Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiyanın beynəlxalq elmi jurnalının növbəti nömrəsi akademik Rəfiqə Əliyevaya həsr olunub
05.03.2022 10:32
  • A-
  • A
  • A+

Rusiyanın beynəlxalq elmi jurnalının növbəti nömrəsi akademik Rəfiqə Əliyevaya həsr olunub

Rusiya Federasiyasının “Gənc alim” beynəlxalq elmi jurnalının 2022-ci il üçün fevral nömrəsi kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Rəfiqə Əliyevaya həsr olunub.

Bildirilib ki, jurnalda professor Rəfiqə Əliyevanın həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Məlumatda qeyd olunub ki, akademik Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilib və onların fotometrik reagent kimi tətbiq edilməsi təklif olunub. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlıq hesablanıb və alınan nəticəyə əsasən, bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılıb. Rəfiqə Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparıb. O, ilk dəfə olaraq qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Rəfiqə Əliyeva təcrübi faktların analizinə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə edilən üçüncü komponent metala koordinasiya edəndə kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur.

Görkəmli alim Rəfiqə Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanıb.

Akademik Rəfiqə Əliyeva Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar elm xadimi adı, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Yusif Məmmədəliyev adına mükafat alıb. O, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı və Heydər Əliyev adına mükafatına layiq görülüb. Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri və Analitik kimya ixtisası üzrə Azərbaycanda ilk qadın akademik olub.

“Gənc alim” beynəlxalq elmi jurnalı 2008-ci ildən Rusiyanın Kazan şəhərində nəşr olunur. Gənc alim və tədqiqatçıların elmi işlərinin nəticələri məqalələr şəklində bu jurnalda ayda iki dəfə dərc edilir. Beynəlxalq elmi jurnal elibrary.ru portalında yerləşdirilib. Jurnal “Ulrich's Periodicals Directory” beynəlxalq dövri nəşrlər kataloquna daxildir və bütün jurnal məqalələri “Google Scholar” sistemi (“Google Academy”) tərəfindən indekslənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: