Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.03.2022 17:08
  • A-
  • A
  • A+

“Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb

“Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun və Dünya Türkologiya Mərkəzinin birgə təşəbbüsü ilə AMEA-nın Əsas binasında “Türk xalqlarının mərasim sistemində Novruzun yeri” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Əvvəlcə foyedə Novruz mövzusuna həsr olunmuş sərgiyə baxış keçirilib.

Konfransın açılış mərasimində Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva konfransın keçirilməsinin əhəmiyyətinə toxunub, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tarix boyu türk xalqlarını bir çox dəyərlərin birləşdirdiyini deyən akademik G.Baxşəliyeva bu dəyərlər arasında Novruz bayramının xüsusi yerə malik olduğunu vurğulayıb. O, ulu əcdadlarımızdan miras qalan bu ənənəni bütün türk xalqlarının, o cümlədən Azərbaycanın böyük təntənə ilə qeyd etdiyini, əsrlər boyu yaşatdığını diqqətə çatdırıb.

Alim 30 il ərzində Azərbaycanın qazandığı böyük nailiyyətlərdən bəhs edib, son iki il ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumuzun qüdrəti sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edildiyini bildirib.

Akademik G.Baxşəliyeva böyük ənənələrə malik Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, konfransın işinə uğurlar arzu edib.

Daha sonra çıxış edən AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov mövsüm mərasimlərinin insan həyatının ayrılmaz hissəsi olduğunu bildirib, Novruz bayramının hər il qeyd olunmasının vacibliyinə toxunub.

Baş direktor bu gün dünya ölkələrinin bir-birini tanımağa, mənəvi dəyərlərində ortaq nöqtələr tapmağa, bu dəyərlərə hörmətlə yanaşmağa çalışdıqlarını qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi gərgin fəaliyyətinin nəticəsi olaraq mədəni irsin qorunması, 2003-cü ildən isə muğamlarımızın, daha sonra xalçalarımızın, aşıq sənətinin, tarın, çövkən milli oyunumuzun, kəlağayımızın, dolmanın, Novruz bayramının və digərlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi bu istiqamətdə atılan ən uğurlu addımlardandır.

“2013-cü ilin iyun ayının 19-da Parisdə Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Tovuz rayonundan tapılan, XII-XIII əsrlərə aid edilən daş qoç və at fiqurları UNESCO-ya təqdim olunub. Qədim türk tarixini özündə əks etdirən bu fiqurlar baş qərargahın həyətinə qoyularaq nümayiş olunmaqdadır”, - deyə A.Seyidov bildirib. Əlavə edib ki, Qız Qalası, İçərişəhər, Şirvanşahlar Sarayı və Qobustan Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.

2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində Əbu - Dabidə Novruz bayramının UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini deyən A.Seyidov bildirib ki, 2010-cu ildə BMT Baş İdarəsi 3000 ildən bəri qeyd olunan bu günü Dünya Novruz bayramı elan edib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının 64-cü sessiyasının 2011-ci il fevralın 24-də qəbul etdiyi qərara uyğun olaraq 21 mart  - Beynəlxalq Novruz Günü kimi təsdiqlənib. Azərbaycanın təşəbbüsü ilə hazırlanan qətnamə layihəsinə Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Tacikistan, Türkiyə, Albaniya, Hindistan, İran, Türkmənistan və Makedoniya da qoşulub.

Tədbirdə, həmçinin Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov, Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanaliyev, Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı Təmsilçisi Mustafa Kamal Beyazbayram və Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxış edərək Novruz bayramının dövlətlər səviyyəsində qeyd edilməsinin milli köklərə, adət-ənənələrə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizin, sarsılmaz tellərlə bağlı olduğumuzu göstəricisi olduğunu qeyd ediblər.

Tədbir çərçivəsində Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Novruz adətlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda sərgidə təqdim olunan əsərlərə görə Bakı Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinə Fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, iki gün davam edəcək konfrans işini plenar məruzələrlə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: