Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.03.2022 19:05
  • A-
  • A
  • A+

“Ədəbi proses – 2020-2021” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses – 2020-2021” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2020-2021” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, ədəbiyyatşünas alimlər, media nümayəndələri və başqaları iştirak ediblər.

Yığıncağı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq müşavirənin artıq ənənə halını aldığını bildirib. “Bu il doqquzuncu ədəbi proses müşavirəsini keçiririk. Gələn il yubiley yaradıcılıq müşavirəsidir. Təklif edirəm ki, gələn il bunu Yazıçılar Birliyində təşkil edək, çünki burada müzakirə edilən əsərlərin hamısı məhz yazıçılara aiddir”, - deyə akademik söyləyib.

O qeyd edib ki, ədəbi proses yaradıcılıq müşavirəsi ədəbiyyatşünaslıq elminin bütün sahələrini əhatə edir. Burada ədəbiyyat nəzəriyyəsi, şeir, nəsr, dramaturgiya, ədəbiyyat tarixçiliyi, ədəbi əlaqələr, ədəbi tənqid, bölgələrdə ədəbi həyat və başqa sahələr üzrə tədqiqatlar aparılır. İlk dəfə olaraq satira nəzəriyyəsi araşdırılır, oçerk, sonet kimi janrlara da yer verilir. Sonet ilk dəfədir ki, bu müşavirələrdə yer alıb və mövzunu Vaqif Yusifli işləyib. Beləliklə, bu yaradıcılıq müşavirəsi ədəbiyyatın bütün növləri və janrları, ədəbiyyatşünaslığın bütün istiqamətləri üzrə bilikləri əhatə edir. Dövlətçilik məsələləri də aparıcıdır, müharibə və zaman məsələlərinə də diqqət ayrılıb.

Bildirilib ki, hər il bu müşavirədə Yazıçılar Birliyinin nümayəndələri iştirak ediblər. “Ədəbiyyat qəzeti” bir neçə ildir ki, xüsusi buraxılış çap edir. Seçilmiş məruzələri hər il “525-ci qəzet” də çap edir. Bəzi məruzələr müşavirəyə qədər “Azərbaycan” jurnalında çap olunur. Bir dəfə “Ulduz” jurnalı “Ədəbiyyat qəzeti” ilə xüsusi buraxılış çap edib. Yazıçılar Birliyinin hazırladığı məruzələrdə ədəbi proses müşavirələrindən mənbə kimi yararlanırlar. Bu müşavirənin materialları həm də ədəbiyyat tarixçiliyi üçün mənbədir. Müşavirənin materiallarının indiyə qədər səkkiz cildi çıxıb, doqquzuncusu çapa hazırlanır. Sovet dövrü ilə müqayisədə məruzə sayı artıb, artıq otuz məruzə dinlənilir.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında ədəbi proses müşavirələrinin keçirilməsinin ədəbiyyatımızda fərqli düşüncəli müəlliflərin bir yerə cəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb: “Ədəbiyyat İnstitutunun alimlərinin ədəbi prosesə son illərdə fəal yanaşması təqdirəlayiq haldır. Sevinirəm ki, hətta ən gənc yazıçıların, şairlərin müharibə ilə bağlı fərqli rakurslardan yazdıqları əsərlərə reaksiya verirlər. Bu da gənclər üçün çox böyük stimul yaradır”.

Müşavirədə filologiya elmləri doktoru Elnarə Akimova “İlin ədəbi mənzərəsi”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, filologiya üzrə fəlsəfə doktorları Esmira Fuad “Poema”, Nərgiz Cabbarlı “Roman”, filologiya elmləri doktoru Cavanşir Yusifli “Hekayə”, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Cənubi Azərbaycan ədəbiyyatı” mövzularında məruzə ediblər. Həmçinin filologiya elmləri doktorları Tahirə Məmmədin “Ədəbiyyat nəzəriyyəsi”, Vaqif Yusiflinin “Sonet”, filologiya üzrə fəlsəfə doktorları Gülbəniz Babayevanın “Satira”, Elnarə Qaragözovanın “Ədəbi cərəyanlar müasir ədəbi prosesdə”, filologiya elmləri doktoru Salidə Şərifovanın “Ədəbiyyat tarixçiliyi”, filologiya üzrə fəlsəfə doktorları Gülnar Qənbərlinin “Uşaq ədəbiyyatı: şeir”, Maral Yaqubovanın “Bədii nəsr nəzəriyyə işığında”, Mehman Həsənlinin “Esse”, elmi işçi Gülnar Qasımlının “Bölgələrdə ədəbi həyat” mövzularında məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: