Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 15:02
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda qurumun Həmkarlar Təşkilatı və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev qadın əməkdaşları əlamətdar gün münasibətilə təbrik edib, onlara cansağlığı və xoşbəxtlik, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

İ.Mustafayev çıxışında Məhsəti Gəncəvi, Sara Xatun, Xurşidbanu Natəvan, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva və digər ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə tanınmış Azərbaycan qadınının daim öz müdrikliyi, işgüzarlığı və saflığı, zərifliyi və sədaqəti, mərdliyi, mədəni səviyyəsinin və intellektual potensialının yüksəkliyi ilə keçmişimizə parlaq səhifələr yazdığını qeyd edib: “Xüsusilə ən yaxın dövrdə özünün mütərəqqi fəaliyyəti və qayğıkeş münasibəti ilə xalqımızın qəlbində yer qazanmış, həmçinin milli-mənəvi dəyərlərimiz və mədəni-tarixi irsimizin qorunub saxlanılmasında, onun təbliğində mühüm xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şübhəsiz ki, bu gün Azərbaycan qadınının simasına çevrilib”.

Tədbirdə daha sonra fizika üzrə fəlsəfə doktoru Günel İmanova və institutun magistri Kimyaxanım Baxışova “2021-ci ildə aktiv elmi və ictimai fəaliyyətinə görə” Həmkarlar Təşkilatı və Qadınlar Şurası tərəfindən diplomla təltif olunublar.

Sonda institutun Həmkarlar Təşkilatı tərəfindən qadın əməkdaşlara bayram münasibətilə xatirə hədiyyələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: