Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 16:43
  • A-
  • A
  • A+

Bütün bəşəriyyət xanımlara borcludur

Bütün bəşəriyyət xanımlara borcludur

Martın 5-də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev əvvəlcə müəssisənin bütün xanım əməkdaşlarını təbrik edib, onlara şəxsi həyat və elmi yaradıcılıqlarında müvəffəqiyyət arzulayıb. Akademik qeyd edib ki, bütün bəşəriyyət xanımlara borcludur. Belə ki, Azərbaycan xanımı həm ailəsinin qayğısını çəkir, həm xalqımızın gələcəyi olan övladlar yetişdirir, həmçinin cəmiyyətin bütün sahələrində olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlər əldə etməyi bacarır: “M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda çalışan əməkdaşların 75 faizi qadınlardır. Onlar həm rəhbər vəzifələrdə, həm də sıravi elmi işçilər kimi təmsil olunurlar. Son hesabatda biz növbəti dəfə onların yüksək elmi potensialına şahid olduq. Lakin biz arzu edərdik ki, əməkdaşlarımız elmi fəallıqlarını daha da artırsınlar və elm sahəsində daha böyük nailiyyətlər əldə etsinlər, böyük elmi uğurlara imza atsınlar. Əlavə edim ki, gənc alimlərin fəal olması təqdirəlayiq haldır. Onlar həm ölkə daxilində, həm də xarici dövlətlərdə keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq elmi konfrans və seminarlarda fəal iştirak edirlər. Son dövrlərdə əməkdaşlarımızın sırasına daxil olan magistrant və doktorantların hesabına kollektiv gəncləşməkdə davam edir. İnstitutumuzda çalışan gənc alimlərə lazımi dəstəyi göstərir və göstərməyə davam edəcəyik.

Akademik Dilqəm Tağıyev çıxışının sonunda institutun rəhbərliyi, Həmkarlar Təşkilatı, Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə müəssisənin 12 əməkdaşına şəxsi işlərinə yazılmaq şərtilə təşəkkür elan edildiyini diqqətə çatdırıb.

Sonra institutun Həmkarlar Təşkilatının sədri Arif Əfəndi bütün qadınları təbrik edib, çətin pandemiya dövrü və sərt karantin rejimindən sonra xanımlara möhkəm cansağlığı arzulayıb.

Həmkarlar Təşkilatının büro üzvü Elza Salahova isə elm tariximizdə iz qoymuş ziyalı alim xanımlardan söz açıb, akademiklər Zərifə Əliyeva, İzzət Orucova və professor Aidə İmanquluyevanın adlarını çəkib: “Bu gün də elmdə qadınların xüsusi çəkisi çoxdur. İnstitutumuzda gənc alim xanımlar üçün bütün şərait yaradılır ki, onlar da gələcəyin korifey alimlərinə çevrilə bilsinlər”.

İnstitutun Qadınlar Şurasının sədri Esmira Quluzadə isə sədrlik etdiyi şura və bütün qadınlar adından akademik Dilqəm Tağıyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib və son dövrlərdə müəssisədə baş verən müsbət dəyişikliklərin, kollektivin gəncləşməsinin məhz onun sayəsində baş verdiyini vurğulayıb.

Sonda təşəkkür elan edilmiş əməkdaşlar çıxış edərək institutun rəhbərliyinə, xüsusilə də akademik Dilqəm Tağıyevə yaratdığı şərait və verdiyi dəyər üçün minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Həmkarlar Təşkilatı tərəfindən xanım əməkdaşlara hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: