaradır. Əvvəla, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsas istiqamətlərində ahəngdar inkişafa nail olmaq üçün humanitar siyasət özünün gərəkli dəstəyini verməlidir. İkincisi isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqındakı 23 fevral 2022-ci il tarixli Bəyannamənin konkret maddələrindəki humanitar siyasət, elmi-texniki əməkdaşlıq, mədəni əlaqələrlə bağlı müddəalar bu sahəni əhatə edən nazirliklərin, elmi qurumların, yaradıcılıq təşkilatlarının qarşısında məsul vəzifələr qoyur. Belə ki, Bəyannamənin 24-cü maddəsində ifadə olunmuş elmi-texniki əməkdaşlığı dərinləşdirmək və elmi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq haqqındakı müddəalar, 33-cü maddədə öz əksini tapmış informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin həyata keçirilməsinə, 39-cu maddədəki mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsinə dair öhdəliklər elmi qurumların və yaradıcılıq təşkilatlarının həmin istiqamətlərdə mövcud olan ənənələri yeni inkişaf müstəvisinə çıxarmalarını tələb edir. Bu cəhətdən 2021-ci ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinin müddəalarının əməli fəaliyyət üçün yaratdığı imkanların reallaşması üçün bütün səylər birləşdirilməli, konkret addımlar atılmalıdır. Eyni zamanda, Bəyannamənin 40-cı maddəsinin tələblərinə uyğun olaraq, elm və yaradıcılıq sahələrində diaspor təşkilatları ilə əlaqələrin yenidən qurulmasına və inkişaf etdirilməsinə də ehtiyac vardır. Bütün bunlar Bəyannamənin 42-ci maddəsində qeyd edildiyi kimi, «Tərəflərin «humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətinin» genişləndirilməsinə şərait yaradır. Fikrimizcə, Bəyannamə Azərbaycan-Rusiya elmi-mədəni əlaqələrinin inkişafına geniş meydan açacaq və mühüm töhfələr verəcəkdir.
Göründüyü kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ölkəmizin Prezidenti İlham Əliyevin müstəqil dövlətçilik siyasətinin növbəti təntənəsi və ölkə rəhbərimizin mühüm diplomatik qələbəsidir. Dövlət başçımızın imzaladığı Bəyannamə müstəqil Azərbaycan dövlətinin yeni tarixi mərhələdə, müasir geosiyasi reallıqlar şəraitində əlaqələrinin, mövqelərinin və imkanlarının daha da inkişaf etdirilməsinə doğru geniş üfüqlər müəyyən edəcəkdir.
İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisinin deputatı, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.