Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimlərinin insan ağciyər xərçənginin diaqnostikası üzrə işi Çin alimləri tərəfindən təsdiqlənib
16.03.2022 14:56
  • A-
  • A
  • A+

Azərbaycan alimlərinin insan ağciyər xərçənginin diaqnostikası üzrə işi Çin alimləri tərəfindən təsdiqlənib

Azərbaycan Resbulikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və AMEA-nın Biofizika İnstitutunun birgə tədqiqatları nəticəsində insan ağciyər xərçənginin klassifikasiyası üzrə süni intellekt yaradılıb və nəticələr “Artificial intelligence to classify human lung carcinoma using blood plasma FTIR spectra” başlıqlı məqalədə öz əksini tapıb (Applied Computational Mathematics. (2021, V.20, N.2, , pp.277-289, O.K. Gasymov, A.H. Aydemirova, L.A. Melikova, J.A. Aliyev).

Sözügedən məqalə 2021-ci ildə çapdan çıxsa da, mühüm nəticələr Biofizika İnstitutunun 2019-cu ildəki hesabatında göstərilib. Tədqiqat işində 47 sağlam və 50 ağciyər karsinoması xəstələrinin qan nümunələri tədqiq olunub. Sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının furye çevirici infraqırmızı spektrləri multivariat statistika metodu ilə klassifikasiya edilib, sağlam-xərçəng modeli yaradılıb və bu model əsasında yaradılan süni intellekt vasitəsilə anonim qan nümunələrinin testləri aparılıb diaqnostik proqnozlar verilib. Yaradılan model sağlam nümunələri 80% dəqiqliklə, xərçəng nümunələrini isə 90% dəqiqliklə müəyyən etməyə imkan verir.

Yuxarıda göstərilən məqalə çapdan çıxdıqdan sonra Çin alimlərinin “Diagnosis of Lung Cancer by ATR-FTIR Spectroscopy and Chemometrics” başlıqlı məqaləsi 30 sentyabr 2021-ci ildə “Frontiers in Oncology” jurnalında çap edilib. Çin alimləri eyni ilə Milli Onkologiya Mərkəzinin və Biofizika İnstitutunun tətbiq etdiyi metoddan istifadə edərək uyğun nəticələr alıblar və ağciyər xərçənginin diaqnostikasının dəqiqliyi 87.1% göstərilib. Bu tədqiqatlar bir daha göstərir ki, Milli Onkologiya Mərkəzinin və Biofizika İnstitutunun ağciyər xərçənginin diaqnostikası üzrə yaratdığı süni intellekt çox effektiv skrininq metodu ola bilər.

Qeyd edək ki, məqalənin işıq üzü gördüyü “Applied Computational Mathematics” jurnalının təsisçiləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutudur. İmpakt faktoru 3.898 olan jurnalın baş redaktorları – Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov və Ukrayna Milli Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: