Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Mərkəzi Elmi Kitabxananın azərbaycanşünaslığa aid məlumat-biblioqrafiya aparatının inkişafında rolu
02.03.2022 12:16
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın azərbaycanşünaslığa aid məlumat-biblioqrafiya aparatının inkişafında rolu

Azərbaycanda fəaliyyət göstərən bütün kitabxana sistemləri və şəbəkələrinin fondunda saxlanılan azərbaycanşünaslığa dair qiymətli materiallar xalqımızın və ölkəmizin zəngin irsinin tədqiqində və təbliğində çox mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən AMEA-nın Mərkəzi Elmi Kitabxanası zəngin fonda malikdir. Azərbaycanşünaslığın inkişafı üçün kitabxanada bu istiqamətdə elmi informasiya fəaliyyətinin daha səmərəli və düzgün təşkili vacib faktor hesab olunur. Kitabxanada bu işi Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi həyata keçirir.

Bu gün Mərkəzi Elmi Kitabxanada özünün yüksək inkişaf mərhələsində olan azərbaycanşünaslıq üzrə kitabxana-biblioqrafiya və elmi informasiya xidməti sahəsində fəaliyyət azərbaycanşünaslığa dair mövcud sənədlər və informasiya tələbatçıları arasında uyğunluq yaratmaqda və sənəd kommunikasiya sistemində informasiya maneələrinin aradan qaldırılmasında səmərəli vasitədir. Həmin vasitə oxucuların ölkəşünaslıq üzrə informasiya tələbatının təminatına xidmət etməklə ölkəmizdə kitabxana işinin inkişafına da öz layiqli töhfəsini verir.

Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi azərbaycanşünaslığa dair məlumat-biblioqrafiya aparatının təşkili üçün cari olaraq nəşr olunmuş dövri mətbuat səhifələrindən azərbaycanşünaslığa aid materialları, o cümlədən ölkəşünaslıq xarakterli retrospektiv materialları mütəmadi olaraq elektron kataloqa daxil edir. Şöbə tərəfindən Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş məlumat bazası yaradılır, azərbaycanşünaslığa aid məlumat-biblioqrafiya aparatı təşkil edilir. O cümlədən oxucuların biblioqrafik araşdırma işini yaxşılaşdırmaq naminə azərbaycanşünaslığa aid soraq biblioqrafiya aparatını - Azərbaycan və rus dillərində kartotekalar sistemini yaradır.

Kitabxanada alim və mütəxəssislərə azərbaycanşünaslıq üzrə kitabxana-biblioqrafiya və informasiya xidmətinin yüksək səviyyədə həyata keçirilməsinin əsasını burada formalaşdırılan mükəmməl informasiya-axtarış aparatı təşkil edir. Məlumdur ki, tipindən və sənəd-informasiya resursları fondundan asılı olmayaraq, bütün kitabxanaların azərbaycanşünaslıq üzrə soraq-biblioqrafiya aparatını 2 hissə təşkil edir: soraq və biblioqrafik nəşrlər fondu, kataloq və kartoteka sistemi. Təbiidir ki, bu aparatda Azərbaycan və dünya xalqlarının bir çox dilində azərbaycanşünaslığa dair nəşr edilmiş müxtəlif növ informasiya daşıyıcıları: əlyazma, kitab, dövri və nəşri davam edən ədəbiyyat, nadir və qiymətli nəşrlər, dissertasiya və avtoreferatlar, fotosurətlər, xəritələr, not və musiqi əsərləri, qəzetlər, görkəmli alimlərin şəxsi kolleksiyaları və s. haqqında biblioqrafik məlumat əks olunur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının soraq-biblioqrafiya aparatının soraq biblioqrafik nəşrlər fondu hissəsinə əsasən əsas və direktiv xarakterli materiallar aiddir ki, burda dövlət sənədlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi müşavirələrin, iclasların materialları, Sərəncam, fərmanları, dövlət sənədlərinin, o cümlədən Milli Məclisin və Nazirlər Kabinetinin qanun və qərarları məlumat fondunda əks olunur. Bu mövzuda “Sərəncamlar 2012-2021” ayrıcları məlumat aparatında Azərbaycan və rus dillərində şöbə tərəfindən işlənmişdir. “Azərbaycanın elm və mədəniyyət” biblioqrafik kartotekasına “Nizami Gəncəvi ili - 2021”, “Nizami Gəncəvi - 880”, “Aşıq Ələsgər”, “Mədəniyyət”, “Teatr”, “Xalçaçılıq” ayrıcları əlavə olunmuşdur. Qeyd etmək lazımdır ki, şöbə son bir il ərzində Vətən müharibəsi mövzusunda öz töhfəsini verərək Azərbaycan dilində “Qarabağ Azərbaycandır”, “44 günün salnaməsi”, “Şuşa bəyannaməsi”, “Hərbi elm”, “Hərbi siyasət”, “Azərbaycan Silahlı Qüvvələri”, “Azərbaycan ordusu”, “Şəhid ailələri” və s. rus ilində isə “Возвращение Карабаха”, “Армянский вандализм”, “Армянский террор”, “Армянский фашизм”, “Вооруженные силы”, “Азербайджанская армия”, “Военная наука” və s. ayrıcları işlənmişdir.

Göründüyü kimi, şöbə yarandığı gündən azərbaycanşünaslığa dair zəngin məlumatları məlumat biblioqrafiya aparatında yerləşdirmiş və qeyd edilən mövzularda materiallar elektron kataloqda da işlənmişdir.

Sevindirici haldır ki, hazırda dünya informasiya sistemində kitabxanaların sənəd-informasiya resurslarının təbliği, dövlətlərarası ədəbiyyat və informasiya mübadiləsinin dinamik həyata keçirilməsi, xarici ölkələrdə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı mənbələrin müəyyənləşdirilməsi, əldə edilməsi, tədqiq olunması və təbliği istiqamətində tədbirlər də genişləndirilir. Kitabxanalar tərəfindən azərbaycanşünaslığı inkişaf etdirmək məqsədilə ölkəşünaslığa dair materiallarla fondların zənginləşdirilməsi, bu sahəyə aid dünya kitabxanalarında saxlanılan ədəbiyyatın və əlyazmaların müəyyənləşdirilməsi, onların çatışmayan nüsxələrinin Azərbaycana gətirilməsi məqsədilə müvafiq layihələr reallaşdırılır.

Günel ƏHƏDOVA, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsinin baş mütəxəssisi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: