Nə qədər belə mehriban gecələr ikimi, üçmü, beşmi saat davam edib, o axşam söylənənlərin xoş dalğasında heç hiss olunmayıb ki, vaxt necə keçdi, söz sözü çəkib, o unudulmaz dəqiqələrdə nə qədər unudulmuşlar yada düşüb. Ancaq illər ötüb, elə həmin xatirələrlə daşan füsunkar gecənin özü də bir xatirəyə çevrilib. O axşamdakı insanlar bir-bir köçünü çəkib getdikcə həmin söylənənlər də keçmişə çöküb, nəsillər dəyişdikcə asta-asta biryolluq xatirələr də əriyib-itib, uzaq başı qalan tək-tək fotolar sonralar həmin əziz günlərin şahidinə çevrilib.
2024-cü ilin fevralında böyük Azərbaycan alimi Həmid Araslının 115 yaşı tamam olurdu və ona ömrü boyu ən əziz məkanlardan olmuş Nizami muzeyində bu ildönümü xatirələr işığında qeyd edilirdi və televiziya çəkirdi, söylənənlərin hamısı əvvəldən-axıracan yazıya alınırdı.
Hələ qonaqlar bir-bir gəlirdi, hələ televiziya işçiləri kameraları, işıqları qururdular və düşünürdüm ki, belə imkan onillər öncə də olsaydı, görün hansı sərvətlər qorunub saxlanar, bugünə də çatardı. Axı mən bilirəm ki, elə az sonra toplantının başlanacağı, 1918-ci ilin sentyabrında hotellikdən çıxaraq Azərbaycanın siyasi-elmi-ədəbi-mədəni həyatında mühüm yer tutacaq qurumların yerləşdiyi məkana çevriləndən bəri ötən onillərdə bu binada, bu zalda adları tariximizdə həmişəlik qalacaq nə qədər böyüklərimiz mikrofon qarşısında dayanıblar, ürək sözlərini dilə gətiriblər, düşüncələrini bölüşüblər. Vaxtında lentə alınmış olsaydı, ya stenoqramlaşdırılsaydı, o müstəsna simaların hər cümləsi indi sevimli tarix parçası olmaqdan savayı, həm də dünənimizin hansısa səhifələrini bərpa etməkçün mötəbər qaynağa dönərdi. Neyləmək ki, belə iş görülməyib, burada cərəyan edənlər efir boşluqlarında biryolluq yox olub. Bir tərəfə baxanda qınamalı da deyil. Həm səs və təsviryazma imkanları məhdud olub, həm də insan yanında-yörəsində olanların elə bil həmişə onunla qalacağına ümid bəsləyir, bir gün onlarsız qalacağını ağlına gətirmir. Elə özümüzün heyifsilənməklərimiz azmı olub ki, filan vaxtı filankəslə idik, niyə bir şəkil çəkdirmədik, niyə filan sözü soruşmadım.
Gün keçir, ömür gedir, gedənisə saxlamağa güç çatmaz...
Əslində elə 2024-ün 23 fevralında - düz Həmid Araslının doğumunun 115-ci ildönümündə Nizami muzeyində baş tutan gecə də keçmiş onillərdə olub-bitmiş digər çoxlu belə xatirəli axşamlar kimi oxşar aqibətlə qarşılaşa bilərdi - çoxdan bir-birini görməyən köhnə tanışlar xoşhallıqla təmasda olardılar, şirin-şirin danışıb dağılışardıq. Ancaq illərdir ki, mənim Azərbaycan Televiziyasında hər həftə göstərilən daimi verilişimin çəkilişlərini adətən hər həftənin çərşənbə günləri elə Nizami muzeyində aparırıq və bu Araslı gecəsini də elə ixtiyarımda kameraların olduğu günə təyin etmişdim ki, səhər verilişi yazaq, günortadan sonra da xatirələr axşamımızı çəkək.
Həmid müəllimin 100 illiyi keçiriləndə 2009-cu il idi. O vaxt onunla birgə işləmişlərin, oturub-durmuşların bir çoxu həyatda idi, danışırdılar, təsirli anları yada salırdılar, Araslı da hamıya lap yaxındaymış kimi görünürdü.
Həmid müəllimin 1999-cu ildə 90 yaşının da, bundan 10 il əvvəl 80 illiyinin də onsuz qeyd edildiyini xatırlayıram. Xatirə söyləyənlərin, gələn qonaqların heç danışmayanlarının belə həmin məclisdə varlıqları ilə yaratdıqları mühit elə idi ki, elə bil Ustad özü də bizimlə idi. Zatən ömür bunca erkən tamamlanmasaydı, ola da bilərdi. O qədər akademiklərimiz olub və var ki, 80, 90, hətta 95 illiklərini öz iştirakları ilə keçirmişik.
İndi isə sanki ayrı zamanın içərisindəyik. Bitmiş XX yüzilin son çərəyində, başlanmış XXI əsrin ilk onillərində vaxt sanki daha yeyin irəliləyib və əvvəllərdə nəsillərin daha aramla gedən yarpaq tökümü sürətlənib. Sağa-sola baxırsan, bir vaxtlar gördüyün canlı klassiklər bolluğundan əsər-əlamət qalmayıb.
Elə Həmid Araslının 115 yaşının bayramına gəlib söz söyləyənlərin əksəri yaşı 70-i, 80-i keçmişlər idi - Həmid müəllimin artıq yaşlı çağlarının gəncləri.
Şükür ki, qızları da bizimlə idilər, atalı günlərini anırdılar, gənc Həmid Araslını nəzərlərimizdə canlandırırdılar, bizi unudulmaz alimin həyatındakı həyəcanlı çağlara aparırdılar.
Onlar da artıq səksəni arxada qoyublar. 10-15 il ötüncə daha sonrakı illərə təsadüf edən Həmid Araslı yubileylərində iştirak edən, söz söyləyənlər görkəmli alimi həyatda görməmiş insanlar olacaq, təbii ki, həmin mərasimlər xatirələrsiz ötüşəcək, sadəcə yadigar qoyduğu irsdən bəhs olunacaq.
Həmid Araslının keçdiyi yol, yaşadığı zamansa elə təlatümlü, elə enişli-yoxuşlu olub və həmin ömürlə yaradıcılıq bir-biri ilə elə qırılmaz tellərlə bağlıdır ki, Araslıdan qalan elmi-mədəni mirasın çəkisini, dəyərini, mahiyyətini dərinliyi və bütövlüyü ilə duymaqçün canlı şahidlərin xatirələri olmadan keçinmək mümkünsüz kimidir.
...Doğma bacı-qardaşlar adətən bir-birinə zahirən çox oxşayır. Dilin də elə doğma, qohum sözləri var ki, bacı-qardaşlar kimi bir-birinə bənzəyirlər. "Əbədiyyət" və "ədəbiyyat" kəlmələri bir-birinə tən gələn sözlərdir - həm səsləniş, həm yazılışca. Ancaq "ədəbiyyat" və "əbədiyyət" sözlərinin bir-birinə qohumluğu, bənzərliyi ən əvvəl onların cövhərində, mahiyyətindədir. Ədəbiyyat ən qədim xalqın da, tarixi nisbətən cavan olan millətin də əziz sərvətidir. Ədəbiyyatsız istənilən xalq mənəvi cəhətdən kasıb, ruhən yoxsul olardı. Xoşbəxt o xalqlardır ki, onların zəngin və qədim ədəbiyyatı var, Azərbaycan da özünü dünyanın ən məsud millətlərindən saya bilər ki, o, tarixin uzaqlarından gələn, sınaqlardan keçmiş, əlvan, kamil, duyğulu və düşündürücü möhtəşəm ədəbiyyata sahibdir. Ədəbiyyatın insanlara zövq verməkdən, onları içəridən böyütməkdən özgə bir başqa qüdrəti də ondan ibarətdir ki, ədəbiyyat həm də əbədiyyət bağışlaya, ədəbiyyatı yaradanlara və ədəbiyyatı yaşadanlara ölməzlik verə bilir.
Və bu da ədəbiyyatın bir ayrı hökmü və sehridir ki, bəzən bir misrası, bircə beyti, yeganə şeiri ilə də qələm sahibinə bitməz dirilik bəxş edir, onu zamanlarca yaşadır.
Həmid Araslı Azərbaycan ədəbiyyatşünaslığının o seçkin yaradıcılarındandır ki, yaşayır və bütün gələcəklər içərisində də yaşamaq haqqını lap çoxdan halal haqqı olaraq qazanıb.
Həmid Araslı bu torpaqda dünyaya gəldi, bütün həyatını Azərbaycanda yaşadı, işlərini gördü və 1983-cü ilin noyabrında 74 yaşında ikən karvanını çəkib getdi. Ancaq Həmid Araslı hamının yerinə yetirə biləcəyi adi iş görmürdü, ömrünü sözə həsr etmişdi və bu millətin itib-batmış, unudulan, bir az da dövlət siyasəti kimi unutdurulmaqda olan irsini araşdırır, qeyb olanları üzə çıxarırdı. İnsanlar bəzən belə əməklərin əsl qiymətini verməyə bilir, ya həmin dəyərverməni ləngidir, minnətdar ədəbiyyatsa ona edilən bu cür yaxşılıqları heç vaxt unutmur, öz qüdrətinə yaraşan əzəmətlə belə şəxsiyyətlərə öz əbədiyyətindən pay ayırır.
Həmid Araslının lap cavanlığından həyatı klassiklərimizlə baş-başa, ürək-ürəyə keçdi. Azərbaycan ədəbiyyatşünaslığına o zamanlar gəlmişdi ki, qədim köklərimizi və əski sözümüzü yeni zamana çatdırmağa ömür həsr edənlərin sırası xeyli seyrəlmişdi və təbii yolla deyil, zorla, həmin insanları həyatdan qoparmaqla, yarı yolda qoymaqla aparılan belə əzazil seyrəltmələr bütün amansızlığı ilə davam etməkdəydi. Çıxacağını düşünən insan bunları görə-görə dolanışığının daha təhlükəsiz təmin edilə biləcəyi bir peşənin qulpundan yapışar, özünü də, ailəsini də düşünərək bu cür bəlalar vəd edən yolu tutmazdı. Lakin məhəbbət adamın gözünü bağlayanda qarşılaşacağı heç bir çətinliyi eyninə almadığı kimi, bir məsləkə bağlılar, Vətən, xalq üçün faydalı olacağına inandıqları yolu tutanlar da, tarix çoxdan təsdiqləyib ki, maneələrdən, uçurumlardan çəkinməz, məqsədə doğru inamla gedərlər.
