Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.03.2022 14:24
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunda professor Zümrüd Quluzadənin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Fəlsəfə və Sosiologiya İnstitutunda professor Zümrüd Quluzadənin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda əməkdar elm xadimi, görkəmli filosof, professor Zümrüd Quluzadənin 90 illiyinə həsr olunmuş “Azərbaycan fəlsəfəsində yadda qalan simalar və yanaşmalar” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş nitqi ilə çıxış edib. Professor öz çıxışında Zümrüd Quluzadənin elmi fəaliyyətinə, geniş yaradıcılığına toxunub və onunla bağlı xatirələrini bölüşüb: “Zümrüd xanım Quluzadə 60 ildən artıq bizim institutda çalışıb, bura çox bağlı idi, özünü bir an da olsa institutudan kənarda görmürdü. Biz Zümrüd xanımla istər görüşümüz zamanı, istərsə də telefonla danışarkən süni intellekt, Lütfi Zadənin məntiqi, fəlsəfə tarixində hansı işlərin görülməsi barədə davamlı və maraqlı fikir mübadiləsi aparardıq. Professor Zümrüd Quluzadə öz yazılarında Nəsimi, Nizami fəlsəfəsi, təsəvvüf, panteizm, hürufilik haqqında mülahizələri, milli ideologiyanın əlaqələri, fəlsəfə tarixinin vətənpərvərlik yolunda rolu kimi bir çox mövzulara toxunub”.

İlham Məmmədzadə Zümrüd Quluzadənin Azərbaycan fəlsəfəsini tənqid etməyə cəhd edənlərə qarşı sərt mövqedə dayandığını və əsaslı faktlarla onları susdurduğunu deyib: “Fəlsəfəmizi, fəlsəfə tariximizi, keçmişimizi tənqid etməyə cəsarət edənlərə qarşı onun reaksiyasının cəldliyinə də heyran olurdum. O, Rusiyada nəşr olunan 4 cildlik “Yeni Fəlsəfə Ensiklopediyası”nın müəlliflərinə yazdığı məktubunda Azərbaycan fəlsəfəsinin orada yetərincə əks olunmamasından narazılığını bildirmişdi”.

Konfransda akademik Gövhər Baxşəliyeva, f.e.d., professor Əli Abasov “Zümrüd Quluzadənin yaradıcılığı”, f.e.d., professor Rəfiqə Əzimova “Fəlsəfi dünyanı düşünən və düşündürən filosof şəxsiyyət”, f.e.d., professor Rəbiyyət Aslanova “Fəlsəfi fikir tariximizin Zümrüd Quluzadə zirvəsi”, f.e.d., professor Rəna Mirzəzadə “Müasir Azərbaycan fəlsəfəşünaslıq və ictimai elmində Zümrüd Quluzadə fenomeni”, f.ü.f.d., dosent Faiq Ələkbərli “Zümrüd Quluzadənin Azərbaycan xalqının fəlsəfi fikir tarixində yeri”, elmi işçi Zaur Rəşidov “Zümrüd Quluzadənin tədqiqatlarına tənqidi baxış”, f.ü.f.d. Rəşad Əsgərov “Fəlsəfə və ictimai fikir tariximizdə Zümrüd xanım Quluzadənin yeri və rolu”, f.ü.f.d., Hüseyn İbrahimov, elmi işçi Xanımağa İsmayılova, institutun icraçı direktoru t.e.d. Eynulla Mədətli, Qabil Camalov və digər çıxışçılar Zümrüd Quluzadənin elmi fəaliyyətindən, Azərbaycan fəlsəfə tarixinə verdiyi töhfələrdən, yetişdirdiyi alimlərdən söhbət açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: