Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2022 17:45
  • A-
  • A
  • A+

MEK-də “Akademik qadınların kitab sərgisi”nin açılışı olub

MEK-də “Akademik qadınların kitab sərgisi”nin açılışı olub

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın alim qadınlarının, şəhid anaları və xanımlarının, eləcə də kitabxana oxucuları və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyev başda birinci xanım Mehriban Əliyeva olmaqla, vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərmiş xanımların, ümumilikdə cəmiyyətdə əvəzsiz rolu olan bütün Azərbaycan qadınlarının bayramını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

“Bu gün həm də kitabxanada həftə boyu davam edəcək “Akademik qadınların kitab sərgisi”nin açılışıdır. Sərgidə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva, görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, akademik Ədilə Namazova, akademik İzzət Orucova, akademik Nərgiz Axundova, akademik Nailə Vəlixanlı və digər alim qadınlarımızın məhsuldar elmi fəaliyyətlərini özündə cəmləşdirən nəşrlər təqdim olunur”, - deyə professor Məmməd Əliyev çıxışı zamanı bildirib.

AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva çıxışı zamanı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qadınların ölkənin hər sahəsində, o cümlədən Akademiyanın ictimai-mədəni həyatında fəal təmsil olunduqlarını diqqətə çatdırıb. Dahi liderin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdiyini vurğulayıb. Natiq, həmçinin qadın alimlərimizin elmin inkişafındakı rolundan və  elm sahəsinə verdikləri töhfələrdən də bəhs edib.

“Qadın ailənin, cəmiyyətin təməlidir. Qadınlar nə qədər xoşbəxt olsa, cəmiyyətimiz də bir o qədər xoşbəxt olar”, - bu fikirləri AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Nərgiz Axundova tədbirdəki çıxışı zamanı bildirib.

Tədbirdə digər çıxış edənlər - Xocalı sakini Dürdanə Ağayeva, şəhid Manaf Bəhmənlinin anası, şəhid Rauf Süleymanovun anası, həmçinin AMEA-nın əməkdaşı, Vətən müharibəsi ərzində döyüş bölgəsindəki hərbi qulluqçulara, şəhid və əsgər ailələrinə dəstək aksiyalarının fəal iştirakçısı Rəqsanə Əsgərova Azərbaycan xanımı olduqlarını fəxr hissi ilə səsləndiriblər.

Bədii hissədə Azərbaycan Dillər Universitetinin əməkdaşı Şahverən Babayev və MEK-in əməkdaşı Mətanət Muxtarovanın ifalarında “Ana” mahnısı dinlənilib.

Tədbirin sonunda fəaliyyəti ilə seçilən qonaqlara, eləcə də MEK-in qadın əməkdaşlarına təşəkkürnamələr və kitabxana adından simvolik hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: