Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2022 12:15
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2022-ci il üçün Yasamal rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsi tərəfindən təsdiqlənmiş mülki müdafiə tədbirlər planına müvafiq olaraq 1 mart “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi; Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin icraçı direktoru, fövqəladə hallar komissiyasının sədri Əminağa Sadıqov qeyd edib ki, Ümumdünya Mülki Müdafiə Günü 1990-cı ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının qərarı ilə təsis edilib hər il mütəmadi olaraq mart ayının 1-də qeyd edilir. Bu tarix onunla əlamətdardır ki, 1 mart 1972-ci ildə BMMT-nin nizamnaməsi qəbul olunub və ona hökumətlərarası ictimai təşkilat statusu verilib. 2015-ci ildən isə BMMT Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müşahidəçi statusuna malikdir. Təşkilatın əsas vəzifəsi fövqəladə hallarda əhalinin mühafizəsi sahəsində tədbirlər görmək üçün dövlətlərin və hökumətlərin səylərini birləşdirməkdir.

Ölkədə mülki müdafiə sahəsində görülən işlərdən bəhs edən Ə.Sadıqov qeyd edib ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü kimi keçirilən bütün toplantılarda aktiv iştirak edir. Alim AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin “Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin “Mülki müdafiənin təmin edilməsi barədə” 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, eləcə də Fövqəladə Hallar Nazirliyinin tövsiyələri əsasında təşkil olunduğunu bildirib.

Keçirilən tədbirin önəminə toxunan Ə.Sadıqov qeyd edib ki, seminar-məşğələlərin təşkil olunmasında əsas məqsəd ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq üçün öncədən profilaktik tədbirlərin görülməsi, elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların maarifləndirilməsi, onların mülki müdafiə hazırlığının yoxlanılmasıdır. Ə.Sadıqov bu istiqamətdə İSİ-də, o cümlədən rəhbərlik etdiyi Fövqəladə hallarda idarəetmə laboratoriyasında görülən işlərdən ətraflı şəkildə söz açıb.

Sonra İSİ-nin Mülki Müdafiə Qərargahının rəisi Xaliq Qurbanov çıxış edərək əlamətdar günün tarixi və məqsədi haqqında danışıb. Qeyd edib ki, mülki müdafiə tədbirləri zamanı insanların vaxtında təhlükəsiz zonalara çıxarılması fövqəladə halların təsirindən törəyən tələfatı maksimum dərəcədə azaltmağa imkan verir. Mülki müdafiə tədbirləri planlaşdırılarkən kütləvi qırğın silahlarının tətbiq edilməsi, həmçinin təbii fəlakətlər və güclü istehsalat qəzalarının baş verməsi ehtimalları nəzərə alınmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürülmə işlərinin müvafiq variantda yerinə yetirilməlidir. X.Qurbanov rəhbərlik etdiyi qərargahın fəaliyyəti barədə məlumat verərək “Mülki Müdafiə sahəsində Azərbaycan Respublikası müəssisə və təşkilatlarının şöbə və laboratoriya müdirlərinin vəzifələri” haqqında əsasnamənin tərtibi və struktur bölmə rəhbərlərinə təqdim olunması, bu barədə təlimlərin keçirilməsindən bəhs etdi. Bu istiqamətdə əməkdaşların maariflənməsi üçün təşkil olunan dərslərdə radiasiyadan, zəlzələdən qorunmanın vasitə və üsulları, yanğın və digər təbii fəlakətlər zamanı davranış qaydaları və s. mövzularda məlumatların tədris olunduğunu, institutda fərdi mühafizə vasitələrinin sərgisinin təşkil olunduğunu bildirdi.

Daha sonra İSİ-nin baş meneceri Ehtiram Kərimov çıxış edərək baş verə biləcək fövqəladə hadisələr zamanı institutda əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün yaradılmış şəraitdən söz açıb. O, institutda mövcud olan fərdi mühafizə vasitələrinin təyinatı, təsnifatı və yenilənməsi, mülki müdafiə sahəsində aparılan əməli tədbirlər, mövcud problemlər və onların həlli istiqamətində görüləcək işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda manqa komandirləri və institutun digər əməkdaşları tərəfindən mülki müdafiə sahəsində biliklərin artırılması, bu istiqamətdə müxtəlif təlimlərin və kursların keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, tövsiyələr səsləndirilib və müəyyən qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: