Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2022 18:17
  • A-
  • A
  • A+

“Bu gün müasir elmi araşdırma metodlarının öyrənilməsində sanskrit dilinin tədqiqi ön plana keçir”

“Bu gün müasir elmi araşdırma metodlarının öyrənilməsində sanskrit dilinin tədqiqi ön plana keçir”

Azərbaycan Dillər Universitetində (ADU) Sanskrit dilinin tədrisinə başlanılmasına həsr olunan mətbuat konfransı keçirilib.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu deyib. Rektor bildirib ki, sanskrit dilinin tədrisi Azərbaycan filoloji və humanitar elmi üçün son dərəcə vacib bir məsələdir: “Azərbaycan filoloji elmi bir çox istiqamətlərdə uğurla fəaliyyət göstərir, müxtəlif universitetlərdə, elmi-tədqiqat institutlarında öyrənilir. Qeyd etmək lazımdır ki, bütün bu uğurların müqabilində həm humanitar, həm də filoloji elmin öyrənilməsi istiqamətində klassik dillərin araşdırılması baxımından müəyyən qədər boşluqlar var. Klassik dillərin öyrənilməsinin çox böyük əhəmiyyəti var. Bu, həm elmi, həm də praktik anlamda önəmlidir”.

Sanskrit dilinin öyrənilməsinin zəruriliyindən danışan rektor bir sıra məsələlərə aydınlıq gətirib: “Sanskrit dilinin öyrənilməsi təkcə bizim universitet üçün önəmli deyil, bu dilin tədrisi digər universitetlər üçün də əhəmiyyət daşıyır. Həmçinin dünya mədəniyyəti ilə tanışlıq, müasir elmi araşdırma metodlarının öyrənilməsi yönündə sanskrit dilinin tədqiqi ön plana keçir. Sanskrit dilini öyrənən tədqiqatçı həm öz ixtisasını daha dərindən mənimsəyəcək, həm də araşdırdığı elmi problemi daha tez başa düşmək üçün əlavə üstünlük qazanmış olacaq. Bir neçə il öncə Milli Elmlər Akademiyasında qədim dillərlə bağlı çox vacib işlərə imza atıldı və bu gün artıq əminliklə söyləmək olar ki, Azərbaycan Dillər Universiteti atılan addımların bariz nümunəsi kimi uğurla bu işi öz üzərinə götürüb. Bu istiqamətdə bizə həm tələbələr, həm müəllimlər, həm də bu dillə maraqlanan digər universitetlərin əməkdaşları yaxından kömək etmək imkanına sahibdirlər”.

Daha sonra Sanskrit dilinin tədrisi ilə məşğul olan macarıstanlı professor Anna Piko jurnalistlərin suallarını cavablandırıb. Qeyd olunub ki, sanskrit dili dünyanın ən qədim dillərindən biridir. Bu dilə hal-hazırda böyük maraq var. Dünyanın bir sıra ölkələrində - İngiltərədə, Almaniyada, Macarıstanda bu dilin tədrisi ilə bağlı mühüm addımlar atılmaqdadır.

Sanskrit dilinin tədris olunmasına tələbələrin xüsusi marağından danışan Anna Piko Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, kollektivinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Sanskrit dilinin gələcək fəaliyyət istiqamətlərindən danışan pedaqoq Azərbaycan filoloji elminin inkişafında məhz sanskrit dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Mətbuat konfransında ADU-nun tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova sanskrit dilinin tədrisi ilə bağlı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: