Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.02.2022 17:09
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutu ilə SOCAR-ın Kompleks Qazma İşləri Tresti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Neft və Qaz İnstitutu ilə SOCAR-ın Kompleks Qazma İşləri Tresti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Neft və Qaz İnstitutu SOCAR-ın Kompleks Qazma İşləri Tresti ilə elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Müqavilənin məqsədi mürəkkəb şəraitdə qazma işlərinin keyfiyyətini təmin edən qazma, tamponaj məhlulları parametrlərinin tədqiqi və tənzimlənməsi üzrə birgə elmi-tədqiqat və tətbiqi işlərinin aparılmasıdır.

Müqavilənin imzalanması hər iki müəssisənin nümayəndələrinin görüşü zamanı baş tutub. Görüşdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, icraçı direktor, professor Vaqif Qurbanov, şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, elmi işçi M.Yusifov, SOCAR-ın Kompleks Qazma İşləri Tresti tərəfindən isə qurumun rəisi, t.ü.f.d. Elnur Süleymanov və departamentin rəis müavini M.Hacıyev iştirak ediblər.

Müqavilədə tərəflərin icra edəcəyi işlərin proqramı öz əksini tapıb. Belə ki, proqramda mürəkkəb dağ-geoloji şəraitdə quyu divarlarının bərkidilməsi texnologiyasının müasir vəziyyətinin təhlili, qazma və sement məhlullarının keyfiyyətinə əsas amillərin təsirinin tədqiqi üsulunun və metodikasının işlənməsi, müxtəlif doldurucuların qazma və sement məhlullarının xassə göstəricilərinə təsirinin eksperimental tədqiqi və nəticələrin interpretasiyası nəzərdə tutulur. Həmçinin müqavilə çərçivəsində geoloji şəraitin qiymətləndirilməsi, quyu tikintisinin layihələndirilməsi, risklərin təhlili və qiymətləndirilməsi zamanı texnoloji qərarların təkmilləşdirilməsi, mürəkkəb şəraitdə quyuların qazılması zamanı istifadə olunan məhlulların nisbi effektivliyinin təhlili  aparılacaq. Qazma zamanı mürəkkəbləşmələrin ağırlıq dərəcəsinin qiymətləndirilməsi məqsədilə geoloji-texnoloji tədqiqatların məlumatlarına əsasən mürəkkəbləşmiş intervalların proqnozlaşdırılma imkanlarının göstərilməsi və geoloji obyektlərin petrofiziki xassələrini nəzərə alaraq qeyri-səlis klaster üsulu ilə məsələ qoyuluşu və həlli də planlaşdırılır.

Elm, təhsil və sənayenin inteqrasiyası olaraq, Neft və Qaz İnstitutu və SOCAR-ın Kompleks Qazma İşləri Trestinin birgə elmi-texniki əməkdaşlığı elmin inkişafına və kadr hazırlığına öz töhfəsini verəcək. Belə ki, alimlər apardıqları nəzəri tədqiqatlarının eksperiment yolu ilə sınaqdan keçirilməsi imkanını əldə edəcək, sənaye isə elmi cəhətdən əsaslandırılmış dəstək alacaq. Həmçinin “Quyuların qazılması” ixtisası üzrə institutun magistraturasında təhsil alan tələbələrə trestdə təcrübə keçmək üçün şərait yaradılacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: