Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.03.2022 17:23
  • A-
  • A
  • A+

Fizika İnstitutunun əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun mükafatına layiq görülüb

Fizika İnstitutunun əməkdaşı Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun mükafatına layiq görülüb

AMEA-nın Fizika İnstitutunun əməkdaşı Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun “2021-ci il üçün ən yaxşı elmi, elmi-metodiki və elmi-texniki tətbiqli əsərlərə görə mükafatı”na layiq görülüb.

Bunu Fizika İnstitutunun Elmi şurasının martın 10-da keçirilən iclasında AMEA-nın birinci vitse-prezidenti v.i.e., institutun baş direktoru, akademik Arif Həşimov bildirib.

Akademikin sözlərinə görə, Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Elmi şurasının qərarı ilə Fizika İnstitutunun əməkdaşı Faiq Əhmədov “Böyük Adron Kollayderində ATLAS qurğusunda Hiqqs bozonun b və anti-b kvark cütünə parçalanmasında xassələrinin tədqiqi və yeni fizikanın axtarışı” adlı elmi araşdırmasına görə “2021-ci il üçün ən yaxşı elmi, elmi-metodiki və elmi-texniki tətbiqli əsərlərə görə mükafatı”na layiq görülüb. Baş direktor vurğulayıb ki, F.Əhmədovun adıçəkilən elmi araşdırması, eyni zamanda BNTİ-nin 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatında yer alıb.

Akademik Arif Həşimov Fizika İnstitutunun Elmi şurasının adından Faiq Əhmədovu mühüm nailiyyəti münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

İclasın gündəliyinə əsasən, müəssisənin Elmi şurası bir sıra elmi-təşkilati və kadr məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edib.

Sonra Fizika İnstitutunun elmi şöbə və laboratoriyalarının qarşısında duran müxtəlif səpkili cari məsələlərin həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: