Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Polimer Materialları İnstitutunun əməkdaşlarının yeni kitabı nəşr olunub
14.03.2022 16:12
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşlarının yeni kitabı nəşr olunub

Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Makromonomer əsaslı polimer materialları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Aynurə Məmmədova və Biomimetik polimer materialları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayevanın “Doymamış epoksid birləşmələri, onların əsasında alınan polimer və birgəpolimerlər” adlı kitabı nəşr olunub.

Kitabda ədəbiyyatda məlum olmayan allil-, propargil- və allilpropargil qrupları saxlayan üçlü spirtlərin alınmasının yeni səmərəli üsulları və onların əsasında epoksid birləşmələrinin sintez metodları, sintez olunmuş birləşmələrin quruluşları müasir fiziki-kimyəvi analiz üsulları ilə təyin edilib. Allilpropargil birləşmələrinin asetilasetonatdikarbonilrodium və Spayer katalizatorlarının iştirakı ilə hidrosililləşməsi reaksiyalarının tədqiqindən alınan nəticələr araşdırılıb və göstərilib ki, hidrosililləşmə reaksiyaları allil sırası qlisidil efirlərində ikiqat rabitədən, propargil sırası birləşmələrdə isə üçqat rabitədən gedir və trans-izomerlərin alınması ilə nəticələnir.

Həmçinin tərkibində allil-, propargil- və allilpropargil qrupları saxlayan halogenidlər əsasında müvafiq doymamış spirtlərin, xlorhidrinlərin, qlisidil efirlərinin, dietilaminospirtlərin, tiiranların, silisiumlu üzvi birləşmələrin alınmasının səmərəli üsulları nəzərdən keçirilib, bu birləşmələr əsasında polimerlərin və kompozit materiallarının alınmasına, onların tətbiq sahələrinin müəyyənləşdirilməsinə həsr olunan tədqiqat işlərinin nəticələri təhlil edilərək ümumiləşdirilib.

Kitab kimya sahəsi üzrə təhsil alan tələbələr, doktorantlar və elmi işçilər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: