Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2022 11:52
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Ədəbiyyat İnstitutunda Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş “Tarixi roman janrı: ədəbi ənənə və müasirlik” mövzusunda hibrid formatda elmi sessiya keçirilib.

Öncə tədbirin mövzusuna uyğun sərgiyə baxış olub. Tədbirdə böyük yazıçının fəaliyyətindən bəhs edən slayd nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bugünki elmi sessiya Məmməd Səid Ordubadinin 150 illik yubileyinə həsr olunub. Məmməd Səid Ordubadinin həm ictimai-siyasi xadim kimi, həm də mütəfəkkir kimi gördüyü işlər haqqında çıxış edən akademik Ədəbiyyat İnstitutunda onun yaradıcılıq yolunun daim diqqətdə saxlanıldığını vurğulayıb. Bildirib ki, “bu sessiyada Məmməd Səid Ordubadinin Xatirə muzeyinin rəhbəri və əməkdaşları da iştirak edir. Mənim fikrimcə, Ordubadi Azərbaycan ədəbiyyatının Lev Tolustoyudur. O, ədəbiyyatımızda ilk tarixi romanın müəllifidir. Onun əsərlərinin səkkiz cildliyi çap olunub, lakin arxivlərdə olanları da çap etsək, on cildliyi yaranar. Onun “Qanlı sənələr” əsərini biz tapmışıq. İlk dəfə 1911-ci ildə çap olunan bu kitab qadağan olunmuşdu. Arxiv açılandan sonra tapdıq və xarici dillərə tərcümə olundu. “Bu şəhərdə” adlı xatirə əsəri isə çap olunmayıb.

Yazıçının 150 illiyinin qeyd olunması bizim Ordubadiyə yenidən qayıtmağa, ona müstəqillik gözü ilə yenidən baxaraq elmi cəhətdən dərk etməyə bir meydan açır. Yazıçının altı mindən çox əsəri vardır. Ulu öndər Heydər Əliyev də Məmməd Səid Ordubadinin yaradıcılığına böyük qiymət verib. Yeni nəsil onu yenidən araşdırmalıdır. Bu sessiyada institutumuzun magistrlərinin və təcrübədə olan tələbələrin iştirakı da buna xidmət edir”.

Sonra Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vaqif Yusifli “Roman janrının inkişafında Məmməd Səid Ordubadi mərhələsi” adlı məruzəsində yazıçı haqqında hərtərəfli məlumat verib. Əlavə edib ki, “O, Azərbaycanda roman janrının ilkin nümunələrini (“İki çocuğun Avropaya səyahəti” və “Bədbəxt milyonçu”)  yaradıb, sonralar ədəbiyyatımızda ilk tarixi romanın təməlini qoyub və bu təməl üzərində böyük binanın əsası hörülüb. Ədəbiyyatımızda Cənubi Azərbaycan həyatını, orada yaşayan yurddaşlarımızın həyat tərzini və inqilabi mübarizəsini qələmə alan ilk yazıçılardan biri olub. Ordubadi milli mətbuatımızın inkişafında da mühüm rol oynayıb və xüsusən, keçən əsrin iyirminci illərində bu sahədə qızğın fəaliyyət göstərib bir neçə qəzetin baş redaktoru olub. “Qanlı sənələr” publisistik əsəri ilə ermənilərin keçən əsrin əvvəllərində Azərbaycan türklərinin başına gətirdikləri faciələri ürək yanğısı ilə təsvir edən ilk yazıçıdır. O, həm də 30-a yaxın irili-xırdalı dram əsərinin (“Əndəlisin son günləri”, “Teymurləng və İldırım Bəyazid”, “Dumanlı Təbriz” və s.) həmçinin bir sıra opera librettolarının müəllifidir”.

Məmməd Səid Ordubadinin Xatirə muzeyinin direktoru Lalə Abaszadə tədbirin təşkili üçün Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirərək “Məmməd Səid Ordubadinin dramaturgiyası” mövzusunda məruzə edib.

Sessiyada filologiya üzrə fəlsəfə doktorları Elnarə Qaragözova “Tarixi və bədii həqiqət (“Qılınc və qələm” romanı əsasında)” və Elmira Babayeva “Məmməd Səid Ordubadi ədəbi tənqiddə” mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi sessiyada Səid Ordubadinin Xatirə muzeyinin elmi işçisi İradə Quliyeva çıxış edərək muzey haqqında məlumat verib. Muzeyin 1979-cu ildən fəaliyyət göstərdiyini və orada 1984-cü ildən çalışdığını diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: