Nizami rayonunda yerləşən 242 nömrəli orta məktəbin şagirdləri Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda təşkil edilən praktiki təlimlərdə iştirak ediblər.
Təlim İnteqrativ Biologiya laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva tərəfindən keçirilib və xüsusi olaraq 11-ci sinif şagirdi Əliyev Mahal üçün nəzərdə tutulub. Təlimdə bioinformatika sahəsində müasir alətlər və üsullar izah edilib və tətbiq olunub.
Təlim çərçivəsində NCBI-dən FASTA formatında məlumat yükləmə, BLAST alətindən istifadə ilə nukleotid və aminturşu ardıcıllıqlarının müqayisəsi, genetik ardıcıllıqlar arasındakı oxşarlıq və fərqliliklərin müəyyən edilməsi mövzuları tədris olunub. AlphaFold2 vasitəsilə zülalların 3D quruluşları proqnozlaşdırılıb, əldə edilən nəticələr AlphaFold3 ilə müqayisə edilib, daha mürəkkəb zülallar üçün dəqiq nəticələr təqdim edən bu alətlərin istifadəsi izah edilib. PyMol aləti ilə zülalların 3D quruluşlarının vizuallaşdırılması, Py3Dmol ilə quruluşların interaktiv şəkildə araşdırılması, fərqli zülalların strukturlarının müqayisəsi praktiki olaraq nümayiş etdirilib. Google Colab mühitində Python proqramlaşdırma dili ilə DeepMind alqoritmlərinin tətbiqi, AlphaFold2 və AlphaFold3-dən istifadə edərək zülalların struktur analizləri həyata keçirilib, Colab platformasının sürətli hesablama və analiz imkanları vurğulanıb.
Təlimin əsas məqsədi bioinformatika sahəsində müasir yanaşmaları məktəb şagirdlərinə çatdırmaq, onları elmi tədqiqatlara təşviq etmək olub. Təlimdə iştirak edən şagirdlərlə gələcəkdə də bu kimi planlı təlimlərin davam etdirilməsi nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.