Həmid Araslının doğum günü - fevarlın 23-ü bütün Sovet İttifaqının, o sıradan Azərbaycanda kişilər günü kimi hamılıqla qeyd edilən böyük bayram idi. Təqvimlərin o qırmızı günü Sovet ordusunun yaranma günü idi. Ancaq müvəqqəti olan hər şey ömrünü gec-tez başa vurur. Sovetlər Birliyi də tar-mar oldu, onun ordusu da getdi, təqvimlərdən həmin bayram da silindi, yeni zaman ayrı bayramlar yaratdı. Ancaq Həmid Araslının doğum günü bu gün də Azərbaycan üçün bayram olaraq qalır, həmişə də qalacaq. Onun Silahlı Qüvvələri Söz Ordusu idi. Elə bir ordu ki, heç vaxt yenilməz, hakimiyyətinin və təntənəsinin sonu gəlməz, zəfərləri bitməz.
Həmid Araslının uşaqlığı Şura hökumətinin qurulduğu çağlara düşdü. Cavanlığı - ədəbiyyatda, elmdə fəaliyyət göstərməyə başladığı əyyamlarsa 1920-ci illərin sonları, 1930-cu illər ictimai-siyasi burulğanların dövr etdiyi mürəkkəb vaxt kəsiyinə təsadüf edirdi. Həmin inqilab havalı, qılıncı ağına-bozuna baxmadan sağa-sola kəsən dövr millətin qaymaqlarını, sıra-sıra misilsiz ictimai xadimləri, sərkərdələri, dövlət adamlarını, alimləri, ədibləri, ilham sahiblərini, o sıradan o köhnə və yeni ədəbiyyatımızı araşdıran bir qatar bilgin insanları caynağına alıb apardı. Firidun bəy Köçərli nəhs ayaqlı bolşeviklərin gəlişi ilə ilk məhv edilənlərdəndi. Ardınca Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadə, Bəhlul Əfəndi və daha neçələrinin kitabı bağlandı. Böyük ədib və tənqidçilərimizin bir qismi də güllədən, sürgündən canını qurtararaq sonu görünməyən mühacirətlərə pənah apardı. Qəfilcə sanki meydan tam boşaldı. Sovet gəlmişdi, öz ədəbiyyatını, öz mədəniyyətini yaradırdı və o sovetinki olmayan keçmiş irsi də ögey sayır, yad baxırdı. Millət müqəddəratı üçün son dərəcə mühüm olan belə bir tarix parçasında Həmid Araslı sonsuz məhəbbət və səylə boşluqları doldurmaq, qədim ədəbiyyatımızı araşdırmaqla məşğuldu.
O, 1936-cı ildə orta məktəblər üçün ilk dəfə olaraq "Qədim ədəbiyyat" adlı dərslik yaratmış, "Ədəbiyyat müntəxəbatı" tərtib etmiş, əski ədəbiyyatımızın məktəblərdə tədris olunması üçün proqram hazırlamışdı. 1937-ci ilin tuthatutları əsnasında Həmid Araslı da növbəti qurbanlardan biri ola bilərdi. Həbsə atılsaydı, "xalq düşmənləri" cərgəsinə qatılsaydı, digər bu cür tale yaşayar kimi onun da bütün kitabları yığışdırılacaqdı, yazdıqları yasaq ediləcəkdi. Demək, "Qədim ədəbiyyat" kitabı da, "Ədəbiyyat müntəxəbatı" da məktəblərimizdə tədris dövriyyəsindən çıxacaqdı. Çünki Hüseyn Cavid həbs olunan günün sabahı dərsliklərdə ona aid olan səhifələr cırılmışdı, Seyid Hüseyn tutulmuşdu, onun yaradıcılığı ilə bağlı dərslər proqramlardan çıxarılmışdı. O illərin şagirdi olmuş ağsaqqallar mənə 1980-ci illərdə söyləyirdilər ki, 1937-ci ilin payızında qalın dərs kitablarımızın vərəqlərinin yarıdan çoxu artıq yox idi, müəllimlərin birbaşa tapşırığı ilə cıraraq yandırmışdıq.
Və 1937-ci ildə həbsi sadəcə ehtimal edilənlərdən deyil, əsaslı səbəblərdən labüd olaraq gözlənilənlərdən biri də elə Həmid Araslı idi. O, proletkultçuluq zəmanəsinin şərtlərinə görə zərərli dərsliklər qələmə almaqdan başqa daha "xatalı" bir əməl də törətmişdi. Elə həmin 1937-ci ildəcə yenicə yaratdığı bir mərkəzdə qızğın fəaliyyətə başlamışdı. Onun yaratdığı bu elm və tədqiqat mərkəzi "Qədim Şərq əlyazmaları" şöbəsi adlanırdı. İllər ötəcək, bu şöbə Azərbaycanın ən ali xəzinələrindən birinə dönəcək, həmin şöbənin təməlində əvvəlcə Əlyazmaları Fondu yaranacaq, o da az sonra Əlyazmaları İnstitutuna çevriləcək.
Həmid Araslını isə 1937-ci ildə məhz o şöbəni yaradığına görə vəzifəsindən də kənarlaşdırmışdılar, siyasi sayıqlığını itirərək belə ziyanlı işlərlə məşğul olduğuyçün komsomoldan da çıxarmışdılar. Əski əlyazmaları, keçmişin yadigarı olan mənbələri araşdırdığına görə cəzalandırılan bu cavan artıq həbsin astanasında idi. Hökmən tutulacağını məntiqiləşdirən və yaxınlaşdıran ayrı bəhanələr də vardı (hökumətin təbirincə isə, ciddi şübhələr və inkaredilməz əsaslar də vardı) ki, o, ruhani ailəsindən çıxmışdı, atası Molla Ərəszadə Gəncəbasarın ən nüfuzlu üləmalarından olmuşdu, özü dini təhsil almışdı. Üstəlik, 1920-ci ilin may-iyun günlərində baş vermiş üsyandan sonra cavanlı-qocalı bütün gəncəli başıpapaqlılar yeni rejimin hədəfində idilər, öldürülən, dustaq edilən minlərdən əlavə hələ azadlıqda qalan hər bir nəfərə də, xüsusən gənclərə şübhə ilə yanaşır, onları qisas barədə düşünən təhlükə mənbələri sayırdılar.
Fəqət özündən daha əvvəl Azərbaycanın bəxti gətirdi ki, Həmid Araslı 1930-cu illərdə də, 1940 və 1950-lərdə də dəfələrlə sanki labüd olan həbs və sürgün qorxusu ilə üz-üzə qalsa da, çox zaman həbsin bircə addımlığında olsa da, hər dəfə Tanrı onu Azərbaycan, ədəbiyyatımız üçün, sözümüz naminə xilas etdi, o, yaşadı, yolundan, məsləkindən əsla zərrəcə aralanmadan axıradək ona alın yazısı kimi qismət olan vəzifəni sədaqətlə yerinə yetirdi, həmişə millət sözünün keşiyində dayananlardan oldu.
Həmid Araslı həmin dövrdə həbs edilsəydi, axtarmaq, ortaya çıxarmaq, yazıb-nəşr etdirmək girəvəsi ondan alınsaydı, biz Qətranı tanımayacaqdıq, Nizamidən uzaqda qalacaqdıq, Fələki Şirvanini bilməyəcəkdik, Əssara, Nəsimiyə, Xətaiyə, Füzuliyə, Qövsiyə... nabələd qalacaqdıq. Bunlarsız kasıb olacaqdıq, söz tariximiz alatoran içində, sönük görünəcəkdi. Belə acınacaqlı mənzərəni təsəvvür edin ki, bir tərəfdən Cavid qadağan, Əhməd Cavad yasaq, Müşfiq yox və klassik ədəbiyyatın da Həmid Araslının üzə çıxarıb xalqa təqdim etdiyi klassiklərini onun məqalələri və kitabları ilə bərabər həmin cərgəyə qatırlar. Qalacaqdıq heçnəsiz, sırf yeni dövrün komsomol ədəbiyyatının ümidinə.
Heç kəs bilmirdi, hansısa gümanlar da yoxdu ki, "xalq düşməni" elan edilmişlərin üstündən bu ləkə haçansa götürülə bilərmi, onların irsi yenidən xalqa qayıdarmı. Əgər 1950-ci illərin ortalarında, nəhayət ki, Sovet İttifaqı boyu milyonlarla insanı, o sıradan onminlərlə azərbaycanlıları xilas edəcək bəraətlər başlanmasaydı, siyasi repressiyalar girdabının ömrü daha bir neçə onil uzansaydı, ürcah ola biləcəyimiz ayrı fəlakəti də düşünün - köksüz, əsilsiz, öz dünənindən, klassiklərindən, mənəvi sərvətlərindən bixəbər yeni nəsillər yetişəcəkdi.
Həmid Araslının məhz belə bir qəddar zaman parçasında millət adına yerinə yetirdiyi işlər sadəcə bir ədəbiyyatşünas, alim əməyi deyil, millət tarixində qalan əvəzsiz xidmət, vətəndaş şücaətidir.
Bu gün Azərbaycan boyu saysız-hesabsız Beyrəklər, Turallar, Selcanlar var - ana kitabımızın - Dədəm Qorqud oğuznamələrinin qəhrəmanları. "Kitab-i Dədə Qorqud" Azərbaycan insanının ruhuna qarışmış abidədir. Ancaq Həmid Araslı olmasaydı, bu abidəsiz qala bilərdik. Bu ana kitabımızı 1939-cu ildə sadələşdirərək, əski türkcədən müasir Azərbaycan dilinə uyğunlaşdıraraq nəşr etdirmişdi. Lakin 1950-ci illərin əvvəllərində məhz "Kitab-i Dədə Qorqud"u nəşr edib yaydığına, təbliğ etdiyinə görə Həmid Araslıya qarşı həmlələr başlandı. Həm də bu dəfə 1937-ci ildə olduğundan da qat-qat kəskin, sərt şəkildə. İşdən çıxarıldı, evlərindən əl-ayaq kəsildi, həmin Nizami muzeyinin zalında Dədə Qorqudla bağlı növbəti ifşaçı müzakirələr vaxtı ayağa qalxıb etirazını bildirməyə cəhd edəndə iclası aparan yazıçı M.Ə.İ. hikkə ilə Araslıya çımxırmışdı ki, otur yerində, yoxsa bu saat səni buradan milis çağırıb apartdıraram. Alimin diplomat oğlu, mərhum Elman Araslının atası ilə bağlı mənə söylədiyi kədərli xatirələrdəndir ki, evlərində içərisinə isti pal-paltar, dəyişək yığılmış balaca çamadan o günlərdə və aylarda qapının ağzında hazır qoyulubmuş. Çünki istənilən növbəti gecədə Həmidi apara bilərdilər. Elman müəllim danışırdı ki, atası artıq bəri başdan ömür-gün yoldaşına vəsiyyətini də edibmiş...
Ancaq yenə millətin avand taleyindən mənhus dalğalar tez keçib getdi. Həmid Araslının da, onun sevimli "Kitab-i Dədə Qorqud"unun da başı üstündəki qara buludlar dağıldı.
Və Azərbaycan öz kökünə bunca bağlıdırsa, Azərbaycanın yeni nəsilləri öz milli ruhunu, milli varlığını bunca aydın dərk eləyirsə, əlbəttə ki, burada bizim ana kitabımızın yeri ən ucalardadır və o bünövrə abidəmizə indi bu qədər sahibiksə, bunun da əsas səbəbkarlarından biri, söz yox ki, unudulmaz Həmid Araslıdır.
Həmid Araslıya Azərbaycan insanı çox borcludur. O qədər borcludur ki, o insanı biz yalnız ildönümündən-ildönümünə, hansısa yuvarlaq tarixli yubileylərində qeyd etməməliyik. Onsuz da belədir. Çünki Həmid Araslı müəllim işləyib, Gəncəbasarda, Azərbaycanın müxtəlif yerlərində dərs deyib və o örnək müəllimlərdəndir ki, yetirmələri heç vaxt onu unutmayıb, daha artıq - hətta dərs demədiyi insanların da müəlliminə dönə bilib. Yazdığı dərsliklər onillərcə məktəb-məktəb, kitabxana-kitabxana, ev-ev dolaşıb və insanlar o kitabları oxuyaraq həm sinifdəki müəllimlərindən, həm də bu kitabın səhifələrindən onlara bilik ötürən ustaddan dərs alıblar - milləti tanımaq, xalqı və yurdu sevmək, Azərbaycanın müqəddəs irsi olanların qədrini bilmək dərsini. Əslində Həmid Araslı o kitablara üz tutmuş, o kitabları vərəqləmiş, o kitablardan yaxşı azərbaycanlı olmağın dərslərini almış hər bir insanın birbaşa müəllimidir.
...2024-cü ilin fevralında Həmid Araslının 115 yaşının bayramına gələnlərə hələ mərasim başlanmamışdan unudulmaz alimin onun yolunu davam etdiən ədəbiyyatşünas qızı Nüşabə xanım fəxrlə danışırdı ki, Nizami muzeyi 1939-cu ilin sonlarında, 1940-cı illərin əvvəllərində qurulmağa başlayanda bura ayağı ilk dəyənlərdən olub. Hələ xırdaca uşaqmış. Evləri lap yaxındaymış, muzeyin yanındakı indiki Fəvvarələr bağının yuxarı hissəsində. Atası hərdən əlindən yapışıb onu da bura gətirirmiş. Deyir, anam həmişə gileylənirdi ki, ay Həmid, səhər gedirsən, axşam toz-torpaq içərisində qayıdırsan, elə bil heç alim yox, indi muzeydə təmir işləri aparan fəhlələrdən, ustalardan birisən.
Səbəbsiz deyilmiş. Nizami muzeyinin ixtiyarına verilmiş bina yenidən qurulurmuş, otaqlar sökülür, birləşdirilir, genişləndirilir, gələcək ekspozisiya üçün uyğunlaşdırılırmış, beynində artıq gələcək muzeyi canlandıran Həmid Araslı inşaatçıların yanından əl çəkmir, zəruri məsləhətlərini, tövsiyələrini verirmiş. Evi ilə gələcək muzeyin arası vur-tut üç-dörd dəqiqəlik yol idi və artıq muzeyin elmi katibi vəzifəsinə təyin edilmiş Həmid təmir-yenidənqurma işlərinin ən təcili şəkildə başa çatdırılması tapşırığı verildiyindən gecə-gündüz iş davam edən bu məkandan heç aralanmaz, evə yalnız gecə düşəndən sonra qayıdarmış.
Ondoqquzuncu yüzilin ortalarında tikilmiş həmin bina ta XX əsrin əvvəllərinədək - Bakının məşhur mehmanxanalarından birinə çevrilənədək karvansara olmuşdu. Qismət elə gətirdi ki, həmin binanın yenidən Azərbaycanın yaşarı söz karvanının daimi məskən saldığı bir Məbədə çevrilməsi, söz karvanımızın ölməz sarbanlarının qovuşduğu Ocağa dönməsi yolunda can qoyanların önündə gedən də Həmid Araslı oldu. Odur ki, bu nurlu insanın işığı və xatirəsi bir zamanlar hər gün dəhlizləri ilə addımladığı Nizami muzeyinin hafizəsindən heç vaxt silinməz!
Həmid müəllimin 115 yaşının tamamında onun məhrəm evində -- Nizami muzeyində qurduğumuz məclisində ilk həmsöhbətim yazıçı Anar olmuşdu. Çünki bu adın onun özünün də, ata-anasının da ömründə məxsusi yeri vardı. Həm də Həmid müəllimin qurucularından olduğu Nizami muzeyi Anara bir başqa cəhətdən də əzizdi ki, ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə bələdçi kimi burada başlamışdı.
Anar müəllim o gün sözünə belə başladı ki, çox illər qabaq Həmid müəllim haqqında bir esse yazıb və sərlövhəsini də "Ədəbi xəzinəmizin xəzinədarı" qoyubmuş: "Doğrudan da Həmid müəllim minillik Azərbaycan ədəbiyyatının ən dəyərli xəzinədarlarından, bu ədəbiyyatın ən böyük tədqiqatçılarından və ən cəsur qoruyucularından biri idi. Çünki bu ədəbiyyatı tədqiq etmək, üzə çıxarmaq, şərh eləmək, çap eləmək bir şeydir, onu qorumaq, nadan hücumlarından, bəzən siyasi donoslardan qorumaq başqa bir şeydir".
Həmid Araslının Azərbaycan ədəbiyyatı və elmi tarixindəki xidmətlərini minnətdarlıq hissi ilə xatırlamaqla yanaşı, Anar xeyirxah və nəcib alimin şəxsən ona etdiyi yaxşılıqlardan söz açdı: "Azərbaycan ədəbiyyatında mənim ən çox sevdiyim əsər "Kitab-i Dədə Qorqud"dur və bu əsəri də mən 14 yaşında ilk dəfə Həmid Araslının nəşr etdiyi kitabdan oxudum. O kitabla tanış oldum və ömrüm boyu Dədə Qorqud mənim həyatımı müşayiət edir. Elə ilk oxunuşdan da mən "Kitab-i Dədə Qorqud"u bir film kimi görürdüm. Nə dram əsəri, nə opera, nə balet kimi yox, məhz kino kimi. Təbii, bunların da hər biri ola bilər, olmalıdır da. Ancaq mənim ilk oxunuşdan sonra ayrı-ayrı epizodları ilə xəyalımda canlanan məhz dastanın kino şəkli idi. Çünki orada çöllərin genişliyi, at yarışları, dağlar döşündəki çadırlar, qızğın döyüşlər, həmin yarıköçəri-yarıoturaq həyat ekran təcəssümü tələb edirdi. Bütün bunları nəzərə alaraq mən onillərlə beynimdə, ürəyimdə gəzdirdiyim bu dastan əsasında bir ssenari yazdım. Amma ssenarini təqdim edəndə kinostudiyada elə birinci iradları bu oldu ki, axı "Kitab-i Dədə Qorqud" pantürkist əsərdir. Qayıtdım ki, vaxtilə bunu Mircəfər Bağırov deyirdi, onu da güllələdilər. Ona görə də indi bu abidəyə pantürkist əsər deyən yoxdur. Sonra bir qorqudşünas - Allah ona rəhmət eləsin, xidmətləri də var, danmaq insafsızlıq olar - düz 24 səhifəlik bir məktub yazdı ki, bu ssenarini çəkmək olmaz, çünki başdan-ayağa "Dədə Qorud"u təhrif eləyən, yanlış anladan bir əsərdir. O qorqudşünasın iradlarının hamısını deməyəcəm, bir mülahizəsini desəm, məncə, qənaətlərinin, bütövlükdə yazısının hansı səviyyədə olması bilinər. O, iddia edirdi ki, "Dədə Qorqud"dakı Beyrək əslində Babəkdir, ona görə də filmdə Babək obrazını yaratmaq lazımdır. Babəkin "Dədə Qorqud"a nə dəxli olduğunu isə, yəqin, o alimin özündən başqa heç kəs bilmirdi. Nə isə, filmin taleyi havadan asılıb qalmışdı. Onda mən dedim ki, Azərbaycanda "Dədə Qorqud"un ən böyük tədqiqatçısı, naşiri, onu hamıdan yaxşı dərk eləyən Həmid Araslıdır, ona verək, ssenarini oxuyub desə ki, yox, bu, yaramır, mənim heç bir etirazım olmayacaq, bütün zəhmətimi də halal edəcəyəm, razılaşacağam ki, çəkilməsin. Təklifimi qəbul etdilər, əlyazmanı Həmid müəllimə göndərdilər. Həmid müəllim də oxuyaraq bir neçə səhifədə mənim üçün son dərəcə dəyərli olan müsbət bir rəy verdi, təsdiq etdi ki, film çəkilməlidir, Anar dastanın ekran həllini doğru tapıb.
Film çəkilərkən biz Həmid müəllimi baş məsləhətçi kimi təsdiq etdik, hazır olanda filmə baxaraq ayrıca məqalə də yazdı. Onun vəfatından sonra mən "Dədə Qorqud" ssenarimi və povesti çap etdirəndə Nüşabə xanımdan xahiş etdim ki, Həmid müəllimin arxivindən o iki yazını - rəyi və məqaləni tapsın. Mən də həmin yazıları müəllifi olduğum "Dədə Qorqud"un bütün çaplarına önsöz kimi qoydum".
Həmin gün Anar müəllim Həmid Araslının araşdırıcı ömrü ilə bağlı çoxlarına bəlli olmayan bir təfərrüatdan da xəbər verdi.
Bizim Əhməd Şmide adlı qiymətli bir alimimiz vardı. "Bizim" yazıram ona görə ki, Hans Piter Şmide əsilcə alman, dincə xristian olsa da, xaçpərəstlikdən imtina edərək müsəlmanlığı qəbul etmişdi, məsləkinə sevgilərinin nəticəsi olaraq adını da dəyişib Əhməd olmuşdu, həyatını da dolduran ədəbiyyatımızın tədqiqi, tərcüməsi və təbliği oldu. Onunla hələ tələbəlik illərində unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin mənzilində tanış olmuşduq, elə ilk görüşlərdəncə hiss etmişdim ki, Əhməd Şmidedəki Azərbaycan, türklük sevgisi sadəcə alim, yazıçı marağı deyil, bir sufi eşqi kimi tükənməz sevdadır. Bu gün Əhməd Şmidenin öz vəsiyyətiylə arxivi də bizdə, Nizami muzeyində saxlanmaqdadır.
Anar müəllim həmin Araslı axşamında Əhməd Şmideni yada salaraq söylədi ki, onunla yazışırdı və məktublarından bəlli olur ki, Həmid müəllimlə də dostmuşlar. Məktublarından birində Əhməd Şmide Anara Həmid müəllimin vaxtilə ondan etdiyi bir xahişdən yazır. Həmid müəllim Əhməd Şmidedən rica edibmiş ki, sən Türkiyəyə tez-tez gedirsən, orada Orxan Şaiqlə görüş, mənim qardaşlıq salamlarımı yetir və de ki, "Dədə Qorqud" bizim ümumi malımızdır, biz Dədə Qorquddan qardaşıq. Ancaq onun orada yaza bildiyi müəyyən mətləbləri mən burada yaza bilmirəm. Ona görə məni tənqid edəndə unutmasın ki, biz "Dədə Qorqud" qardaşlarıyıq.
Söz yox, Həmid Araslının akademik olandan, Azərbaycan elmi-ədəbi mühitində ən sanballı simalardan birinə çevriləndən sonra da "Kitab-i Dədə Qorqud"la bağlı bir para məsələləri ürəyi istəyən kimi yaza bilməməsinin səbəbi ideoloji çəpərlər, senzuranın varlığı, köhnədənqalma qarayaxıcı düşüncə tərzinin tam aradan getməməsi idi. Hətta 1980-ci illərdə də "Dədə Qorqud" dastanlarına aludəliyi pantürkizm kimi qələmə verməyə cəhd edən nadürüstlər meydanda qalırdısa, belə ehtiyatlılığın da, hər düşüncədən keçən elmi həqiqətlərin də açıqlığı ilə yazıla bilməməsinin səbəbi aydın olur. İllah da çuxası tüstülü, "Dədə Qorqud"a görə vaxtilə bağı ağrımış Həmid Araslı ola!
2024-cü ilin o qış günündə görkəmli Azərbaycan aydını Anar 86 yaşında idi. Ancaq danışdıqca sanki dönüb olmuşdu 22-23 yaşlı cavan bir oğlan. Axı indi bu xatirələrini bölüşdüyü dəqiqələrdən 64 il əvvəl o, elə həmin Nizami muzeyində hər gün işə gəlirdi, hər gün direktoru Həmid Araslı ilə görüşürdü, hər gün qurucusunun Həmid müəllim olduğu zallarda tamaşaçıları gəzdirərək onlara elə çoxusunu Həmid Araslının kitablarından öyrəndiyi Azərbaycan ədəbiyyatı hekayətlərini danışırdı...
...Həmid müəllimin kişiliyindən deyən bu əhvalatı mənə yazıçı Ənvər Məmmədxanlının bacısı Həbibə xanım danışıb. Ömrünün son parçasında o, Azərbaycan Televiziyasının Ədəbi-dram verilişləri redaksiyasında çalışsa da, gənclik illərində "Azərnəşr"də işləmişdi. 1930-50-ci illərdə "Azərnəşr" sadəcə kitabların nəşr edildiyi bir məkan deyildi. Burada mütəmadi olaraq ciddi müzakirələr keçirilər, respublikanın elmi-ədəbi qüvvələri toplanar, ayrı-ayrı ədəbi əsərlərin gələcək taleyindən tutmuş dərsliklərə qədər bir çox ümdə məsələlərlə bağlı həlledici qərarlar verərmişlər.
Mübahisələrlə ötən belə ciddi qarşıdurmalı müzakirələrdən biri orta məktəblərin ədəbiyyat dərsliklərinə həsr edilibmiş. İştirakçıların əksəri Azərbaycanın o çağlardakı ən tanınmış və nüfuzlu ədəbiyyatşünasları, şair və yazıçıları imiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən də nümayəndə varmış.
Söhbət klassik şairlərdən hansını ədəbiyyat dərsliklərinə daxil edib, hansıları tədrisdən kənara qoymaqdan gedirmiş. Söz gəlib çıxır Məhəmməd Füzulinin üstünə. Özü də klassik ədəbiyyatla məşğul olan və bu sahədə aparıcı mütəxəssislərdən sayılan M.M. ayağa qalxır və hamının təəccübünə rəğmən deyir ki, Füzulini orta məktəb dərsliklərinə salıb uşaqların beynini yükləmək lazım deyil. Onun yazdıqları uşaqların yaşından böyük eşq-məhəbbət mövzusundadır, ancaq bundan daha pisi odur ki, bu yaradıcılıq ideoloji səhətdən bizə uyğun deyil. Füzuli Allahı, peyğəmbəri, imamları tərənnüm edir, hökmdarların vəsfində qəsidələr yazıb, bu isə kommunist əxlaqı və dünyagörüşü ilə zidd olan məsələdir. Dərin sükut çökür. Kimsə qalxıb etiraz etməyə ürək eləmir. Çünki həmin çıxışı edənin qarayaxalığına yaxşı bələd olmalarından əlavə bu da vardı ki, yuxarıdan gələn yüksək partiya nümayəndəsinin yanında məfkurəsinin sosialist dünyagörüşü ilə uyğun gəlmədiyi iddia edilən şairi müdafiə etməyin düşər-düşməzi ola bilərdi. Hələ Stalin də taxtında idi, Bağırov da kürsüsündə oturmuşdu və 37 havası da yerində idi.
Həmin gün danışmağa, fikrini deməyə əslində hamıdan daha ehtiyatla yanaşan Həmid Araslı olmalı idi. Ancaq söhbət millət qeyrətindən gedirdi. Daynmaq məqamı deyildi.
Həbibə xanım kövrələrək xatırlayırdı ki, Həmid müəllim qalxdı ayağa, rəngi ağarmışdı, dedi ki, axı Füzulinin işinin-peşəsinin hökmdarları mədh etmək olduğunu söyləyirsiniz, niyə onun tac sahiblərini ifşa edən "Padişah-i mülk" qəsidəsini unudursunuz, niyə sarayların riyakar təbiətini açan "Şikayətnamə"sini nəzərə almırsınız? Misal da çəkdi ki, axı bu sətirlər Füzulinindir: "Padşah-i mülk dinari dirhəm rüşvət verib, Fəth-i kişvər qılmağa eylər mühəyya ləşkəri. Göstərən saətdə dövran-i fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri". Əksinə, elə bizim ideologiya baxımından yanaşanda burada inqilabçılıq, etirazçılıq var, haqsızlıqla barışmamaq var. Füzuli belə fikirləri ilə də, saf məhəbbəti təsvir etməsi ilə də bu gün gənc nəslin tərbiyəsində fayda verə bilən böyük klassikimizdir, onun həyatı da, yaradıcılığı da dərsliklərdə mütləq yer almalıdır.
Həbibə xanım söyləyirdi ki, Həmid müəllimin bu sözlərindən sonra başqaları da cürətə gəldi, Füzulinin dərslikdən çıxarılmasına yaranmış təhlükə sovuşdu.
...Həmin müdhiş dövrdə Domokl qılıncı başı üstündə daim asılı olan Həmid Araslı o müzakirələr gedişində səsini çıxarmasaydı da, günün şərtlərini nəzərə alaraq bəlkə də onu susqunluqda ittiham etmək heç düz olmazdı. Onsuz da uçurumun lap qırağında idi. Dinməsəydi, o gün o biri adamın dediyi keçsəydi, Füzuli dərsliklərdən çıxarılsaydı nə olacaqdı? Yəqin, ardınca eyni müsibət Nizaminin də, Nəsiminin də, Vaqifin də başına gətiriləcəkdi. Uşaqlar məktəbə gedəcəkdilər, başqa dərsliklərdən başqa şeirləri oxuyacaq, babaları olaraq tam ayrı adları tanıyacaqdılar, ayrı zövqün, ayrı düşüncənin yiyəsi kimi böyüyəcəkdilər, keçmişdəkilərdən fərqli azərbaycanlılar olacaqdılar.
Həmid Araslınınsa vicdanı imkan vermirdi ki, sussun. Dözə bilmirdi ki, millətin mayasına haram qatsınlar. Desəm öldürərlər, deməsəm ölləm məqamı idi.
Həmid Araslı ölərəmsə belə deməliyəm qeyrətliliyi səmtə dönürdü.
Onu minnətdar xalqı necə unudar? Belə Vətən yavrularını daim bağrımızın başında, məhəbbətlərimizdə yaşatmasaq, biz sağlam millət ola bilərikmi?!
Həmid Araslının narahat və bəxtiyar ömrü uzunu amalı millətin yaddaşını hifz etmək, onu zədələrdən qorumaq oldu. Yolunu bir müəllim olaraq başlamışdı, müəllim qalaraq sonacan da əqidəsində sabitqədəm oldu və yadigar qoyduğu ən vacib dərslərdən biri də bu oldu ki, millətin ruhuna doğru acı yellər əsəndə özünüzə olan təhlükəni unudaraq köksünüzü qabağa verin, daha əvvəl milləti düşünün!
2 yanvar 2024
Rafael HÜSEYNOV, akademik