Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

18.03.2022 10:49
  • A-
  • A
  • A+

Rusiyanın nüfuzlu beynəlxalq jurnalında azərbaycanlı alim haqqında məqalə nəşr olunub

Rusiyanın nüfuzlu beynəlxalq jurnalında azərbaycanlı alim haqqında məqalə nəşr olunub

Bu günlərdə Rusiya Elmlər Akademiyasının (REA) nüfuzlu beynəlxalq nəşri olan Physics-Uspekhi” jurnalında tanınmış azərbaycanlı alim, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi münasibətilə məqalə dərc olunub.

Məqalədə vurğulanır ki, professor İman Əsgərzadə ifratkeçiricilərin nəzəriyyəsi və ifratkeçiricilik elektronikası sahəsinin inkişafında görkəmli хidmətləri olan və bu elmi istiqaməti tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. Alimin bu günədək çap olunmuş 220 elmi əsəri 132 nüfuzlu xarici jurnalda işıq üzü görüb. Bundan başqa, professor İ.Əsgərzadə 1 dərsliyin və “Springer-Verlag” nəşrtiyyatında çap edilən 2 monoqrafiyanın müəllifidir. Elmi əsərlərinə olan istinadların sayı – 1500, h-indeksi 15-dir. Yubilyarın rəhbərliyi ilə 1 elmlər, 5 fəlsəfə doktoru və 15 magistr dissertasiyası müdafiə olunub.

Onun əsərləri laylı və çoxzonalı  ifratkeçiricilərin  Ginzburg-Landau və  Eliashberg nəzəriyyələri əsasında öyrənilməsini özündə ehtiva edir. Alimin, həmçinin kvant kompüterlərin əsas elementi olan ifratkeçirici kvant bitlər və qeyri-səlis məntiqin tətbiqi mövzusunda da mühüm хidmətləri var.

Professor İman Əsgərzadə ilk dəfə Ginzburg-Landau nəzəriyyəsini iki zonalı hal üçün ayrıntılı bir şəkildə tədqiq edib. O, ifratkeçirilər elektronikası sahəsində Jozefson elementli çeviricilər-stroboskopların nəzəri əsasları istiqamətinin yaradıcı­la­rın­dan biridir.

Məqalədə göstərildiyi kimi, son illərdə İ.Əsgərzadə qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi mövzusunda tədqiqatlar həyata keçirib. Çoxdəyişkənli qeyri-səlis funksiyaların maksimumunun tapılması üçün Lagrange metodunu ümumiləşdirib. Qeyri-səlis məntiq nəzəriyyəsini bir sıra mühəndislik problemlərinə tətbiq edən alim mühüm nəticələr əldə edib.

Çoxsaylı beynəlxalq qrant layihələrin qalibi olan professor İ.Əsgərzadə dünyanın aparıcı elmi-tədqiqat və təhsil müəssisələrində uzunmüddətli ezamiyyətlərdə olub.

Alim, həmçinin “Physica C: Superconductivity and its Applications” (“Elsevier” nəşriyyatı), “Journal of  Nanomaterials”, "Advances in Condensed Matter Physics” (“Hindawi” nəşriyyatı), “Turkish Journal Electrical Engineering and Computer Sciences” (TUBİTAK nəşriyyatı) və “Modern Physics Letters B” (“WorldScientific” nəşrtiyyatı) kimi nüfuzlu beynəlxalq jurnalların redaktorudur.

Sözügedən məqalənin tam mətnini buradan oxuya bilərsiniz.

Qeyd edək ki, REA-nın nüfuzlu mətbu orqanı olan Physics-Uspekhi” jurnalı 1918-ci ildə təsis edilib. Jurnal 1958-ci ildə Amerikanın Fizika İnstitutu tərəfindən Soviet Physics-Uspekhi” adı ilə ingilis dilində dərc olunub. 1994-1995-ci illərdə Physics-Uspekhi” Londonda işıq üzü görüb. Bu gün nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnalın impakt faktoru 3.361-ə (Q2) bərabərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: