AMEA-nın Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev 4-9 mart tarixlərində Türkiyənin Bartın Universitetində elmi ezamiyyətdə olub.
O, səfər çərçivəsində universitetin Fən fakültəsinin dekanı, prof., Dr. Bülent Karakaş ilə görüşüb, müəssisələr arasında nəzərdə tutulan perspektiv işlərini müzakirə ediblər.
Ə.Sucayev Fən fakültəsinin Biotexnologiya, Bioüzvi kimya, Molekulyar biologiya və genetika bölümlərinə aid olan elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, orada tətbiq olunan yeni sintez və analiz üsulları, elmi tədqiqatlar haqqında geniş məlumat alıb.
Səfər zamanı Bartın Universiteti ilə Aşqar Kimyası İnstitutu arasında əməkdaşlıq memorandumu və “Erasmus” proqramı ilə bağlı qurumlararası müqavilə imzalanıb.
Ə.Sucayev Fən fakültəsinin təşkil etdiyi “Elm söhbətləri”ndə “Fizioloji fəal üzvi birləşmələrin sintezində və tədqiqində yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, ezamiyyət Elmin İnkişaf Fondunun “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” qrant layihəsi çərçivəsində həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.